18 Mart 2018 12:19
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan prezidenti İlham Əliyev martın 18-də Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

***

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo ilə görüşüb.

Məlumata görə, OPEC-in baş katibi Məhəmməd Barkindo Azərbaycan prezidenti ilə görüşündən məmnunluğunu ifadə edib.

Prezident İlham Əliyev Məhəmməd Barkindo ilə Davosda görüşünü məmnunluqla xatırlayaraq qeyd edib ki, OPEC-in baş katibinin dünyada ilk dəfə neftin hasil olunduğu Azərbaycana səfəri böyük önəm daşıyır. M. Barkindo da Azərbaycanın neft sənayesinin beşiyi olduğunu vurğulayıb, hər bir neftçinin gəlib öz gözləri ilə Bakını görməli olduğunu söyləyib.

Prezident İlham Əliyev Azərbaycan ilə OPEC arasında əməkdaşlığın uğurla inkişaf etdiyini və ölkəmizin hasilatla bağlı üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirdiyini bildirib. Dövlət başçısı neftin qiymətinin sabit saxlanması istiqamətində Məhəmməd Barkindonun və OPEC-in səmərəli, həmçinin koordinə edilmiş səylərini yüksək qiymətləndirib, bunu həm də birgə fəaliyyətin yaxşı nəticəsi kimi dəyərləndirib.

M.Barkindo OPEC və qeyri-OPEC üzvlərinin bir araya gəlməsində prezident İlham Əliyevin rolunu xüsusi qeyd edib, Azərbaycanın OPEC və qeyri-OPEC üzvlərinin əməkdaşlığı üzrə bəyanatın formalaşmasına gətirib çıxaran yüksək səviyyəli texniki komitəyə həmsədrliyini yüksək qiymətləndirib. Ölkəmizin üzərinə düşən bütün öhdəlikləri tam şəkildə yerinə yetirdiyini deyən OPEC baş katibi bunun Azərbaycanın bu razılaşmaya nə dərəcə sadiq qaldığının göstəricisi olduğunu bildirib. Qeyd edib ki, bu, təkcə neft hasil edən yox, hətta istehlakçı ölkələrin marağındadır: "Bu işin nəticələrini artıq neft sənayesində və dünya bazarlarında görmək mümkündür".

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Sonda xatirə şəkli çəkilib.


Müəllif: Teleqraf.com