20 Fevral 2018 14:34
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada kimsə seçkilərdə “Tramp effekti” gözləmir. Əlbəttə, heç Birləşmiş Ştatlarda da seçkilərin taleyini Kremlin casusları həll etmirdi. Sadəcə, Barak Obamanın idarəçiliyindən bezən ağ amerikalılar özlərini kəskin diskriminasiyada hiss etməyə başladılar və üsyana qalxdılar.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc bildirib.

O qeyd edib ki, onsuz da irqi ayrı-seçkilik problemi okeanın o tayında əbədi mövzudur, lakin hər halda Ağ Evin qara simasını bundan artıq həzm etmək mümkün olmadı və xalq inqilabı milyarderi hakimiyyətə gətirdi:

“Siyasətdən kənar bir adam nüvə silahına çevrilib “Silikon vadisi”ndə uzun on illər boyu qərarlaşmış sistemi lərzəyə gətirdi. "Uoll Strit"in zənginlərinin Oval kabinetdən əlləri çıxmasın deyə, artıq ikinci ildir ki, demokratlar, respublikaçılar, həmkarlar və yüzlərlə əmək təşkilatları yeni dövlət başçısının mühasirəsini davam etdirirlər.

Qayıdaq Rusiya seçkilərinin “ildırımötürəni" funksiyasını öz üzərinə götürən “qırmızı direktor” Pavel Qrudininə. Adam yaşının altıncı onilliyini bütün çarların, katiblərin və prezidentlərin hökmdarlıq etdiyi Moskvanın bir addımlığında keçirib. Özü də bolşeviklər partiyası iflasa uğrayanda Lenin adına kolxozu nəinki, ideoloji, eləcə də iqtisadi-təsərrüfat qalası kimi qoruyub saxlayıb və kapitalizm dünyasında əsl icma cənnəti formalaşdırıb.

Bu yerdə "Batka"nın (Belarus Prezidenti Aleksandr Lukaşenko-S.Həmid) uğurlu kolxoz modelini necə ustalıqla bir dövlətə tətbiq etdiyini vurğulamaq yerinə düşər. Hər halda qədim slavyan ruhunun bütün çar və knyazları torpaq şumunda becərdiyni unutmaq olmaz.

Ancaq xoşbəxt kəndliləri vahid çətir altında birləşdirməyə nail olan səhmdar cəmiyyətin diribaş sədri bütün reyder hücumlarına sinə gərərək, qətiyyən proletariatın kasıb və nimdaş simasına bənzəmədiyini dəfələrlə sübuta yetirə bilib. Kişi xarakteri və öz qalasını qoruyan sərkərdə obrazı üçün bunlar çox önəmlidir. 1995-ci ildə bütün ittifaq miqyasında sovet əmlakı yağmalananda istedadlı aqrar mühəndis torpaq üzərində özünün nəhəng piramidasını qurub.

Yüzlərlə adama ev verəsən, müalicəsini öz üzərinə götürəsən, pulsuz uşaq bağçası və məktəblər yaradasan... Beləsi siyasətə atılan zaman onun “uğur hekayəsi”ni qurmaqda ən zəif siyasi texnoloqlar da çətinlik çəkməzlər.

Kommunistlərin solğun və öləziyən baxışlarla ənənəvi namizədləri üzərindən növbəti seçkilərə qatılmaq qərarı verilərkən “çiyələk kolları” arasında doğulan parlaq bir sima Rusiya ictimai-siyasi məkanında əsl canlanma yaratdı. Hamı görür ki, aydın, səlis və dəqiq hədəfləri olan bir şəxs bütün partiyalar və ənənəvi politoloqlar fabrikindən kənarda meydana çıxıb və ölkənin gələcək perspektivinə dair dəqiq mesajları ilə təkcə sadə vətəndaşların deyil, eləcə də dövlət elitasının rəğbətini qazanır".

Z.Oruc bildirib ki, Kreml texnoloqlarının bütün resursları Qrudininin əleyhinə işləməsə də artıq rəsmi kanallarda qaralama kampaniyasına start verilib:

"Dmitri Kiselyovun "Rossiya-1" artilleriyası Lenin kolxozuna gələn sovet müffəttişləri kimi hər şeyi didik-didik edir. Başadüşülən haldır. Məgər Qərb seçkiləri belə deyil?

Beynəlxalq Valyuta Fondunun keçmiş sədri Dominik Stross Kanı bir dağlı qızı ilə ləkələyib Nikola Sarkozinin prezidentliyə gedən yolunu açmadılarmı? Yaxud, elə son seçkilərdə Yeliseyin sirli dəhlizlərində Fransua Fiyonu 2 ayın içərisində siyasi linçə məruz qoyub rotşildlərin Makronunu meydana çıxarmadılarmı? Əsl camaşır landromatları Qərbin baş binalarında qurulub və onu işlədən adamlar da dünyaya təmzilik, məsumluq dərsi keçirlər".

Deputat hesab edir ki, P.Qrudinin ənənəvi sol baxışlı Rusiya cəmiyyətində kəskin siyasi kurs dəyişikliyinə səbəb olası deyil, lakin partiya bolluğundan əziyyət çəkən bir ölkədə fərqli nümunələr sözsüz ki, xalqı hakimiyyət həyatına qaytarmaq baxımından çox effektlidir:

"Bəs siz, Azərbaycan səmasına daxil olan belə siyasətçi nümunəsi tanıyırsızmı? Məsələn, son 25 ildə Qrudinin torpaq şumlayanda, Əli, İsa və digər isimlərlə qərarlaşmış antihakimiyyət kazarması minlərlə bəyanatı çap dəzgahlarının ağzından qapıb tirajlayırdılar. Axı faydalı iş əmsalı müasir demokratiyanın ölçü vahidi deyil.

Qrudinin gedib traktor sükanı arxasına əyləşəndə, bizim müxalif qüvvələr qərbetiketli arabalarına oturub səfirliklərin dəhlizlərində ucuz kreditlər, bahalı öhdəliklərə can atırdılar. Nədənsə, təhtəlşüurlarındakı hakimiyyəti kənardan gözləmək mərəzi onları heç vaxt tərk eləmir.

Qrudinin çiyələk yeşiklərini komplektləşdirəndə bizim barrikadaçılar və siyasi romantiklər bütün kəndi məhv etdyinə görə hakimiyyəti qınamaqda davam edirdilər.

Nəhayət, real bir qüvvə kimi xalqın içərisindən, zəhmətdən və halal əməkdən yoğrulub Rusiya taxt-tacına iddiasını orataya qoyanda, hamı “müqəddəs Pavel”i qarşısında görüb onu xalqın adamı sayanda bizim müxalif cameəmiz növbəti pambıq beşilliklərini lənətləmək üçün ümumi seçki kampaniyasından da özünü kənar saxladığını elan edir.

İndi sizcə, bir dəfə də olsun gedib ağac əkməyən, suvarma ilə məşğul olmayan, ayağı parketlərə öyrəşmiş "Taliban" təfəkkürlü bir qüvvə ilə siz Qrudinini bir tutardınızmı?

Torpaqdan kənarda formalaşan müxalifətin xalqa heç bir bağlılığı yoxdur".


Müəllif: Səxavət