21 Fevral 2018 12:00
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir Hatəminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı Azərbaycan ilə İran arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən hərbi və hərbi-texniki sahədə uğurla inkişaf etdiyini bildirdi. Yüksək səviyyədə qarşılıqlı səfərlərin müntəzəm olaraq həyata keçirildiyini vurğulayan Prezident İlham Əliyev son illər ərzində İran İslam Respublikası Prezidenti ilə 10-a yaxın görüşün keçirilməsinin əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirib. Dövlətimizin başçısı İran İslam Respublikasına son səfərini məmnunluqla xatırlayaraq, həm Ali rəhbərlə, həm də Prezidentlə məhsuldar müzakirələrin aparıldığını qeyd etdi. Dövlətimizin başçısı İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir Hatəminin Azərbaycana bu səfərinin ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əlaqələrin hazırkı vəziyyəti və gələcək birgə əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminliyini ifadə edib.

Müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir Hatəmi İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırıb. O qeyd edib ki, İran İslam Respublikasının Ali rəhbəri öz çıxışlarında həmişə İranın Azərbaycanla münasibətlərinin dostluq və qardaşlıq, bərabər qonşuluq münasibətləri olduğunu bildirib. O, İran İslam Respublikasının xarici siyasətində qonşu ölkələrə, xüsusilə Azərbaycana böyük önəm verdiyini deyib.

Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş edib.

Görüşdə iki ölkə arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

***

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 21-də Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Azərbaycan-Niderland Dostluq Qrupunun sədri Rene Van der Lindeni qəbul edib.

ADA Universiteti ilə Niderlandın Vaqeninqen Universitetinin birgə hazırladığı “Azərbaycanda аqrоbiznеs imkаnlаrının masterplanı” adlı layihənin təqdimatının əhəmiyyətinə toxunan Rene Van der Linden kənd təsərrüfatının Azərbaycanda dövlət siyasətinin əsas prioritetlərindən olması barədə məlumatlı olduqlarını deyib. Qonaq təqdim olunacaq layihənin gələcəkdə həyata keçirilməsinin Niderland şirkətlərinin Azərbaycana cəlb olunması, onların ölkəmizdə keçirilən Caspian Agro-Beynəlxalq Kənd Təsərrüfatı sərgisində iştirakı və Azərbaycanın müvafiq təhsil ocaqları ilə əlaqələrin qurulması işinə öz töhfəsini verəcəyini bildirib.

“Azərbaycanda аqrоbiznеs imkаnlаrının masterplanı” adlı layihənin uğurlu icrasına ümidvar olduğunu bildirən Prezident İlham Əliyev onun ölkəmizdə həyata keçirilən kənd təsərrüfatının inkişafı və iqtisadiyyatın şaxələndirilməsi siyasətinə tam uyğun olduğunu deyib. Dövlətimizin başçısı layihənin Azərbaycan və Niderland şirkətləri arasında fəal əməkdaşlıq üçün geniş imkanlar yaradacağını vurğulayıb. Prezident İlham Əliyev ADA Universiteti və ölkəmizin digər təhsil ocaqları ilə yaradılmış əməkdaşlıq əlaqələrinin yaxşı nəticələr verəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə Azərbaycan ilə Niderland Krallığı arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, Azərbaycan-Niderland Dostluq Qrupunun sədri Rene Van Der Lindenin əlaqələrimizin inkişafındakı rolu qeyd edilib.


Müəllif: Teleqraf.com