20 Fevral 2018 17:08
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Suzan Gəmil Nouhu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-dən Teleqraf.com-a verilən məlumata görə, görüşdə tarixi və ənənəvi dostluq əlaqələrinə malik Azərbaycan və Misir arasında əməkdaşlığın hərtərəfli inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.

Suzan Gəmil Nouh diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və Azərbaycan və Misir arasında mövcud olan dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəmədiyini vurğulayıb.

Tərəflər Hökumətlərarası Birgə Komissiyanın tezliklə iclasının keçiriləcəyini müsbət addım kimi qeyd edərək komissiyanın fəaliyyətinin iqtisadi-ticarət əlaqələrinin inkişafına mühüm töhfə verəcəyinə ümidvar olduqlarını ifadə ediblər.

Misirin Qoşulmama Hərəkatının təsisçi dövlətlərindən biri olduğu qeyd olunaraq, 5-6 aprel tarixlərində ölkəmizdə keçiriləcək Qoşulmama Hərəkatının nazirlər konfransı və 2019-2022-ci illərdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi barəsində fikir mübadiləsi aparılıb.

E.Məmmədyarov səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.


Müəllif: Səxavət