20 Fevral 2018 09:58
7 539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Rəcəb Tayyib Ərdoğanın sədri olduğu Ədalət və İnkişaf Partiyasının Türkiyədə hakimiyyətə yolunu açan məşhur qarşıdurmanın 17 ili tamam olur.

Məhz 17 il əvvəl fevralın 19-da o dövrün prezidenti Əhməd Necdət Sezərlə mərhum baş nazir Bülənd Ecevit arasında yaşanan qalmaqal Türkiyəni iqtisadi böhranın məngənəsinə atdı və nəticədə yeni seçkilər elan olundu.

Teleqraf.com həmin qarşıdurmanın detallarını oxuculara təqdim edir.

19 fevral 2001-ci ildə Türkiyə tarixində ən ağır iqtisadi böhrana səbəb olacaq siyasi qarşıdurma yaşandı.

Bu tarixdə Türkiyə Milli Təhlükəsizlik Şurasının toplantısı keçiriləcəkdi. Səhər saat 09:30-da Baş nazir Bülənd Ecevit müavini Məsud Yılmazla Türkiyə prezidentinin otağına daxil olurlar. Prezident Sezər Ecevit və Yılmazla əllə görüşür, fəqət tərəflər arasında hər hansı bir dialoq və müzakirə baş vermir.

Saat 10:00-da toplantının başlanması üçün prezident Sezər Milli Təhlükəsizlik Şurasının salonuna yönəlir. Prezidenti baş nazir və onun müavini müşayiət edir. Dəhlizlə gedərkən, Bülənd Ecevit Sezərə “Səlahiyyətlərimdən istifadə etməyi əngəlləyirsiniz. Bankçılıq İdarəetmə Təşkilatından əlinizi çəkin” deyir. Ancaq Sezər baş nazirin bu sözlərinə qarşılıq vermir...

Prezident və baş nazir arasında qalmaqal

Milli Təhlükəsizlik Şurasının toplantısı başlayanda Prezident Sezər toplantıya qatılan hər kəsə “Xoş gəlmisiniz” deyir və əlavə edir ki, gündəlikdə duran məsələlərin müzakirəsinə keçməzdən əvvəl demək istədikləri var.

Prezident masanın üzərinə qoyulan qovluğu açır. Və üzünü Baş nazir Ecevitə çevirərək “Hörmətli Ecevit, banklarla bağlı olaraq mənin Dövlət Müşahidə Şurasını prosesə daxil etməyimə müqavimət göstərirsiniz. Siz mətbuata “müşahidənin müşahidəsi də olarmı?” - deyirsiniz. Hökumət olaraq media və ictimaiyyətin qarşısında məni aşağılamağa çalışırsınız. Mənim nüfuzumu aşağı salmaq üçün işləyirsiniz”, - cümlələrini işlədir.

Prezident Eceviti Ağ Enerji əməliyyatını həyata keçirən Dövlət Təhlükəsizlik Məhkəməsinin prokuroru Tələt Çalk haqqında araşdırma apardığı üçün də ciddi tənqid edir.

Bu məqamda Baş nazir Ecevit prezidentin sözünü kəsərək “Çıxışınızı bitirdinizmi” deyə sual edir. Prezident isə “Xeyr, bitirmədim” deyərək səs tonunu qaldırır və davam edir:

“Bu yoxsul xalqın banklarda 12 milyard dolları getdi. Bu gün banklarda korrupsiya halları olur. Dövlət Müşahidə Şurası bu prosesə daxil olub deyə, niyə narahatçılıq keçirirsiniz” - sualını verir.

Prezident sözünü bitirdikdən sonra qarşısında olan konstitutsiya kitabçasını əlinə götürüb havaya qaldırıaraq “Müşahidənin müşahidəsi də olarmı deyirsiniz. Konstitutsiyanın 108-ci maddəsi ortadadır. Bal kimi olar. Konstitutsiyanı bilmirsiniz, ona görə də belə deyirsiniz” ifadəsini işlədir.

Bu məqamda baş nazirin köməkçisi Hüsaməddin Özkan araya girərək “Konstitutsiyanı biz də görək, anlayaq” deyir.

