25 Fevral 2018 18:34
12 562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Brifinq” layihəsinin növbəti qonağı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Aydın Mirzəzadədir.

AXC yaşasaydı, bu gün…

– Aydın müəllim, layihəmizdə iştirak etmək üçün Sizi redaksiyamıza dəvət edəndə Şəmkirdə olduğunuzu bildirdiniz. Sözsüz ki, biz səfərin nə ilə bağlı olduğu barədə məlumatlıyıq, amma yenə də söhbətimizə bu məsələdən körpü salmaq istərdik…

– Əvvəla, məni bu “sual yağışı” layihənizə dəvət etdiyinizə görə təşəkkür edirəm. Layihənizi vaxtaşırı izləyirəm. Sonuncu dəfə hörmətli həmkarım Elman Məmmədovla olan söhbətinizi oxudum və çoxlu yeni şeylər öyrəndim.

Həqiqətən də, Sizinlə danışdıqda mən Şəmkirə səfər edirdim. Vaxtaşırı regionlara səfər edirik. Həm üzvü olduğum Yeni Azərbaycan Partiyası, həm parlament xətti, həm də ictimai təşkilatlar məni bu və ya digər layihələrində iştiraka dəvət edirlər. Prezident yanında Bilik Fondu dövlətçiliklə bağlı vaxtaşırı olaraq Bakıda və regionlarda mühazirələr təşkil edir. 2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ili olduğunu nəzərə alaraq fond əsas vurğunu dövlətçilik tariximizlə, inkişafımızın mərhələləri ilə bağlı məsələlərin üzərinə salır. Ümumi razılığa gələrək Şəmkir şəhərində “Dövlətçilik tariximiz və inkişafımızın bugünki mərhələləri” adlı müharizə təşkil etdik. Bu məsələyə dair fikirlərimi bölüşdüm. Məsələyə ancaq 1918-1920-ci və 2018-ci il bucağından baxmadıq. Mən onu vurğuladım ki, Azərbaycan xalqının həmişə qədim dövlətçiliyi olub, amma müəyyən bir kəsimdə tarixi ədalətsizlik səbəbindən biz dövlətçiliyimizi itirmişik. Azərbaycanın dövlət qurumları 3 böyük imperiya arasında parçalanıb. Hər birində bu və ya digər dairələr Azərbaycan xalqının genetikasının pozulmasında, onun gen yaddaşının silinməsində maraqlı olublar, onu öz içlərində əritməyə çalışıblar. Amma Azərbaycan xalqının genetik proqramı o qədər güclüdür, xalq özünün tarixinə o qədər bağlıdır ki, bunu etmək mümkün olmur. Əminliklə demək olar ki, əgər 1918-ci ildə qurulan dövlətimiz yaşasaydı, bu gün dünyanın ən inkişaf etmiş, ən demokratik dövlətlərindən biri olardıq. Amma zaman Azərbaycanın müstəqilliyinə hazır deyildi. Zaman imperiyaların dağılmasını hələ bir şərt kimi ortaya qoymamışdı. Bu baxımdan 1920-ci ildə müstəqilliyimizi itirdik, yenidən köhnə mərhələni keçməli olduq. Amma 1991-ci ildə müstəqilliyimizin bərpası, 1993-cü ildə ulu öndərin hakimiyyətə qayıdışı, sonrakı proseslər və 2018-ci ildə biz şərəf duyduğumuz Azərbaycan Respublikasının şahidiyik. Bununla bağlı auditoriya ilə söhbətimiz oldu. Parlamentin bir üzvü, bir ziyalı kimi bu səfər mənə təkcə öz fikirlərimi kimlərləsə bölüşmək üçün bir imkan deyildi. Eyni zamanda özümün də yeni məlumatlar əldə etməyim, yeni nəticələrə gəlməyim üçün çox unikal bir imkan idi. Gediş-gəlişimiz cəmi bir gün çəkdi və ümumən pis olmadı.

Gələcəyin mümkün prezidentinə dərs deyirəm

– Aydın Mirzəzadə, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimai Etimad Şurasının sədri, Dövlət İdarəçilik Akademiyasının müəllimi, hər gün elektron və yazılı KİV-lərə müsahibələr, açıqlamalar vermək, gündəmi fəal şəkildə izləmək… İstər-istəməz, belə bir sual yaranır; bu qədər işi necə çatdırırsınız? Üstəlik də avtomobilsiz...

