15 Mart 2018 18:29
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün Azərbaycanda 10 milyon əhali var. Titul nümayəndələri 8 milyondan artıqdır, qalanlar isə etnik azlıqlardır. Onlardan 4-nün sayı 100-200 mindən artıq, 5-nin sayı 20-50 minə qədər, qalan 30-a qədər milli azlığın sayı 10 minə yaxındır. Gördüyünüz kimi, ölkəmizin etnik sayı kifayət qədər zəngin və qarışıqdır”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Prezidenti ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov VI Qlobal Forumda çıxışı zamanı deyib.

Ə.Həsənov bildirib ki, Azərbaycandakı etnik azlıqların 90 faizi müsəlman, 6-7 faizi xristianlardır: “Yəhudilərin sayı isə 30 minə yaxındır. Son 50 ildə etnik tərkibin müqayisəli təhlili zamanı görürük ki, ölkəmizdə bu məsələdə dəyişiklik müşahidə edilmir. Bu vaxta qədər etnik, dini separatizm müşahidə olunmayıb. Yeganə məqam aqressiv erməni separatizmi ilə bağlıdır. Bir vaxtlar Azərbaycan ermənilərin sayı bugünkündən dəfələrlə çox idi. 1988-ci ildə azərbaycanlılar Ermənistan ərazisindən zorla çıxarılandan sonra ermənilər Bakıdan getdilər. Bu gün isə ölkəmizdə 30 min erməni yaşayır. Ləzgi, talış və ruslar bu gün ölkəmizdə əsasən kompakt halda məskunlaşıb. Bu xalqlar Azərbaycanda özünü komfortlu hiss edirlər. İndiyədək onların cəmiyyət səviyyəsinə qaldırılacaq hər hansı problemi olmayıb. Bunun səbəbi Konstitusiyamızda xalqların hüquqlarının sivil normalara əsaslanması ilə bağlıdır. Bu insanlar öz dillərində danışa, informasiya, təhsil ala bilirlər. Milli azlıqların problem yaşamamasının kökündə həm də ölkənin suveren hüquqları dayanır. Bundan başqa, milli azlıqlar dövlət dilini bilməli, konstitusiyaya əsaslanan münasibət qurmalıdırlar. Bu münasibətlərin qurulmasında növbəti məqam maraqların balansıdır. Tolerantlıq milli azlıqlar arasındakı münasibətlərin əsasını təşkil edir. Bütün milli azlıqlar Azərbaycanda özlərinin təmsilçilik, realizə hüquqlarını gerçəkləşdirə bilirlər. Titul xalqdan olmayanların hüquqlarına, adətlərinə hörmətlə yanaşılır. Bu, bizim konstitutsiyamızın əsasını təşkil edir. Başqa cür yanaşmaq mümkün deyil”.

Ə.Həsənov onu da vurğulayıb ki, Azərbaycanda multikultural dəyərlər diqqət mərkəzindədir. Onun sözlərinə görə, bu dəyərləri pozan yeganə məqam etnik və milli separatizmdir:

“Bu da kənardan ölkəmizin ərazisinə iddialardan qaynaqlanır. Ermənistan bu gün kənar dövlət olaraq Azərbaycan ərazilərinə iddialar irəli sürür”. (Publika.az)


Müəllif: Teleqraf.com