12 Mart 2018 20:14
1 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen İn arasında görüş keçiriləcəyinə inanmıram. Çünki Şimali Koreyanın rəhbəri emosional şəxsdir. Bu gün bir, sabah başqa söz deyə və hərəkət edə bilər. Tramp da bu məsələsə stabillik nümayiş etdirmir. Odur ki, bu görüşün baş tutub-tutmaması, əgər tutacaqsa, hansı nəticələr verəcəyi haqda danışmaq hələ tezdir.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov deyib.

Musabəyov bildirib ki, hətta görüş olsa belə, onun nəticələri haqqında öncədən nəsə demək mümkün deyil:

“Problem ondan ibarətdir ki, Şimali Koreya özünün nüvə proqramından əl çəkməlidir. Əl çəkəcəkmi, buna hansı formada nəzarət ediləcək sualları açıqdır. Eləcə də sözdə bir, əməldə ayrı şey ola bilər. Ancaq problem həll edilməsə belə, onu öz-özlüyündə cilovlamaq mümkün olsa, gərginlik artmasa və bu açıq toqquşmaya gətirib çıxarmasa, bu özü mühüm hadisə olardı”.

Rasim Musabəyov xatırladıb ki, Şimali Koreyada vəziyyət həmişə pis olub:

“Bu ölkədə sosial-iqtisadi durum heç vaxt ürəkaçan olmayıb. İnsanları da artıq buna öyrəşib. İndi isə Şimali Koreyaya neft, dizel daxil olmasına qadağalar tətbiq edilir. Koreyanın da öz nefti yoxdur. Bir neçə aydan sonra onlar tank və digər texnikasını işlətmək üçün neft tapa bilməyəcək. İndi Pxenyanda bunu anlayırlar. Məhz bu amillər onları məcbur edir ki, danışıqlara gəlsin. Ya da gözlərini yumub müharibəyə başlamalıdırlar. Ancaq anlayırlar ki, bu, özlərinin məhvinə gətirib çıxaracaq. Ya da hansısa razılaşmaya gəlmək lazımdır. İndi bu razılaşma əldə ediləcəkmi, əgər ediləcəksə, nə qədər uzunmüddətli olacaq, tərəflərin maraqlarına cavab verəcəkmi kimi suallara nəzəri baxımdan cavab vermək mümkün deyil”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen arasında görüşmək üçün razılaşma əldə edildiyi və tərəflərin may ayında bir araya gələcəyi haqda xəbərlər yayılıb.


Müəllif: Cavad