– Qeyd etdiyiniz işlərin heç biri formal deyil. Məsələn, bu gün səhər Dövlət İdarəçilik Akademiyasında iki qrupa dərs demişəm. Günorta akademiyanın kafedra müdiri, professor Akif Bayramovun 80 illik yubileyində iştirak etmişəm. Bir neçə media orqanına müsahibə vermişəm. Bir qədər internet izləmişəm, hal-hazırda da Sizin qonağınızam. Mən hansısa qeyri-adi bir mexanizm kəşf etmirəm. Sadəcə olaraq vaxtımdan səmərəli istifadə edirəm. Məsələn, imkan olduqca internet materiallarını izləməyə çalşıram. İkincisi, məsul olduğum işə sözün əsl mənasında məsuliyyətlə yanaşmağa çalışıram. Nə dərəcədə alındığını deyə bilmərəm. Amma əgər mən İdarəçilik Akademiyasının müəllimiyəmsə, hesab edirəm ki, gələcəyin mümkün prezidentinə dərs deyirəm. Mən hər bir tələbəmdə gələcəyin dövlət başçısını, çox görkəmli ziyalısını, ölkənin böyük problemini həll edəcək kişisini, ən əsası yaxşı bir vətəndaşını görməyə çalışıram və dərsləri bu daxili məsuliyyətlə keçirəm. Əlbəttə, artıq qurulmuş bir sistem var və həmin sistemlə getməyə çalışıram.

İctimai nəqliyyatdan zövq alıram

Hazıra informasiya-kommunikasiya sistemi elə qurulub ki, mütləq hansısa məkanda olmağın vacib deyil. Telefon vasitəsilə bu və digər məsələyə münasibət bildirmək mümkündür. Həm suallara cavab verə bilirsən, həm partiya işində iştirak edirsən, həm öz üzərində işləyirsən, hələ ailə qayğıları da var. Hesab edirəm ki, ailə qayğılarını heç bir insan gündəliyindən heç zaman çıxarmamalıdır. Bu, vacibdən də vacib məsələdir. Bu baxımdan sadəcə olaraq məsuliyyətlə yanaşmaq, öz üzərində işləmək, vaxtı düzgün bölmək lazımdır. Qalan məsələlər öz-özünə həllini tapan məsələlərdir.

O ki qaldı, avtomobilə… Xidməti maşınım var. Ancaq bununla belə mümkün olduğu qədər ictimai nəqliyyatdan istifadə etməyə çalşıram. Birincisi, bundan zövq alıram. İkincisi, ictimai nəqliyyatda olanda adından da göründüyü kimi, ictimaiyyətin arasında olursan. Gedən prosesləri, yeniliyi, çatışmazlıqları görüb müşahidə edirsən, onları ümumiləşdirirsən. Bununla bağlı müəyyən qənaətə gəlirsən və sair. Bu, çox vacib bir məsələdir. Axı biz cəmiyyətin deyən dili, eşidən qulağı, görən gözüyük. Bu baxımdan ictimaiyyət içərisində olmasaq, buna nail olmaq çətin olar.

Artıq tələbələrimin övladlarına dərs deyirəm

– Dərs deməkdən söz düşmüşkən, indiki tələbələrlə bağlı fikirləriniz nədən ibarətdir? Onlardan razısınızmı? İndiki tələbələrin həyatı ilə Sizin tələbə həyatınız arasında fərqlər nədər ibarətdir?

– Nəinki, indiki dövr tələbələri ilə bizim nəsil tələbələr arasında, hətta bu il dərs dediyimlə 3 il bundan əvvəlkilər arasında ciddi fərq hiss edirəm. Hətta, hazırlıq səviyyəsini belə hiss etmək mümkündür. Son 25 ildə 2 mindən çox tələbəyə dərs demişəm, artıq ilk tələbələrimin övladlarına dərs deyirəm. Əvvəla, gəncliyimizdən çox razıyam. Gəncliyimiz xalqımıza, dövlətçiliyə çox bağlıdır. İndiki gənclik artıq konkret məqsədlər gəncliyidir. Ümumi şüarlarla, çağırışlarla çıxış etmir, qarşısına konkret məqsədlər qoyur, cəmiyyətdə də həmin məqsədlərə gedilən cığırlar artıq yollara çevrilib. Gənc bilir ki, bakalavr təhsili artıq kifayət deyil. İkinci, üçüncü kursda oxuyan tələbələrimin gələcəkdə doktoranturada hansı dissertasiya üzərində işləyəcəyi barədə müraciətlərinə rast gəlirəm. İndiki gənclik bir neçə dil bilir, Azərbaycan təcrübəsini xarici təcrübə ilə müqayisə etməyi bacarır, analitik təfəkkürü çox dərindir, vətənpərvərliyi güclüdür. Hərbi xidmətin şərəf olduğunu bu gün hər bir oğlan duyur və hər bir qız gələcək seçimində hərbi xidmət keçmiş gəncin olmasını artıq öz proqramına yazır.

