21 Fevral 2018 09:49
2 729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com siyasi analitik, professor Əli Abbasovla müsahibəni təqdim edir.

- Əli müəllim, hazırda Türkiyə Suriyada hərbi əməliyyatlarını davam etdirir. Görünən odur ki, vaxt keçdikcə vəziyyət mürəkkəbləşir. Siz, hazırkı durumu necə şərh edərdiniz?

- Türkiyə əslində, öz sərhədlərinin təhlükəsizliyini təmin edir, sərhəddə olan kürd silahlılarını ərazidən təmizləyir, çalışır ki, bu silahlı dəstələr Suriyanın daxilinə doğru çəkilsin. Məncə, Türkiyənin apardığı işlər müsbətdir. Türklər 100 faiz olmasa da, 80 faiz istəklərinə nail olub.

Hazırda türk ordusu əməliyyatı davam etdirir. Üstəlik aydındır ki, ABŞ bölgədəki kürd silahlılarına güclü silahlar ötürür. Digər tərəfdən isə türk ordusunun hərəkətindən narahatçılıq keçirir. Çoxları deyir ki, türk ordusunun fəaliyyəti sonradan Türkiyə üçün problemlər yaradacaq. Ancaq nəzərə almaq lazımdır ki, sərhədin o tərəfində minlərlə kürd terrorçusunun silahlı vəziyyətdə durması faktının özü Türkiyə üçün problem deməkdir. İndi bu problem həll edilir. Üstəlik Türkiyəyə qarşı bir neçə cəbhə yaranıb. Bu mərhələdə Ankaranın siyasətini Türkiyə maraqları konteksində doğru sayıram.

- İndi aydın olur ki, PYD/PKK terrorçuları Afrinin türk ordusunun əlinə keçəsindənsə, onun Suriya rejiminə verilməsini üstün tutur...

- Buna təbii baxmaq lazımdır. Vaxtilə Türkiyə ilə Suriya çox yaxın münasibətdə idilər. Sonradan Bəşər Əsədlə Ərdoğan arasında qarşıdurma oldu, Ankara Dəməşq hakimiyyətinə qarşı çıxdı. Üstəlik, türk ordusu Afrin əməliyyatına başlayanda Bəşər Əsəd rejimi bunu pislədi, faktı Suriyanın daxili işlərinə qarışmaq kimi qiymətləndirdi. Təbii ki, Afrin istiqamətində olan kürdlər istərdi ki, bu ərazi türklərin əlinə deyil, Bəşər Əsədin əlinə keçsin. Çünki bu halda onların özləri də Afrində yaşamaq imkanına malik olarlar.

- Ankaranın “Afrin Bəşər Əsədə təslim edilsə, ordu irəliləməkdə davam edəcək” bəyanatını necə qiymətləndirmək olar?

- Bilirsinizmi, bunu indi demək olmaz. Nəzərə alın ki, kiçik bir nöqtədə az qala 6-7 dövlətin maraqları toqquşur. Sonun necə olacağı bəlli deyil. Yəni bura ABŞ-a qalsa, rusların siyasəti necə olacaq, İran buna hansı reaksiya verəcək və s. Yaxud bu ərazilərdə ruslar hakim olacaqsa, ABŞ-ın davranışı necə olacaq? Bu suallar açıq qalır. Əgər buralar türklərə qalacaqsa, tam başqa vəziyyət yaranacaq. Yəni Suriya indi dünyanın ən gərgin, vəziyyətin sonunun necə olacağının bilinmədiyi ərazisi olaraq qalır. ABŞ Bəşər Əsədi qəbul etmir. Ankara da belə mövqe tutur. Ruslar isə nəinki Əsədi qəbul edir, hətta ona hər cür dəstək verir ki, yerində qalsın. Odur ki, bu gücləri təhlil edəndə dəqiq demək olmur, udan və uduzan tərəf kimdir. Proses davam edir. Türkiyə isə konkret olaraq öz problemini həll eləyir. Həm də çalışır ki, bunu tez həll etsin.

