17 Mart 2018 09:00
1 784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Görüşdə Türkiyənin əsas məqsədi Menbiçə daxil olmasına ABŞ tərəfindən şərait yaradılması və ya buna etiraz edilməməsinə nail olmaq idi. Ancaq böyük ehtimalla Tillerson vəzifədə qalsaydı belə, Türkiyənin bu istəyinə razı olmazdı. Martın 19-na planlaşdırılan Türkiyə-Amerika diplomatlarının görüşü təxirə salındı. İndi görüşün martın 21-də olacağı, amma nazirlər səviyyəsində olmayacağı haqda fikirlər səslənir. Bu göstərir ki, türk ordusunun Menbiç istiqamətli hərəkatına yaşıl işıq yandırılmayacaq.

Bu fikirləri Teleqraf.com-a politoloq Fərhad Mehdiyev deyib.

Diqqəti Avropa Parlamentinin Türkiyə ilə bağlı son qərarına çəkən politoloq qeyd edib ki, Avropa Parlamenti türk ordusunun Suriya ərazisindən çıxarılmasını tələb edib. Onun sözlərinə görə, bu faktlar onu göstərir ki, Qərb dünyası Türkiyənin Suriyada keçirdiyi əməliyyatlara müsbət yanaşmır:

“Buna görə də Avropa Parlamenti belə qərar verir. Vaşinqtonda keçirilməsi gözlənilən Türkiyə-Amerika danışıqları təxirə salınır. Bu o deməkdir ki, onlar türk ordusunun Menbiçə daxil olmasına müsbət yanaşmayacaqlar”.

Mütəxəssis deyib ki, Avropa Parlamentinin məlum qərarına baxmayaraq, Türkiyə Suriya sərhədlərində təhlükəsizlik tədbirlərini həyata keçirməyə məhkum idi:

“Beynəlxalq qaydalara görə, bir əraziyə daxil olduqdan sonra orada çox qalmaq olmur. Çünki bu, işğal faktı kimi qiymətləndirilir. Adətən bu cür əməliyyatlar məhdud olmalıdır. Əslində, Avropa Parlamenti Türkiyənin Suriyadan çıxmasını tələb etsə də, bilirlər ki, türk ordusu dərhal oradan çıxmayacaq. Ancaq Avropa Parlamenti bu qərarı verməklə həm də Türkiyəyə mesaj verir ki, hazırlaş və yavaş-yavaş Suriyadan geri çəkil. Ancaq aydındır ki, belə situasiyalarda dövlət tutduğu ərazini dərhal tərk etmir. Sadəcə, Avropa Parlamenti bu qərarı ilə Türkiyəyə mesaj verir”.

Politoloq xatırladıb ki, Avropa Parlamenti Türkiyənin addımını Rusiyanın Krımı işğal etməsi faktı ilə eyniləşdirməyə çalışıb:

“Yəni Türkiyəyə işıq yandırmaq istəmirlər, düşünürlər ki, ikinci Krım prosesi yaşana bilər. Ona görə də, bu cür qiymətləndirmə aparılır. Ancaq reallıqda Afrin və Krım məsələsi tam fərqlidir. Ankara heç vaxt deməyib ki, Afrində uzunmüddətli qalacaq. Əksinə, deyib ki, əməliyyat nəticələnəndən sonra oradan çıxacaq. Krıma isə Rusiya daxil olub deyib ki, mənim torpağımdır. Daha sonra orada referendum keçirilib və ərazi Rusiyaya birləşdirilib. Bunlar fərqli məsələlərdir, amma nəticə olaraq hər ikisi işğal faktı kimi qiymətləndirilib. Yəni işğal faktı var, amma niyyətlər tam fərqlidir”.

Politoloqun sözlərinə görə, əslində, Suriyada İran, Rusiya və Amerikanın hərbi iştirakçılığı var, lakin bu ölkələrlə bağlı Avropa Parlamentinin analoji qərarının nümunəsi yoxdur:

“Rusiya deyir ki, mən Suriya hökumətinin istəyi əsasında iştirakçıyam. Amerikanın varlığı ciddi deyil. Yəni Suriyada ABŞ-ın çoxsaylı ordusunu və ya texnikasını görə bilməzsiniz. Burada ruslar da çoxdur. Türkiyənin Afrinə daxil etdiyi hərbi texnikanın sayı ABŞ-ın texnikasından dəfələrlə çoxdur. Üstəlik Türkiyənin lojistik dəstəyi ABŞ və ya Rusiyaya görə eyni deyil. İran və Rusiyanı Əsəd rejimi dəstəkləyir. ABŞ-ı isə geniş kütlələr dəstəkləyir. Məsələn, Azad Suriya Ordusunun (OSO) özü də ABŞ-ı dəstəkləyir. Üstəlik, kürd qruplaşmaları, Qərb ölkələri də ABŞ-ın oradakı fəaliyyətini müdafiə edir. Amma Türkiyəni cəmi 1-2 dövlət və ASO dəstəkləyir. Bu da reallıqdır. Bu mənada Türkiyə, Amerika və Rusiyanın Suriyadakı dəstək vəziyyətləri eyni deyil”.

Müsahibimiz əlavə edib ki, bu durumu Türkiyəyə qarşı ikili standart kimi təqdim etmək yanlışdır:

“Məsələ ondadır ki, beynəlxalq siyasətdə ikili standart deyil, dövlət maraqları var. Beynəlxalq münasibətlərdə ikili standart deyilən şey heç vaxt olmayıb. Hər dövlət və ya blok öz milli maraqlarını müdafiə edir. Türkiyənin marağı tələb edib ki, Afrində özünə təhlükə saydığı ünsürləri zərərsizləşdirsin. Avropanın da marağı tələb edir ki, Türkiyə uzun müddət Suriya ərazilərində qalmasın”.

Fərhad Mehdiyev xatırladıb ki, Türkiyənin Suriya ərazilərinə daxil olmasının hansı məqamda baş verdiyi daha mühümdür:

“Əgər xatırlayırsınızsa, ABŞ bəyan etdi ki, Suriyada 30 minlik silahlı birləşmə yaradacaq və onu sərhədlərin mühafizə edilməsi işinə cəlb edəcək. Bundan az sonra Türkiyə “Zeytun budağı” əməliyyatına start verdi. Əslində, Türkiyə daha əvvəl Suriyaya daxil olmalı, ABŞ-ın məlum bəyanatını gözləməli deyildi. Türkiyə bunu milli maraqlarını əsas tutaraq həyata keçirir. Amma Türkiyə üçün təhlükə nə qədər ciddi olsa da, bu, BMT-nin 51-ci maddəsinə uyuşmur. Elə ABŞ-ın bir sıra müdaxilələri də beynəlxalq hüquqa uyğun deyil. Vaxtı ilə ABŞ-ın İraqa hərbi müdaxiləsi üçün də əsas yox idi. Türkiyə də məncə, Suriyada çox qalmamalıdır. Daxil olub istədiyini etdikdən sonra geri çəkilməlidir. Onsuz da Türkiyənin dəstək verdiyi Azad Suriya Ordusu orada mövcud olacaq”.


Müəllif: Cavad