Almaniyaya köçən azərbaycanlı ailəsi geri qayıtmağı arzulayır

Bir dövr var idi ki, – bəlkə də bu, həmin dövrün çətinliyindən irəli gəlirdi, – gəncliyin bir hissəsi hansı yolla olur-olsun, Azərbaycandan köçməyə çalışırdı. İndiki gənclik isə xaricdə yüksək təhsil alaraq, orada bir müddət işləyərək, təcrübə qazanaraq Azərbaycana qayıdıb burada özünün bilik və təcrübəsini tətbiq etmək fikrindədir. Çünki Azərbaycandakı şəraitlə xaricdəki şərait tədricən bir-birinə yaxınlaşmağa başlayır. Mənim yaxın qohumum olan 30 yaşlı oğlan bugünlərdə mənə bir söhbət etdi. Onun iş yoldaşı və iş yoldaşının Bakıda orta məktəblərin birində dərs deyən xanımı il yarım əvvəl Almaniyaya köçmək üçün hansısa proqrama qoşulub və hazırda proses gedir. Bugünlərdə telefonla danışanda iş yoldaşı bildirib ki, qayıtsam, məni əvvəlki iş yerimə, xanımımı isə məktəbə işə götürəcəklərini bilsəm, sonrakı mərhələdən imtina edib Azərbaycana qayıdaram. Deyib ki, bura gələndən sonra Azərbaycanda əldə etdiklərimə əhəmiyyət vermədiyimin fərqinə varmışam. Mən burda arzuladığım bir çox məsələləri elə Azərbaycanda da əldə etməyin mümkünlüyünü dərk etmişəm.

Mən demirəm ki, Azərbaycandan kənara gedən insanların hamısı bu cür düşünür. Amma artıq belə düşünənləri də var. Hesab edirəm ki, ilk növbədə gəncliyimizin potensialını qiymətləndirməli, onun həvəsinə dəstək verməli, eyni zamanda onlara bildirməliyik ki, həyatda yer tutmaq istəyirsinizsə, mütləq yüksək bilikli və təcrübəli mütəxəssis olmalısan.

Ermənilər nənəmin atasının başını kəsib…

– Aydın müəllim, biz vaxtaşırı Sizdən müxtəlif məsələlərə dair açıqlama, müsahibə götürürük. Ona görə də istərdim, cari məsələlərdən bir qədər uzaqlaşaq. Necə deyərlər, keçmişə salam verək. Mərhum atanız, Təmkin təxəllüsi ilə yazıb-yaradan Böyükkişi Mirzəzadənin bioqrafiyasında ailəsinin siyasi təqiblərə məruz qaldığı, 1942-ci ildə Göyçə mahalından Azərbaycan SSR-ə – Gəncə yaxınlığındakı Zazalı kəndinə köçmək məcburiyyətində qaldığı, sonradan isə indiki Samux rayonunun Seyidlər kəndində məskunlaşdığı qeyd olunub. Bu təqiblərə nə səbəb olub?

– Həm ata, həm də ana tərəfdən babalarım bəy, mülkədar, tacir və cəddadlar olub. Cəddad böyük mal-qara sürüsünü bəsləyərək onu Novruz bayramı ərəfəsində bazarlara çıxaran insanlara deyilib. Ata tərəfdən olan mirzələr bayram ərəfəsində Gəncə bazarına eyni vaxtda 10 minədək mal-qara çıxararaq Gəncə və ətrafını ət məhsulları ilə təmin ediblər. Atam atasını 20 yaşında ikən – 1945-ci ildə itirib, babasını ümumiyyətlə görməyib. Sovet hakimiyyəti qurulmamışdan əvvəl onların süfrəsində 50 nəfər otururmuş. Bu 50 nəfərin heç də hamısı ailə üzvləri deyil, təsərrüfatda işləyənlər də olurdu. Yəni, hamı üçün ümumi süfrə açılırdı. Atamın ana tərəfi, yəni nənəmin atası Məhəmmədəli bəy böyük tacir, böyük mülkədar olub. Mən görməmişəm, ancaq böyük qardaşım gedib onun dağılmış tövləsinin qalıqlarını görüb. Danışırdı ki, Aydın, həmin qalıqlar böyük bir sahə idi. Yəni, bizim indi təsəvvür etdiyimiz bir tövlə sayaq yox, demək, burda mal-qaranın sayı yüzlərlə olub. 1918-ci ildə Məhəmmədli bəy kəndlərinə hücum edən erməni dəstələrinin qarşısını almaq üçün öz pulu ilə kəndin bütün silahını alıb və kənd camaatı ilə birgə vuruşub. Döyüşlərin birində yaralanıb, ermənilər onun başını kəsib, evinə od vurublar və sair. Atamgil sovetlər hakimiyyətə gələndən sonra bütün mülklərindən məhrum olub və adi bir kolxozçuya çevriliblər. Amma maraqlı bir məqam var. Mən nə ata, nə də ana tərəfdən sovet hakimiyyətinin ünvanına şikayət eşitmədim. Quru maaşla dolanırdıq və bəzən maaşlar gecikdiriləndə çox böyük maddi sıxıntımız olurdu. Ancaq bu heç vaxt bildirilmirdi, əvvəlki mülkədar həyatından bəhs edilmirdi. Biz bunu belə qəbul edirdik. Valideynlərimiz bizi zəhmətlə böyüdür, qənaətlə öyrədirdilər.