- ABŞ Dövlət katibi Reks Tillerson Türkiyəyə səfər etdi, uzun müzakirələr apardı. Buna qədər Ankara-Vaşinqton münasibətlərində böhran yaşanırdı. Sizcə, Tillersonun Ankara səfəri bu böhranı aradan qaldıra bildimi?

- Türkiyə tərəfindən güclü xarici siyasət kursu aparılır. Vaxtilə Ankara Avropa Birliyinin üzvü olmaq istəyirdi. Ona hər zaman deyilirdi ki, filan qanunları dəyişməli, bu addımları atmalısan. Sonra Türkiyə başa düşdü ki, balans lazımdır. Baxmayaraq ki, Rusiya ilə əlaqələri zaman-zaman pisləşib, amma Ankara bu balansı yaratmaq üçün əlindən gələni edib və belə bir balansı Rusiyanın timsalında yarada bilib. Artıq nəinki Amerika, hətta Avropa Türkiyəyə qəzəblidir. Türkiyə də balans yaradaraq ortada qalır və gözləyir ki, hansı tərəf ona daha çox imkanlar yaradacaq. Avropa-Türkiyə münasibətlərində üstəlik qaçqın problemi də var. Hazırda Türkiyə 3 milyondan çox qaçqını saxlayır. Əgər sabah Türkiyə bu qaçqınları saxlamaqdan imtina edərsə, onların hamısı Avropaya gedəcək. Beləcə, Avropa Birliyinin vəziyyəti daha da pisləşəcək. Bu baxımdan da Türkiyənin rolu Avropa və ABŞ-a görə çox vacibdir. Məncə, Türkiyə ilə ABŞ və Avropa arasında bu səpkili təmaslar çox olacaq, Ankaraya hansısa formada mesajlar göndəriləcək. Rusiya hələlik hesab edir ki, Türkiyə onun müttəfiqidir. Amma aydındır ki, Türkiyə ilə gizli görüşlər də keçirilir.

- Düşünürsünüz ki, Türkiyə-Amerika və Avropa Birliyi-Türkiyə münasibətləri düzələcək?

- Bəli, mümkündür. Nəzərə alın ki, hər bir ölkənin maraqları onun üçün bir nömrəlidir. Bu maraqlara kim hörmətlə yanaşsa, onunla birgə olacaqsan. Türkiyənin də özünün maraqları var. Bu maraqların həllini tapması üçün kim daha çox imkan versə, Ankara ona tərəf meyl edəcək.

- Hazırda Türkiyənin maraqlarını kim daha çox nəzərə alır: Rusiya, yoxsa Amerika?

- Bilməliyik ki, Türkiyə NATO üzvüdür və üstəlik bu hərbi ittifaqda ikinci qüvvədir. Hazırda NATO-nun Əfqanıstanda hərbi bazası var və burada da Türkiyənin rolu mühümdür. Mətbuata baxanda görürük ki, ən çox yazılar Türkiyə cəbhəsi ilə bağlıdıır. Yəni Türkiyə bir nömrəli siyasət aparır, ciddi əhəmiyyətə malikdir.

- Siz hesab edirsiniz ki, hansısa məqamda Ankara-Moskva siyasətində “buzlaşma” baş verə bilər?

- Belə hallar dəfələrlə olub. Mən sonuncu hadisələri nəzərə almıram. Atatürk vaxtından bu yana görmüşük ki, rus-türk münasibətləri daim dəyişilib. Başqa sözlə, daimi vektor olmayıb. Ancaq hazırda bu iki ölkə bir yerdədir. Ümumiyyətlə, İran, Türkiyə və Rusiya alyansı var. Diqqət edəndə görünür ki, bu ölkələr ümumiyyətlə, bir-birinə bənzəmir. Buna baxmayaraq, indi birlikdə siyasət aparırlar. Ərdoğana qədər Tehran-Ankara siyasəti də hamar olmayıb.

