17 Mart 2018 17:34
1 176
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:19

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Teleqraf.com-un məlumatına görə, ilk olaraq prezidentliyə namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Cəlal oğlu Məmmədovun prezidentliyə namizəd kimi qeydə alınması məsələsinə baxılıb.

MSK katibi Arifə Muxtarova bildirib ki, namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Cəlal oğlu Məmmədovun prezidentliyə namizəd kimi qeydə alınması üçün əsaslar mövcuddur.

MSK onun namizədliyinin qeydə alınmasını səsverməyə çıxararaq qəbul edib.

Sonra prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Tural Abbaslının qeydə alınmasına baxılıb. MSK katibi Arifə Muxtarova bildirib ki, Tural Abbaslının prezidentliyə namizəd kimi qeydə alınması üçün əsaslar mövcud deyil. MSK məsələni səsə qoyaraq qəbul edib və Tural Abbaslının namizədliyi qeydə alınmayıb.

İclasda prezidentliyə namizədliyi Vətəndaş və İnkişaf Partiyası (VİP) tərəfindən irəli sürülən Əli Əliyevin prezidentliyə namizəd kimi qeydə alınması məsələsinə də baxılıb. MSK Əli Əliyevin namizədliyi də qeydə almayıb.

Bununla da namizədlərin qeydə alınması başa çatıb.

Qeyd edək ki, MSK bundan əvvəl Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc, Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadə və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyevin, Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyev, Müasir Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hafiz Hacıyev və "Cəbhəçilərin təşəbbüs qrupu" adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayevin prezidentliyə namizədliyini qeydə alıb.

***

Bu günkü iclasda aprelin 11-ə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə püşkatma komissiyanın yaradılması və püşkatmanın keçirilməsi vaxtının və yerinin müəyyən edilməsi məsələsinə də baxılıb.

MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, namizədlərə ödənişsiz əsaslarla həftədə İctimai Televiziya və Radio Yayımları Şirkətində, 3 saat televiziya, 3 saat radioda olmaqla, ümumilikdə çıxış üçün 6 saat vaxt ayrılacaq.

İclasda ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə 4 nəfərdən ibarət komissiya yaradılıb. Qərar verilib ki, ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə püşkatma mərasimi Komissiyanın 19 mart tarixli iclasında keçirilsin.

MSK sədri Məzahir Pənahov iclasda bildirib ki, Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərini izləmək üçün indiyədək 115 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında (MSK) akkreditasiyadan keçib.

Onun sözlərinə görə, akkreditasiyadan keçən müşahidəçilər 36 ölkəni təmsil edir.


Müəllif: Teleqraf.com