Köç etmələrinin səbəbinə gəldikdə isə atam danışırdı ki, onlar vaxtilə imkanlı nəsil olduqları üçün rusca NKVD, azərbaycanca Xalq Daxili İşlər Komissarlığı adlandırılan məşhur dövlət orqanı tərəfindən vaxtaşırı sıxışdırılırdı. Onların QULAQ-a (Qlavnoe upravlenie laqerey i mest zaklyuçeniya - S.Həmid) göndərilməli olan ailə olduğunu bildirir, bir neçəsini 1937-ci ildə repressiyaya uğradırlar. NKVD babamı bir neçə dəfə sorğu-suala cəlb edir. Babam evin tək oğlu olub, qardaşları olmayıb. Ona görə də tutulacağından, ailənin başsız qalacağından ehtiyat etdiyi üçün ailəsini götürüb 1942-ci ildə Gəncə ətrafına gəlir. Çünki burda onun çoxlu sayda dostları var idi. Cəmi 3 il burda yaşadıqdan sonra adi soyuqdəymədən dünyasını dəyişir. Bu zaman ailədə 5 uşaq var idi, onlardan evin böyüyü olan atam 20 yaşında, kiçik qardaşı bir yaşında olur ümumilikdə 5 uşaq. Atam bir müddət orda işləyir. 1948-ci ildə Mingəçevir Su Elektik Stansiyasının tikintisinə gəlir. Bacı-qardaşlarının bir qismi də onu tək buraxmır.

Özümüzü heç vaxt kimdənsə üstün saymamışıq

Yəni, baxmayaraq ki, kökümüzdə qeyd etdiyim təbəqələr mövcuddur, ancaq evimizdə həmişə zəhmətə, biliyə, çalışqanlığa, öz bacarığınla nəyəsə çatmağa yönəlik bir tərbiyə sistemi olub. Valideyn bizim üçün heç zaman heç nə etməyib. Bizə sanki, “biz sənə yemək və geyim veririk, biz sənə həyatın fəlsəfəsini başa salırıq, burdan o tərəf sənlikdir, həyatda öz yerini özün tut” düşüncəsi ilə yanaşıblar. Maraqlıdır ki, 6 bacı-qardaş hamımız ali təhsil aldıq. Biz 6 bacı-qardaşın 15 övladı var. Onlardan ikisi kiçikdir, 13-nün ali təhsili var və həmin əhval-ruhiyyə davam edir. Biz özümüzü heç vaxt kimdənsə üstün saymamışıq, həmişə öyrənməyə, məlumatlanmağa, cəmiyyət üçün gərəkli olmağa çalışmışıq. Qarşımıza konkret vəzifə tutmağı, hansısa statusa sahib olmağı qoymamışıq. Həyat özü bizi gətirib çıxarıb harasa. Yaşadığımız hər bir günü qiymətləndiririk.

Atama sosrealizmdən yazmaq təklif olunur...

– Şair Təmkinin sovet dövründə ədəbiyyatda mövcud olan sosializm realizmini qəbul etməməsi də maraqlı məqamdır...

– Atam fitri istedada malik, elmin demək olar bütün sahələri üzrə məlumatlı idi. Daim öz üzərində işləyirdi. Hərdən ona deyirdim ki, həyat sənin timsalında Azərbaycan Elmlər Akademiyasının prezidentini itirdi. Atam barədə çox ambisiyalı fikir bildirdiyim üçün üzr istəyirəm. O, onsuz da akademiyanın prezidenti olmayacaq. Amma o, həqiqətən də elmə çox həvəsli idi. Müxtəlif sahələr üzrə çoxsaylı kitablar oxuyurdu. Eyni zamanda rəssamlığı vardı, gözəl rəsm əsərləri çəkirdi. Atam zəngin ədəbi irs qoyub gedib. Onun müxtəlif ədəbi janrlar üzrə əsərləri, o cümlədən pyesləri, poemaları var. Bir dəfə Nəriman Həsənzadəni həmin irslə tanış etdim. Yüksək qiymət verdi və təəssüf etdi ki, vaxtında böyük ədəbiyyata gəlməyib. Məsələ ondadır ki, atam valideynsiz qalmışdı və həmin dövrdə 6 övladı təmin etmək, onların problemləri ilə məşğul olmaq çətin idi. Bədii yaradıcılığın dərci üçün indiki dövrün böyük imkanları da mövcud deyildi. 1960-cı illərdə atam bir neçə dəfə şeirlərini Yazıçılar İttifaqına gətirir. Bir neçə nəfərlə görüşür. O, nədənsə kimlərlə görüşdüyünü demək istəmirdi. Ona bildirirlər ki, şeiriyyatın var, ancaq sən sosializm realizminə müraciət etsən, sosializmdən, əməkdən və sair bu kimi məsələlərdən yazsan, yaxşı olar. Ancaq atam bunu qəbul etmirdi, o, ümumiyyətlə çərçivəyə sığmayan bir insan, düşüncə adamı, filosof idi. O, bizim qəbul etdiyimiz bir standartı qəbul etməyərək bəzən özünün yaratdığı dünya modelini ortaya qoyurdu. Onun şeirlərinin hamısı insanın daxili dünyası, insan və cəmiyyət, insan və təbiət, insan və məsuliyyət, insan və yaradan mövzularına aid idi. Bilmirəm, bəlkə də təsadüf elə gətirib ki, atam Yazıçılar İttifaqında onu gözlədikləri qapını döyməyib. Getdiyi yol onu başqa qapıya gətirib çıxarıb. Atam özü üçün yazırdı. Onun böyük həcmdə əlyazmaları var. Mən 2011-ci ildə onun “Seçilmiş əsərləri”nin birinci cildini buraxdım. Onu gördü, çox sevindi. Hey fikirləşirəm, vaxt tapıb ikinci, üçüncü, dördüncü cildlərini buraxım. Düzdür, Əlyazmalar İnstitutu ilə danışmışam, atam barədə məlumat vermişəm. Böyük məmnuniyyətlə onlar həmin əlyazmaları fonda götürmək istəyirlər. Mən bunun bir irs kimi qorunub saxlanmasını istəyirəm. Bundan o tərəfə kimin müraciət edəcəyi, doğrudanmı gələcək nəsillərə maraqlı olub-olmadığını zaman göstərər. Mən onun oğlu və ən sadiq oxucusu kimi belə düşünürəm, amma ola bilsin çoxmilyonlu oxucu kütləsi fərqli düşünəcək. Onun çox gözəl xətti var idi. Düzdür, hamısını vermək istəmirəm, özümdə də nəsə saxlamaq istəyirəm.

