18 Fevral 2018 11:06
1 229
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevral ayında Rusiyanın Krımı işğal etməsindən 4 il keçir. Rusiya Krımı işğal etməsini 3 “faktorla” izah etmişdi.

Teleqraf.com xəbər verir ki, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin sözügedən hadisələrin 4 illiyi münasibətilə hazırladığı xüsusi yazıda əksini tapıb.

Qeyd olunur ki, birincisi, Rusiya hakimiyyəti Ukrayna Prezidenti Viktor Yanukoviçin hakimiyyətdən qanunsuz uzaqlaşdırıldığını və əksinə yeni qurulan hakimiyyətin qeyri-qanuni olduğunu iddia edirdi.

İkincisi, Kreml Ukraynanın yeni qurulan hakimiyyətinin millətçilərdən formalaşdığını iddia edərək Krımda guya etnik təmizləmə həyata keçirəcəyini proqnozlaşdırırdı.

Üçüncüsü, guya Krım işğal olunmasaydı NATO yarımadada hərbi baza yaradacaq və bu, Rusiyanın təhlükəsizliyinə ciddi təhdid olacaqdı:

“Kreml bu 3 bəhanəni əlində rəhbər tutaraq Krımı işğal etdi və mart ayında orada qeyri-qanuni referendum keçirərək yarımadanı Rusiyaya birləşdirdi. Halbuki, Rusiya Krımı işğal etmədən də Ukrayna hakimiyyətindən ada sakinlərinin təhlükəsizliyinin və yarımadada NATO-nun hərbi bazasının yaradılmamasının təminatını ala bilərdi. Kreml bunun əvəzinə radikal yol seçdi və qardaş ölkəni özünə düşmən etdi. Ukraynada bundan sonra da hakimiyyətə kim gəlirsə-gəlsin, Krımın işğalı ilə barışmayacaq. Krımın işğalı iki ölkə arasındakı münasibətlərin normallaşmasına imkan verməyəcək”.

Bildirilir ki, Krımın itirilməsində Ukraynanın keçmiş hakimiyyətlərinin də səhvləri olub:

“Krımda yaşayan tatarların sayı çox olsaydı, Rusiya yarımadanı asanlıqla işğal edə bilməzdi. Ancaq Ukraynada bir-bir dəyişən hakimiyyətlər Krıma daha çox tatarın köçməsinə dəstək vermədilər. Tatarlar Krıma köçdükdən sonra da sənədləşmə məsələlərində problemlər yaşayırdılar. Ukraynadakı hakimiyyətlər elə bilirdilər ki, Krımda tatarların sayı çox olsa, separatizm arta bilər. Ancaq bunun tam əksi baş verdi.

Krım Ukraynaya məxsusdur və dünya dövlətləri də Krımı məhz Ukrayna ərazisi kimi tanıyır. Rusiya hakimiyyəti çox çalışdı ki, 4 ildə dünya ölkələrinə Krımı Rusiya ərazisi kimi tanıtdırsın. Ancaq bu alınmadı. Tam əksinə Krımın işğalına görə Avropa İttifaqı ölkələri və ABŞ Rusiyaya sanksiyalar tətbiq etdilər və bu sanksiyalar Rusiya iqtisadiyyatına mənfi təsir etdi.

Krım beynəlxalq aləm üçün qırmızı xətdir və Rusiya bu xətti keçdi. Krımın işğalı beynəlxalq düzənə zərbə vurdu. Beynəlxalq aləm bu hadisəyə seyrçi qala bilməzdi. Rusiya Ukraynada hakimiyyətin dəyişməsi zamanı daxili qarşıdurmalardan istifadə edərək qardaş adlandırdığı dövlətə iki böyük problem yaratdı: Krım və Donbası işğal etdi, qonşu dövlətin ərazi bütövlüyü prinsipi pozuldu. Rusiya bundan bir neçə il əvvəl eyni ssenarini Gürcüstanda həyata keçirmiş, Abxaziya və Cənubi Osetiyanı işğal etmişdi”.

Yazıda daha sonra “Krımda hazırda vəziyyət necədir” sualına cavab axtarılır. Qeyd olunur ki, Krımda mövcud siyasi sistemi tənqid edən etnik ukraynalıların və tatarların təqibləri davam edir, yarımadada mütəmadi həbslər həyata keçirilir:

“Bu haqda BMT qətnamələri də var. Qətnamələrdə Rusiya Krımdakı təqiblərə son qoymağa çağırılır. Rusiya Krımı Qara dənizdəki əsas hərbi bazasına çevirir və bununla yarımada hərbiləşdirilir.

Azərbaycan Rusiya ilə normal qonşuluq münasibətlərinə baxmayaraq, Krımı Ukrayna ərazisi sayır. Azərbaycan vətəndaşları Krıma Rusiya ərazisindən keçərək getmirlər. Azərbaycanda Krımın Rusiya ərazisi kimi təqdim olunması da qadağandır”.


Müəllif: Sәxavәt Hәmid