21 Fevral 2018 08:45
2 259
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın Şərq regionunda çox mürəkkəb geosiyasi şərait hökm sürür və burada cərəyan edən hadisələrin aktuallığı günü-gündən artır.

Bunu Teleqraf.com-a açıqlamasında Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Rusif Məmmədov bildirib.

O qeyd edib ki, gərginliyin artmasına rəvac verən son hadisə Suriya rejiminə bağlı qüvvələrin Afrin bölgəsinə daxil olacağı barədə bəyanatdır:

“Bununla bağlı həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həm də Xarici İşlər naziri Mövlud Çavuşoğlu mövqelərini açıqladılar. Türkiyə prezidenti rusiyalı və iranlı həmkarları ilə təcili telefon əlaqəsi saxladı. Məsələnin kökünə vardıqda Suriya Dövlət Televiziyasının yaydığı məlum açıqlamanın formal xarakter daşıdığını və Bəşər Əsədin maket rolu oynadığını görə bilərik. Çünki Əsədin bölgədə söz sahibi olmadığı heç kimə sirr deyil. Əsədin atdığı addımları düşündükdə ağlımıza ilk olaraq Rusiya gəlir. Fəaliyyətində siyasi jestlərdən gen-bol yararlanan Rusiya Prezidenti Vladimir Putinin təxminən 2 ay əvvəl Xmeymim bazasına səfəri zamanı rus general Bəşər Əsədi saxlayaraq, onun Putinlə birgə addımlamasına mane olmuşdu. Rusiya bununla da məsələyə nöqtə qoymuşdu”.

R.Məmmədovun sözlərinə görə, hazırda Suriyada elə bir situasiya hökm sürür ki, bölgədə kimin dost, kimin düşmən olduğunu anlamaq bir qədər qəlizləşib:

“Türkiyənin hərbi əməliyyatlara başlamazdan öncə Rusiya ilə razılaşma əldə etdiyini düşünürəm. Əgər Afrində Rusiya ağalıq edirsə, Menbiçlə bağlı da ABŞ-ın ünvanına eyni sözləri deyə bilərik, lakin Türkiyənin əməliyyatlara ilkin olaraq Afrindən başlamasını bu amillə bağlamazdım. Çünki Afrin Türkiyə üçün əvvəldən də real təhlükə mənbəyi idi. Təbii olaraq bir çox suallar meydana çıxır. Türkiyənin Afrin bölgəsində apardığı hərbi əməliyyatları Rusiyanın dəstəklədiyini deyiriksə, Rusiya Türkiyə üçün Suriyanın hava məkanını da açmışdısa, digər tərəfdən Əsədi faktiki vassalı kimi idarə edirsə, o zaman Əsədin bu çıxışını necə başa düşək? Zənnimcə, Rusiya burada diplomatik manevr edir. Çünki Rusiya Türkiyəyə dəstək olduğunu bildirsə də, onun regionda uğur qazanmağını istəmir.

Məsələnin digər tərəfi də var. Xatırlayırsınızsa, Məsud Bərzaninin İraq ərazisində dövlət yaratmasını istəməyən Türkiyə, Rusiya və İran bu məsələdə birgə hərəkət etmişdi. Bu birliyin nəticəsində Bərzani vəzifəsindən uzaqlaşdığını bəyan etdi, lakin indiki halda vəziyyət bir qədər fəqlidir. Hər halda hadisələrin necə cərəyan edəcəyini Əsədə bağlı qüvvələrin Afrinə girməsindən sonra görə biləcəyik. Hesab edirəm ki, rejim qüvvələrinin Afrinə girməsi artıq Türkiyə ilə qarşı-qarşıya gəlmək deməkdir. Bu da Əsəd üçün çox riskli addımdır”.


Müəllif: Səxavət Həmid