– Onun 1970-ci ildə latın qrafikası əsasında Azərbaycan əlifbası tərtib etməsi və əlyazmalarını bu əlifba ilə yazması barədə danışmağınızı istərdik. Hazırda bizim istifadə etdiyimiz latın qrafikalı əlifbaya bənzəyirdimi?

– Mən həmin əlyazmaları hər gün görürəm. Onlar mənim evimdədir. Hazırda istifadə etdiyimiz əlifbaya 80 faiz bənzəyir. Bir neçə yeniliklər var. Səhv etmirəmsə, atamın tərtib etdiyində bir neçə əlavə hərf mövcuddur. Atam iki “n” hərfinin olduğunu bildirirdi, “k” hərflərini fərqləndirirdi. Bu əlifbada 33, yaxud 34 hərf olmalıdır. Bunu dəqiqləşdirməyimə ehtiyacım var. Gündəlik olaraq həmin əlifba mənim gözlərim önünüdədir. Atam hesab edirdi ki, kiril qrafikalı əlifba yaramır, ona görə latın qrafikalı əlifbanı tərtib etmişdi və həmin dövrdən etibarən bütün əlyazmalarını latın qrafikalı əlifba ilə yazırdı.

Mütəllibovun özünü bu cür qələmə verməsi təəccüb doğurur

– Doğulub boya-başa çatdığınız, uzun müddət yaşadığınız Mingəçevir şəhərində Yeni Azərbaycan Partiyasının yaradılması prosesi barədə danışaq. Bildiyimiz qədər, şəhər ziyalıları Bakıda YAP nümayəndlərinin gözləmə qərarının olmasına baxmayaraq, bu gözləmə xeyli çəkdiyi üçün təsis konfransı keçirməyi qərara alıb və konfrans keçirilib...

– Siz gəncsiniz, həmin dövr haqqında ancaq danışılanları eşidir, yazılanları oxuyursunuz. Ancaq biz həmin günləri yaşamışıq. Heydər Əliyev fenomeni heç vaxt Azərbaycan cəmiyyətindən silinmirdi. 1987-ci ildə onun işdən uzaqlaşdırılması Azərbaycan cəmiyyətində çox böyük ürək ağrısı ilə qarşılandı. Çünki biz onun timsalında rəhbər, lider, arzularımızı həyata keçirrən bir insanı görürdük. O, sanki bizim düşündüklərimizi deyirdi. Heydər Əliyev hələ 1982-ci ildə Moskvaya SSRİ rəhbərliyinə irəli çəkildikdən sonra Azərbaycanda hakimiyyətə bir-birinin ardınca çox zəif, bununla belə antimilli ruhlu rəhbərlər gəlməyə başladılar. Kamran Bağırov, Əbdürrəhman Vəzirov və daha sonra onunla eyni xarakterdə olan Ayaz Mütəllibov hakimiyyətə gəldi. Bu günlər Ayaz Mütəllibov mətbuatda elə müsahibələr verir, sanki Azərbaycanın 1992-ci ilədək baş verən faciələrində bunun rolu olmayıb. Məgər, 1988-ci il hadisələri Ayaz Mütəllibovun rəhbərlərindən biri olduğu hakimiyyət dövründə olmayıbmı? Məgər, Ayaz Mütəllibov sonradan I katib olanda Azərbaycanda vəziyyətin ağırlaşmasına məsul olanlardan biri deyildimi? Məgər Heydər Əliyevin Azərbaycana gəlməsini qadağan edən, 1990-cı ildə o Bakıya gəldikdən sonra burdan çıxıb Naxçıvana getməsini tələb etdirən Ayaz Mütəllibov deyildimi? Ayaz Mütəllibovun üzərində 1991-ci il noyabrın 20-də baş verən vertolyot və Xocalı faciəsi ləkəsi indiyədək durmurmu?! O, Moskvanın dəstəyi ilə 14 may 1992-ci ildə yenidən hakimiyyətə gəlmək istəmirdimi?! Yəni, onun birdən-birə özünü təmiz tərcümeyi-hala malik siyasi xadim kimi qələmə verməsi Azərbaycan ictimaiyyətində təəccüb doğurur. Şübhəsiz ki, onun danışdıqları dünəni görməyən, yaşamayan gənclər üçündür. Amma gənclərimiz də bilir.

