16 Mart 2018 11:10
1 812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov Teleqraf.com-un suallarını cavablandırıb.

- Daşqın müəllim, səfir olduğunuz ölkədə Azərbaycan diasporunun fəaliyyəti barədə nə deyərdiniz?

- Öncə qeyd etmək istərdim ki, diaspor anlayışı vətəndən kənarda daimi yaşayan, etnik mənsubiyyətini və ənənələrini qorumaq, həmçinin olduqları ölkənin dövləti qarşısında vahid mövqedən çıxış etmək məqsədilə sosial institutları olan soydaşlara şamil edilir. Bir çox millətlərin nümayəndələrinin bərabər hüquqlarla, təhlükəsiz və əmin-amanlıq şəraitində yaşayıb işlədikləri Birləşmiş Ərəb Əmirliyində əslində diaspor təşkilatlarına ciddi ehtiyac duyulmur. Odur ki, Birləşmiş Ərəb Əmirliyində sayı təqribən 5000 nəfərdən çox olan həmvətənimizi Azərbaycan icması adlandırmaq daha doğru olardı.

Birləşmiş Ərəb Əmirliyində 1990-cı illərdən formalaşmağa başlayan Azərbaycan icması əsasən ticarət və logistika mərkəzi olan Dubay şəhərində, Şarja, qismən Əbu-Dabi və digər əmirliklərdə məskunlaşıb.

Dubayda azərbaycanlıların məşğulluğu əsasən ticarət, kiçik-orta biznes və xidmət sahələrindədir. Əbu-Dabidə yaşayan soydaşlarımız isə əsasən burada fəaliyyət göstərən aparıcı şirkətlərdə, elm və tədris mərkəzlərində işləyirlər. Səfirliyin daim sıx təmasda olduğu azərbaycanlılar arasında Birləşmiş Ərəb Əmirliyinin aparıcı şirkətləri olan Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC), Milli Neft İnşaat Şirkəti (NPCC), Klivlənd xəstəxanası və digər səhiyyə təşkilatları, Etisalat mobil rabitə operatoru, Paris-Sorbon Əbu-Dabi Universiteti və digər təhsil müəssisələri, MediaMost mətbuat agentliyi, Etihad və FlyDubai hava yolları şirkətləri, bir sıra tanınmış mehmanxana şəbəkələri və digər müxtəlif sahələrdə işləyən həmvətənlərimiz var. İcmamızın üzvləri səfirlik və Dubaydakı baş konsulluğumuz tərəfindən təşkil olunan tədbirlərdə iştirak edir, ölkədə keçirilən müxtəlif tədbirlərdə ölkəmizi layiqincə təmsil edirlər. Təkcə son bir ay ərzində icmamızın, Baş konsulluğun və səfirliyin səyləri ilə ölkəmiz dünyanın aparıcı ali təhsil ocaqları arasında nüfuzlu yer tutan Paris-Sorbon Əbu-Dabi Universitetinin keçirdiyi beynəlxalq qadınlar gününə həsr olunmuş mədəniyyət və incəsənət tədbirində, Əbu-Dabidə yerləşən ən çoxmillətli məktəb olan “Gems American Academy” təhsil kompleksində keçirilən Beynəlxalq Mədəniyyət Günü tədbirində, həmçinin Əbu-Dabidə beynəlxalq mətbəx və incəsənət yarmarkasında təmsil olunub.

- Sizcə, diasporumuz Azərbaycanın haqq səsini lazımi şəkildə dünyaya çatdıra, əlaqələndirilmiş şəkildə fəaliyyət göstərə bilirmi?

- Hər bir azərbaycanlı yaşadığı yerdən asılı olmayaraq, öz imkanları və məskunlaşdığı ölkədəki şəraitdən asılı olaraq Azərbaycan həqiqətlərini, ölkəsinin qədim tarix və mədəniyyətini təbliğ etmək üçün əlindən gələni əsirgəməməlidir. Bu baxımdan Birləşmiş Ərəb Əmirliyində yaşayan azərbaycanlılar kifayət qədər fəaldırlar.

