17 Mart 2018 14:00
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:50

Azərbaycan paytaxtında “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu işini davam etdirir.

Teleqraf.com xəbər verir ki, üç gün davam edəcək bu mötəbər tədbirə 50-dən çox ölkədən 500-dək nümayəndə, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər qatılıblar.

Forum çərçivəsində martın 18-19-da VII Beynəlxalq Kitab Sammiti təşkil olunacaq. ABŞ Konqres Kitabxanasının və Misirin İsgəndəriyyə Kitabxanasının birgə təşəbbüsü ilə keçiriləcək Sammitdə milli inkişafda, mədəni irsin qorunmasında və ötürülməsində, gələcəyin formalaşmasında kitabın əhəmiyyəti, eləcə də milli kitabxanaların rolu, kitabxanaların gələcəyi mövzuları müzakirə olunacaq.

Bu gün VI Qlobal Bakı Forumu işini panel iclasları ilə davam etdirir.

***

VI Qlobal Bakı Forumu çərçivəsində "Nəsillər arasındakı boşluqlar: Gənclər danışır, biz dinləyirik" mövzusunda gənc liderlərin müzakirəsi keçirilib.

İclasa Ukraynanın sabiq birinci xanımı Katerina Yuşşenko moderatorluq edib.

Mövzusunun aktuallığından, gənclərin cəmiyyətdə fəallığından danışan K.Yuşşenko bildirib ki, yaşlı nəsildən fərqli olaraq gənclər daha fəal, sosial mediada daha fərqlidir, onlar tənqidi düşünə bilir: “Onların təhsil sistemi də fərqlidir, habelə səyahət etmək üçün daha çox imkanları var. Gənclər dünya və cəmiyyətə daha çox meyil edirlər. Təsadüfi deyil ki, yaşlı nəsil onlara baxıb daha fərqli olmağa çalışır”.

Panel iclasda inklüziya və eksklüziya, texnologiya və idarəetmə, gənclərin müxtəlif sahələrdə təmsilçiliyi məsələləri müzakirə edilib. Gənc liderlər Forum iştirakçıları ilə birlikdə qlobal boşluqlar barədə sual-cavab şəklində fikirlərini bölüşüblər. Qeyd edilib ki, eksklüziyanı öyrənmək üçün ayrıca təhsil lazım deyil.

Belə ki, bu gün dünyada müxtəlif ölkələrdə irqi, dini, milli, gender, məişət zorakılığı, miqrasiya, əlillik və digər məsələlərlə bağlı ayrı-seçkilik halları müşahidə edilir. İnsanlar cəmiyyətdə ortaq cəhətlər baxımından birləşməli, fərqli cəhətləri isə öyrənməlidir. Habelə sosial modellik, iqtisadi gəlirin təkrar bölgüsü məsələlərinə yenidən baxılsa, daha faydalı olar. Elə bir dünyada yaşamalıyıq ki, hər kəs özünü öz ölkəsində əmin-aman hiss etsin. İnklüziya təşviq edilməli, təcrid etmə halları aradan qaldırılmalıdır.

Texnologiya və idarəetmə məsələsi ilə bağlı çıxış edən gənc liderlərin fikrincə, bu iki məsələ bir-biri ilə sıx bağlıdır. Belə ki, texnologiya hökumətlərin daha effektiv, innovativ olmasına kömək edər, dəqiqliyi təmin edər. Habelə bu texnologiyalardan istifadə edilməsi üçün işçi qüvvəsi yaradılmalı, iqtisadi dəyişiklik, o cümlədən işsizliyin aradan qaldırılması məsələsinə diqqət yetirilməlidir. Tədqiqatçı kimi düşünməyi erkən yaşdan təbliğ etmək lazımdır.

Vurğulanıb ki, sosial mediadan daha çox informasiyanın əldə edilməsi üçün istifadə edilərsə, bu, hökumətlə cəmiyyət arasında boşluğu aradan qaldıra bilər.

Eyni zamanda sosial mediadan yalan xəbərlərin yayılması halları nəzərdən qaçırılmamalı, onların qarşısının alınmasında fəallıq göstərilməlidir.

Gənclərin proseslərə cəlb olunması və təmsilçiliyi məsələləri ilə bağlı çıxışlarda gənc zəkaların cəmiyyət həyatında müxtəlif sahələrə, o cümlədən siyasi proseslərə, ekoloji, iqtisadi, səhiyyə və digər sahələrə cəlb edilməsinin, onlar üçün imkanlar yaradılmasının aktuallığı vurğulanıb. Cəmiyyətin demokratikləşdirilməsində gənclərin rolu qeyd edilib. Boşluqların aradan qaldırılmasında gənclər təşkilatlarının fəaliyyətinin əhəmiyyəti bildirilib.

Çıxışlarda qeyd olunan problemlərin aradan qaldırılmasında müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın müsbət təcrübəsi diqqətə çatdırılıb.

Sonda bu gün dünyada gənclərin proseslərə cəlb edilməsində mövcud olan boşluğun doldurulması məsələsinin mümkünlüyü bildirilib.

Forum panel iclaslarla davam edir.


Müəllif: Teleqraf.com