Bu müraciət bomba effekti doğurdu

Deyim ki, bir-birinin ardınca zəif rəhbərlərin gəlməsi Azərbaycan cəmiyyətində Heydər Əliyevə məhəbbəti daha da artırırdı. Cəmiyyətdə belə bir fikir var idi ki, Heydər Əliyev olsaydı, bunlar olmayacaqdı. Yaxud, Heydər Əliyev gəlsə, bütün bunların qarşısı alınacaq. Buna görə də Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün çoxlu çağırışlar var idi. Baxmayaraq ki, çoxsaylı partiyalar yaranırdı, amma cəmiyyətin böyük bir hissəsi məhz Heydər Əliyevin böyük siyasətə, hakimiyyətə gəlməsini istəyir və onu böyük siyasətə dəvət edirdi. Bu, təkcə paytaxtda deyil, regionlarda da belə idi. Heydər Əliyevin Siyasi Büro üzvü olarkən çəkilən portretləri insanların evlərində, kitabların arasında qorunub saxlanılırdı. Naxçıvan əhalisi onu özünə rəhbər seçdikdən sonra, onun rəhbərliyi ilə Naxçıvanda ciddi işlər görüləndə Azərbaycanın diqqəti Naxçıvana yönəldi. Hər kəs öz saatını artıq Naxçıvan vaxtı ilə qurmağa başlayırdı. Heydər Əliyevin böyük siyasətə gəlişi tələbi də günü-gündən güclənirdi. 91 ziyalının 1992-ci il oktyabrın 16-da Heydər Əliyevə müraciəti, Heydər Əliyevin oktyabrın 24-də onlara cavabı bomba effekti yaratdı. Baxmayaraq ki, “Səs” qəzetinin tirajı az idi, amma oxunurdu. Çünki Heydər Əliyevlə bağlı materiallar, onun müsahibələri bu qəzetdə gedirdi və bu qəzet əldən-ələ gəzirdi.

İndiki təcrübəm olsaydı...

“91-lər”in müraciətindən sonra Azərbaycanın demək olar hər bir bölgəsində yaranacaq partiyanın özəklərinin qurulması başladı. Mən həmin vaxt Mingəçevirdə yaşayırdım, ona görə də digər regionları deyə bilmərəm. Bakı ilə də əlaqəm sıx deyildi. Bakıda da bu işlə ciddi, yüksək səviyyədə məşğul olan və Heydər Əliyevin adına layiq təşkilati işlər görən dəyərli ziyalılarımız var idi. “91-lər”in müraciəti dərc olunandan sonra biz - Mingəçevirdə bir qrup ziyalı təcili surətdə oktyabrın 25-26-sı YAP Mingəçevir şəhər təşkilat komitəsi yaratdıq və təsis konfransı keçirmək üçün hazırlığa başladıq. Bakıda YAP-ı təmsil edən şəxslərlə əlaqə saxladıq və bildirdik ki, biz şəhərdə təsis konfransı keçirmək istəyirik. Bildirdilər ki, hələ partiya təsis edilməyib, buna görə də bir qədər gözləmək lazmdır. Yenidən əlaqə saxladıq, yenə də bildirdilər ki, bir qədər gözləyin. Bu “bir qədər gözləmə” 1993-cü il yanvarın ortasınadək davam etdi. Artıq bir neçə rayonda təsis konfransı keçirilmişdi. Mən yanvarın 20-də Bakıda idim və YAP rəhbərləri ilə birlikdə əvvəllər Məşədi Əzizbəyov heykəlinin olduğu yerdə partiya sədri Heydər Əliyevin adından böyük bir əklillə Şəhidlər Xiyabanına getdik. Böyük olmasa da, əhəmiyyətli qrup idi. İnsanlar Heydər Əliyevin adından artıq bir siyasi qrupun mövcud olduğunu görürdülər. Orda da dedim ki, Mingəçevir əliyevçiləri gözləmək fikrində deyillər və biz artıq təsis konfransına hazırlaşırıq. Mən onların təyin etdiyi qrafiki gözləmək fikrində olmadığmızı bildirdim və növbəti həftələrin bazar günlərinin birinə – fevralın 13-ə konfrans təyin etdik. Əlbəttə, indiki təcrübəm olsaydı, mən heç nə gözləmədən, heç bir hazırlıq görmədən, sadəcə insanları toplamaqla “91-lər”in müraciətinin edildiyi günün səhəri təsis konfransı keçirərdim. Amma müəyyən təşkilati, texniki hazırlıq, zalın danışılması və sair lazım idi. Təxminən 50-yə yaxın şəhər ziyalısı konfransa gəldi.

Yoldaşım dedi: “Qorxmursan, səni öldürərlər?”

