21 Fevral 2018 23:44
2 136
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir Hatəmi bu gün prezident İlham Əliyevlə və müdafiə naziri Zakir Həsənovla görüşündə ölkəsinin Azərbaycana silah yardımı etməkdə maraqlı olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, İranın müdafiə naziri müsəlman dövləti olaraq Azərbaycanın müdafiə qabiliyyətinin artırılması üçün istənilən yardıma hazır olduqlarını bildirib.

İranın Azərbaycana silah yardımı təklif etməsini şərh edən siyasi ekspert Elxan Şahinoğlu bildirib ki, Azərbaycanın müdafiə qabiliyyətinin artırılması işğalçı Ermənistanı məğlubiyyətə uğratmaq məqsədi daşıyır və bunu İranın müdafiə naziri bilməmiş deyil: "İranın müdafiə naziri bunu bilə-bilə Azərbaycanla hərbi əməkdaşlığı inkişaf etdirməyə hazırdırmı? Yoxsa Tehran Azərbaycan-İsrail hərbi əməkdaşlığından və alınan silahlardan narahat olduğuna görə Bakı ilə hərbi əməkdaşlığı genişləndirmək istəyir? İranın hansı silah növləri istehsal etdiyindən xəbərim yoxdur, ancaq Azərbaycan ordusunda həm İsrail, həm də İran silahlarının varlığı balanslaşdırılmış xarici siyasətə də uyğun olar. Əgər İranın bizə sata biləcək nəsə maraqlı silah növləri varsa".

E.Şahinoğlunun sözlərinə görə, İran müdafiə nazirinin Bakıdakı açıqlamaları ziddiyyətlidir: "İranlı nazir dedi ki, Tehran Azərbaycanın ərazi bütövlüyünü və münaqişənin həlli ilə bağlı ədalətli mövqeyini dəstəkləyir. Bunu çox eşitmişik. Ermənistana da gedəndə onların qulaqlarına xoş sözlər deyilir və İrəvanda hansısa iranlı rəsminin “biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik” deyənə rast gəlməmişik, yoxdur belə bir müsbət nümunə".


Müəllif: Ayxan