Bu zaman Prezident Sezər Baş nazir Ecevitin köməkçisinin cavabından əsəbiləşir və əlində tutduğu kitabçanı Ecevitlə Özkanın oturduğu istiqamətə ataraq “o zaman alın oxuyun” deyir. Konstitutsiya kitabçası Ecevit və Özkanın arasına düşür.

Prezidentin bu alçaldıcı tənqidindən sonra Bülənd Ecevit əsəbi halda masadan qalxır. Onun ardınca Məsud Yılmaz da durur və toplantı salonunu tərk edir. Bu, salondakı gərgin vəziyyəti bir qədər də gərginləşdirir.

Bu an Ecevitin köməkçisi Hüsaməddin Özkan dərhal hərəkətə gəlir, Ecevitin qarşısına atılan konstitutsiya kitabçasını götürür və eyni şəkildə prezidentin oturduğu istiqamətə ataraq yüksək səslə “əsl konstitutsiyanı anlamayan sizsiniz” deyərək, salonu tərk edir. Salondan çıxmazdan əvvəl isə hər kəsin eşidəcəyi şəkildə “nankor pişik” ifadəsini işlədir. Beləcə “nankor pişik” ifadəsi həmin toplantıdan sonra türk siyasət tarixinə keçir.

Bütün bu dramatik hadisələr dövrün Baş Qərargah rəisi Hüseyn Qıvrıqoğlu, generallar, nazirlər və yüksək çinli məmurların gözləri önündə baş verir.

Prezident Ecevit və komandasından gözləmədiyi hərəkəti gördükdən sonra isə əllərini yana açaraq “Mən nə dedim ki, sadəcə olanları və olması lazım olanları başa saldım” deyir. Ancaq artıq gec idi, türk siyasi tarixinə damğasını dəfələrlə vuran Eceviti bu şəkildə alçaltmaq Türkiyəni müşahidə etdiyi böhrana daha da sürükləməklə nəticələnəcəkdi.

Ecevit olanları televiziyada bəyan edir

Milli Təhlükəsizlik Şurasını tərk etdikdən qısa müddət sonra Bülənd Ecevit medianın qarşısına çıxır və toplantı zamanı prezident Sezərin konstitutsiyanı onun üzərinə atdığını deyir. Bütün Türkiyənin çıxışına qulas asdığı Ecevit Prezident Sezərin “tərbiyə və siyasi etikadan kənar tərzdə” ona qarşı ittihamlar səsləndirdiyini bildirir. Əlavə edir ki, bunun qarşılığında ya prezidentə eyni üslubda cavab verməli, ya da toplantını tərk etməli idi. Baş nazir qeyd edir ki, siyasi etika və təcrübəsi prezidentə eyni şəkildə cavab verməyi mümkünsüz etdiyi üçün Milli Təhlükəsizlik Şurasının toplantısını tərk etmək məcburiyyətində qalıb.

Ərdoğanın hakimiyyət yolu açılır

Baş nazirin bu açıqlamasından bir neçə saat sonra Türkiyə öz tarixinin ən ağır iqtisadi böhranı ilə qarşı-qarşıya gəlir. Birjada, valyutadəyişmə məntəqələrinqdə qiymətlər, bank faizləri yüksək həddə qalxır. Və çətin bir vəziyyət yaranır.

Milli Təhlükəsizlik Şurasındakı Sezər-Ecevit qarşıdurmasından iki ay sonra Türkiyə artıq maliyyə-iqtisadi böhranın məngənəsinə daxil olur.

Bu məlum qarşıdurmadan sonra alovlanan böhran təxminən bir neçə ay davam edir və 2002-ci ilin noyabrında Türkiyə növbədənkənar seçkilərə gedir. Seçkilərin nəticəsində Rəcəb Tayyib Ərdoğanın sədri olduğu Ədalət və İnkişaf Partiyası qalib olaraq, təkbaşına iqtidar qurur. Həmin seçkilərdə Ədalət və İnkişaf Partiyası 363, Cümhuriyyət Xalq Partiyası isə 174 deputat mandatı qazanır. Yerdə qalan digər partiyaların heç biri parlamentə daxil olmaq üçün yetərincə səs ala bilmir.


Müəllif: Cavad