Maraqlı bir detal var. Fevralın 12-si axşam AzTV-nin axşam proqramında 3 AXC-Müsavat nümayəndəsi hansısa proqramda çıxış etdi. Bunlar Arif Hacılı, Pənah Hüseyn və İsgəndər Həmidov idi. Onlar bildirdilər ki, bizim ən böyük rəqibimiz Heydər Əliyev və Yeni Azərbaycan Partiyasıdır və biz heç zaman – o söz indiyədək yadımdadır, – biz heç zaman onun güclənməsinə və hakimiyyətə gəlməsinə imkan verməyəcəyik. Sabahısı gün isə bizim konfransımızdır. 1993-cü ildə həyat yoldaşım orta məktəbdə müəllimə, qızımın 3, oğlumun 2 yaş yarımı var idi. Birotaqlı evdə yaşayırdım. Mən evdən çıxanda yoldaşım dedi: “Qorxmursan səni öldürələr? Axı, dünən axşam dedilər ki, biz imkan verməyəcəyik”. Mən dedim ki, ali təhsilli müəlliməsən, uşaqları yavaş-yavaş qaldırarsan. Mən evə geri qayıdıb-qayıtmayacağımı, bizə qarşı nə olacağını bilmirdim. Baxmayaraq ki, axşam siyasi bəyanat verilmişdi. Düzdür, konfrans keçirilən zalın ətrafında mülki geyimli xeyli sayda insan dolaşırdı. Ya bizim qorxmadan gəlib bəyanat verərək, konfrans keçirib təşkilat yaratmağımız, cəsarətimiz bunları şoka saldı, müəyyən planlarını pozdu, ya da onlar sadəcə, bizi qorxutmaq istəyirdilər. Özü də bunlar, Naxçıvanda, Bakıda deyildi. Bakıdan 400 kilometr kənarda, cəbhə xəttinin böyründə idi.

Məni həbslə hədələyən “BozQurd”çu...

Amma fakt faktlığında qalır ki, həmin dövrdə polis rəisi və 1993-cü ilin iyunu ərəfəsində Mingəçevirin komendantı olan “BozQurd”çu dəfələrlə bizi, məni hədələdi. Üstündən 17 il keçəndən sonra parlament seçkilərində mənimlə rəqib oldu. Vaxtilə məni həbsxanaya saldırmaqla, cəzalandıracağı ilə hədələyən insan indi demokratiya, insan hüquqları şüarları ilə mənimlə rəqib olmağa çalışırdı. Düzdür, mən İctimai Televiziyada namizədlər üçün ayrılan ödənişsiz debat zamanı həmin günləri yada salmadım və “sən vaxtilə belə idin və sair” priomundan istifadə etmədim. Sadəcə, öz proqramımı açıqladım, Mingəçevirlə, parlament fəaliyyəti ilə bağlı görəcəyim işləri açıqladım. Bu taktika özünü doğrultdu və mən qalib gəldim.

– YAP-ın hakimiyyətə gəlişindən sonrakı dövr necə oldu? Tərcümeyi-halınıza nəzər saldıqda vəzifə pillələrində tədricən irəlilədiyinizi görmək mümkündür. O yollar necə idi?

– Hələ orta məktəbdə oxuyanda əvvəl sinfin, sonra məktəbin şagird təşkilatının sədri idim. Yəni, şəhərdə artıq azacıq da olsa, məni tanıyırdılar. Ali məktəbi bitirib, daha sonra hərbi xidməti başa vurub 1982-ci ildə Mingəçevirə qayıtdım və SSRİ ərazisində böyük tikililərdən olan Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasında Tikinti gənclər qərargahının rəisi işlədim. Düzdür, adı böyük səslənsə də, əslində bu, gənclər arasında işin aparılması, gənclər işinin təşkili ilə bağlı bir vəzifə idi. Bu, mənim, əlbəttə, şəhərdə, o cümlədən gənclər arasında tanınmağıma kömək etdi. Həmçinin, müəyyən jurnalistlik qabiliyyətim var idi, şəhər qəzetində hər həftə 4-5 məqaləm, xırda informasiyam çıxırdı.

Jurnalist işləməyim əmək kitabçamda da qeyd olunub

– Demək, jurnalistliyiniz də var imiş...

– Əlbəttə, hətta, mən Mingəçevirdə çap olunann “Səda” qəzetinin bir müddət – 1991-ci ilin yanvarından 1992-ci ilin oktyabrınadək sənaye və tikinti şöbəsində müxbir vəzifəsində çalışmışam. Bu, əmək kitabçamda da qeyd olunub.