İndi biz Tehran-Ankara-Moskva alyansının mövcudluğunu görürük. Bu alyans daxilində hər ölkənin fərdi maraqları və ümumi maraqları var. Bu maraqlar, ideyalar başa çatdıqdan sonra alyansa ehtiyac qalmayacaq. Bu gün ruslar Türkiyənin Afrin ətrafında apardığı əməliyyata etiraz etmədilər. İran bəyanat səsləndirsə də, sistematik olaraq buna qarşı çıxmadı. Yəni ümumi maraqlar var. Bu maraqlar həllini tapdıqdan sonra necə olacaq? Məsələ açıq qalır.

- Son sanksiyalardan sonra Rusiya-ABŞ münasibətləri haqda nə demək olar ?

- ABŞ sona qədər getməyib. Sanksiyalar siyahısı var və bura Rusiyanın ən nüfuzlu siyasətçilərinin adı daxil edilib. Belə çıxır ki, Rusiya siyasi elitasında təmsil olunan şəxslərin pulları Amerikadadır. Sanksiyalar siyahısı var, amma ikinci addım kimi həmin siyahıda olan şəxslərin hesablarının dondurulması barədə qərar yoxdur. ABŞ hələlik ikinci addıma getmir.

Məncə, ABŞ Prezidenti Tramp iki daş arasında qalıb. Bir tərəfdən, prezident Demokratlar tərəfindən “vurulur”, digər tərəfdə də Rusiya var. Vaxtilə Tramp Rusiya haqqında müsbət danışır və deyirdi ki, hakimiyyətə gələn kimi Putinlə dialoq aparacaq. Ancaq ABŞ-da daxili qüvvələr Trampa bu imkanı tanımadı. Üstəlik Rusiyanın ABŞ-dakı səfirliyində məxfi görüş və müzakirələrin aparıldığı barədə araşdırmalar davam edir. Münasibətlərdə yaxşılaşma baş vermir, digər tərəfdən Tramp sanksiyalara və ciddi addımlara getməlidir ki, Rusiya ilə əlaqəsinin olmadığını sübut etsin. Diqqət etsəniz, görərsiniz ki, ABŞ və Rusiya Suriyada əməkdaşlıq etmək istədilər, ancaq buna imkan verilmədi. Başqa misallar da gətirmək olar. Ancaq reallıq budur ki, dünyada bir çox siyasi proseslər ABŞ-Rusiya münasibətlərindən asılıdır.

- Bu münasibətlər pisləşəcək, ya yaxşılaşacaq?

- Mənim qənaətimə görə, Moskva-Vaşinqton münasibətləri indi müşahidə etdiyimiz balans çərçivəsində davam edəcək. Gözlənilməz proseslər baş verməsə, belə olacaq. Gördüyünüz kimi, Suriyada amerikanlar rusiyalı muzdlu əsgərləri məhv etdi. Bu göstərir ki, Suriyada qarşıdurma davam edir.

Məsələn, ABŞ-ın imkanı var idi ki, Suriya hava sahəsini bağlasın və beləcə orada başqa təyyarələr uçmasın. Ancaq bunu etmədilər. Yəni Amerika sona qədər getmədi. Üstəlik, Səudiyyə Ərəbistanı ətrafında koalisiya var və onlara imkan vermək olardı ki, Suriyaya hücuma keçsinlər. Ancaq bu da baş vermədi. Bu özü maraqlıdır. İndi Tramp bəyan edir ki, İranın nüvə proqrmı haqda razılaşmanı ləğv edir. Ancaq bu sözdə deyilir, reallıqda həmin razılaşma qüvvədədir. Əgər sabah İranla bağlı kəskin ölçü götürülərsə, ola bilsin ki, biz yeni siyasət və situasiya ilə üzləşəcəyik.


Müəllif: Cavad