16 Fevral 2018 14:08
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ABŞ-ın xüsusi xidmət orqanlarının Dünya üzrə təhdidlərin qiymətləndirilməsi hesabatında Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar əks olunmuş məsələlərə münasibət bildirib.

H.Hacıyev Teleqraf.com-a bildirib ki, Ermənistanın güc tətbiq edərək Azərbaycan ərazilərinin işğalını davam etdirməsi regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olaraq qalmaqda davam edir.

O qeyd edib ki, Ermənistanın Azərbaycan ərazilərini hərbi işğal altında saxlaması, işğal olunmuş ərazilərdə qeyri-qanuni əməllərini davam etdirməsi və ərazilərin ilhaq edilməsinə (anneksiya) cəhd göstərməsi şəraitində sülhdən danışması açıq riyakarlıq, məsuliyyətsizlik və qeyri-ciddi yanaşmadır:

"ATƏT Minsk qrupunun həmsədr ölkələri dövlət başçıları səviyyəsində dəfələrlə bildiriblər ki, mövcud status-kvo qəbuledilməzdir və qeyri-dayanıqlıdır. İşğala əsaslanan status-kvonun dəyişdirilməsi üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində tələb olunduğu kimi, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması təmin olunmalı və nəticə etibarilə, münaqişənin siyasi həlli üçün hərbi risk amili aradan qaldırılmalıdır".


Müəllif: Teleqraf.com