Başçı təklif etdi ki, ona köməkçi olum

Demək istədiyim odur ki, şəhər məni ictimai fəal bir insan kimi tanıyırdı, mən şəhərdə böyümüşdüm. Mingəçevirdə YAP-ın yerli təşkilatı yaradılanda mənə sədr olmaq təklif edildi. Biz qısa zamanda şəhərdə əliyevçiləri təşkilatda toplamağa başladıq və şəhərdə tanınan bir təşkilat yaradılmasına nail olduq. Düzdür, AXC-Müsavat cütlüyü hələ hakimiyyətdə idi. Biz qorxmadan tədbirlərə gedir, özümüzü təqdim edir, yerli İcra Hakimiyyətinə müraciət edir və özümüzü fəal ictimai qüvvə kimi tanıdırdıq. 1993-cü ilin iyun hadisələrindən sonra şəhərdə bir hakimiyyət boşluğu yarandı. Həmin ilin noyabrında yeni icra hakimiyyəti başçısı təyin edildi, biz onun qəbuluna getdik. Təyinatını təbrik etdik və bildirdik ki, biz Prezident Heydər Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının şəhər təşkilatının nümayəndələriyik. Biz sizinlə birgə fəaliyyət göstərməyə, düzgün işinizi dəstəkləməyə hazırıq, əgər nöqsanlar olacaqsa, kənardan tənqid edəcəyik. Nədənsə başçı mənə özünün köməkçisi olmağı təklif etdi. Bildirdim ki, bu mənim səlahiyyətimdə deyil. Mən partiya ilə məsləhətləşib gələ bilərəm. Partiya rəhbərliyi məsləhət bildi, mən 35 yaşımda başçının köməkçisi təyin olundum.

İş günümüz 18 saat davam edirdi

Həmin dövr müharibənin qızğın dövrü idi. İcra Hakimiyyətiminə gələn bütün insanlar köməkçi kimi mənim qəbulumdan keçirdilər və mən şəhəri və problemləri daha dərindən tanımağa başladım. İş günümüz 18 saat davam edirdi. Biz səhər 9-da işə gəlir, 22:00-da gedib bir saat evdə dincəlib yenidən qayıdırdıq, gecə 1-də, 2-də yenidən evə gedirdik. Bəzən İcra Hakimiyyətində gecələyirdik və bir neçə gün ailəni görmürdük. Təxminən 2 il bu şəraitdə işlədik. Sonra başçı mənə müavinlik təklif etdi, müavin işlədim.

Əli Həsənovda məni cəlb edənlər...

Qeyd edim ki, şəhər təşkilatının sədri kimi mən YAP-ın mərkəzi qərargahı ilə sıx əlaqə saxlayırdım və ayda bir dəfə Bakıya gəlirdim. Partiyanın lideri olmuş və indi partiyanın lideri olanların hər biri ilə kontaktımız yaranmışdı. Hazırda Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənovla da beləcə tanış olduq. Əli Həsənovun siyasi hazırlığı, onun mətinliyi, mübarizliyi məni cəlb edirdi. Əli Həsənov YAP-ın İdeologiya şöbəsinin müdiri olduğu dövrdə – 1994-1995-ci illərdə YAP-ın mərkəzi aparatında bizim saatlarla söhbətlərimiz, müzakirələrimiz olurdu. O, 1995-ci ildə Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin əvvəlcə müdir müavini, 1996-cı ildə isə müdiri təyin edildi. Əli Həsənov məni həmin şöbədə işə dəvət etdi. Mən hələ icra hakimiyyəti başçısının köməkçisi idim. Bildirdim ki, Əli müəllim, mənim Bakıda yaşamağa evim yoxdur. Bilmirəm ki, alacağım maaşla ailəmi dolandıra biləcəm, ya yox. Baxmayaraq ki, məni Prezidentin İcra Aparatına işə dəvət edirdilər. O, bir neçə dəfə təkid etdi və müəyyən müddətdən sonra Əli müəllimin təklifini qəbul etdim. Məni 1997-ci ildə Prezidentin İcra Aparatında işə qəbul etdilər.

Ulu öndər mənimlə yarım saat söhbət etdi

Ondan əvvəl hörmətli Ramiz müəllim məni qəbul etdi. Sonra ulu öndər Heydər Əliyev məni qəbul edib yarım saat söhbət etdi. Mən 3 il Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsində ictimai-siyasi təşkilatlarla iş sektorunun müdiri işlədim. Siyasi partiyalar, gənclər, həmkarlar və qeyri-hökumət təşkilatları ilə işlədim. Həmin dövrdə tədbirlərdə iştirak etdik, Prezidentin İcra Aparatı ilə siyasi kəsim arasında sağlam münasibətlərin yaradılmasına, anlaşmanın olmasına çalışdıq. Kimsə qatı müxalifətdə olmaq istəyirdisə, bu da onun öz seçimi idi. Biz onu özümüzlə kontakt yaratmağa, yaxud polemika aparmağa çağırmırdıq.

Yəni, sualınıza cavab olaraq bildirim ki, proses bu formada gedirdi. Deyim ki, mən başçı köməkçisi, müavini olacağımı, Prezidentin İcra Aparatında işləyəcəyimi, sonradan Milli Məclisin deputatı olacağımı gözləmirdim. Həyat özü məni aparıb bu məqama çxardı. Nə deyim, “nə dərəcə düzgün idi”, “mən bu tələblərə nə dərəcədə cavab verirdim” suallarına cavabı mən verə bilməyəcəm. Yalnız onu deyə bilərəm ki, həyatım bu mərhələlərdən keçdi.


Müəllif: Səxavət Həmid