İcmanın hər hansı bir hüquqi təşkilatlanması olmasa da, Birləşmiş Ərəb Əmirliyində yaşayan azərbaycanlılar əsasən sosial şəbəkələr vasitəsilə əlaqələndirmə işlərini aparır. Qeyd etmək lazımdır ki, bu, kifayət qədər öz səmərəsini verir.

Şübhəsiz ki, səfirlik və baş konsulluq da Azərbaycan icmasının fəaliyyətinə lazımı dəstək göstərir. Bəzi ölkələrlə müqayisədə diaspor fəaliyyətimiz aşağı olsa da, dünyanın ən böyük diasporu olan ölkələri sırasında Azərbaycanın adının yer alması sevindirici haldır. Arzu edərdim, diaspora təşkilatlarımızın üzvləri olduqları ölkənin hökumət dairələrində daha çox təmsil olunsunlar, yerli ictimaiyyətlə qaynayıb-qarışsınlar, fəaliyyətlərini bir-biri və ölkədə olan səfirlik, baş konsulluq və digər dövlət təşkilatlarının nümayəndəlikləri ilə əlaqələndirilmiş şəkildə qursunlar. Belə olarsa, fəaliyyətimiz daha məqsədyönlü, nəticələrimiz daha dəyərli olacaq.

- İlk fəaliyyətə başladığınız illə indiki dövrü müqayisə etdikdə hansı uğurlar gözə dəyir?

- Zənnimcə, sualın bir qədər geniş - Azərbaycan icmasının müstəqillik dövründən başlayaraq Birləşmiş Ərəb Əmirliyində formalaşması dinamikası şəklində qoyulması daha doğru olardı. Azərbaycan Respublikası vətəndaşları ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra Birləşmiş Ərəb Əmirliyinə qısamüddətli və əsasən kommersiya xarakterli səfər edirdirlər. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən düşünülmüş xarici siyasi-iqtisadi siyasət nəticəsində Azərbaycanın və azərbaycanlıların iqtisadi imkanları güclənib, soydaşlarımız xarici ölkələrə, o cümlədən Birləşmiş Ərəb Əmirliyinə sərmayələr yatırmağa başlayıblar. Bununla da Birləşmiş Ərəb Əmirliyinə səfər edən azərbaycanlıların yeni dalğası başlayıb.

Bu proses nəticəsində Birləşmiş Ərəb Əmirliyində yaşayan, getdikcə üzvləri arasında iş adamları, ziyalılar, müxtəlif sahələrdən olan mütəxəssislərin artdığı Azərbaycan icması iqtisadi imkan və intellektual potensial baxımından daha keyfiyyətli şəkil alıb. Sevindirici haldır ki, Birləşmiş Ərəb Əmirliyində yaşayıb işləyən həmvətənlərimiz arasında üçüncü ölkədə işlədiyi transmilli şirkət və ya beynəlxalq təşkilatdan təyinatla Birləşmiş Ərəb Əmirliyinə gələnlər var və onların demək olar, hamısı etnik mənsubiyyətini, vətəninə bağlılığını qoruyub saxlayıblar. Azərbaycan ideyalarının təbliği istiqamətində mümkün imkanlardan istifadə edərək bunu özlərinin yaşam tərzinin tərkib hissəsinə çevrilib.

Fikrimcə, bu Azərbaycan dövlətinin xaricdə yaşayan həmvətənlərimiz və soydaşlarımızla əlaqələrə verdiyi ciddi diqqətin və qayğının nəticəsidir. Səfirlik və baş konsulluğumuz da dövlətimizin bu siyasətinin yerinə yetirilməsini özünə borc və zövq hesab edir. Sizin sayt vasitəsilə bütün həmvətənlərimizə səslənmək, onların olduqları ölkədə öz səfirlikləri, baş konsulluqları və digər diplomatik nümayəndələrikləri ilə təmas qurmağa, daim əlaqədə olmağa dəvət etmək istəyirəm.

Biz ölkəmiz və xalqımıza xidmət etmək üçün buradyıq və səfirlik və baş konsulluq əraziləri hər bir Azərbaycan vətəndaşının evidir. Fürsətdən istifadə edib bütün xalqımızı qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirəm!


Müəllif: İlhamə Əbülfət