19 Fevral 2018 13:50
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:09

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 19-da Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi elçisi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının uğurla inkişaf etdiyini bildirib.

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviçin Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında iştirakına toxunan Prezident İlham Əliyev onunla görüşü zamanı energetika və digər sahələrdə əlaqələrimizin inkişafı ilə bağlı səmərəli müzakirələrin aparıldığını deyib. Dövlətimizin başçısı özünün Avropa Komissiyasına son səfərindən keçən dövr ərzində əlaqələrimizin bütün sahələrdə çox yaxşı inkişaf dinamikası göstərdiyini vurğulayıb. Prezident İlham Əliyev Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının təkcə energetika sahəsində deyil, digər sahələrdə də, o cümlədən siyasi, ticarət, investisiya, nəqliyyat, təhlükəsizlik, mədəniyyət sahələrində də genişləndirilməsinin vacibliyini qeyd edərək bütün bunların hazırda üzərində iş aparılan Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişdə öz əksini tapdığını vurğulayıb.

Avropa İttifaqı-Azərbaycan əlaqələrinin bütün sahələrdə müsbət istiqamətdə inkişaf etdiyini deyən Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar əməkdaşlığımızın yaxşı perspektivləri olduğunu bildirib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli ətrafında geniş fikir mübadiləsi aparılıb, bu istiqamətdə səylərin münaqişənin sülh və danışıqlar yolu ilə həllinə yönəldilməsinin vacibliyi qeyd olunub.

Prezident İlham Əliyev bildirib ki, Ermənistanın riyakar və qeyri-konstruktiv mövqeyi danışıqlarda tərəqqinin əldə edilməsinə başlıca maneədir. Ermənistan öz işğalçılıq siyasətini davam etdirir və işğal edilmiş torpaqlarımızda Azərbaycanın milli, dini və tarixi abidələrini məhv edir. Dövlətimizin başçısı vurğulayıb ki, münaqişənin tezliklə həll edilməsi üçün Ermənistan işğal edilmiş torpaqlardan öz işğalçı qüvvələrini geri çəkməyə başlamalıdır və beynəlxalq hüququn norma və prinsipləri bərqərar olmalıdır.


Müəllif: Teleqraf.com