24 Mart 2018 23:53
1 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ölkədən kənarda olduqları üçün özlərini tam toxunulmaz, əlçatmaz hesab edən şəxslər durub-durub da, birdən-birə ölkə rəhbərliyində təmsil olunan, ölkənin siyasətini yürüdən şəxslər haqda niyə ən ağır, Azərbaycan mentalitetində “qan düşəsi” ifadələr işlətməyə başladılar? Onları buna kim təhrik edir?"

Teleqraf.com xəbər verir ki, bu fikirlər tanınmış telejurnalist Anar Yusifoğlunun Axar.az-da dərc olunan yazısında yer alıb.

Həmin yazını təqdim edirik:

"Ölkə gündəmini məşğul edən məsələlərdən biri də xaricdə məskunlaşan və Azərbaycan hakimiyyətində təmsil olunanlara qarşı olmazın ifadələr işlədib, sosial şəbəkələrdə “meydan sulayan” şəxslərin ritorikası, onların ölkə siyasətinə gətirməyə cəhd etdiyi naqislikdir. Xüsusilə bu mövzu Azərbaycan Prezidentinin köməkçisi, PA-nın şöbə müdiri Əli Həsənovun Feysbuk səhifəsində reaksiyası və çağırışından sonra daha çox həssaslıq qazanıb.

Maraqlıdır ki, bir keçmiş həmkarımız hətta bu ritorikanın “hədəfə dəydiyini” bildirməkdən çəkinmir, dolayısı ilə söyüşlərin davamının gəlməsi üçün ortaya atılan o şəxsləri təhrik də edir. Hədəfəmi dəyib?

Qətiyyən elə deyil. Məsələnin mahiyyəti tamamilə başqadır və doğrusu, biz məhz bunu üzə çıxarmalı, bunu aydınlaşdırmalıyıq.

Ölkədən kənarda olduqları üçün özlərini tam toxunulmaz, əlçatmaz hesab edən şəxslər durub-durub da, birdən-birə ölkə rəhbərliyində təmsil olunan, ölkənin siyasətini yürüdən şəxslər haqda niyə ən ağır, Azərbaycan mentalitetində “qan düşəsi” ifadələr işlətməyə başladılar? Onları buna kim təhrik edir?

Məncə, ən diqqət yetiriləsi də məhz bu “təhrikçi”nin unikal hesablamalarıdır.

Bizim üçün həssas, toxunulmaz sayılan məqamlar, anlar var və xalqımız minillərdir bu tabulara riayət edir. Etiraf edək ki, xüsusilə Mehriban xanım Əliyevanın formalaşdırdığı “Birinci ledi” institutu xalqın milli-mənəvi dəyərlərinin, mentalitetinin qorunmasında da xüsusi həssaslıq nümayiş etdirir. Parlamentdə hər hansı etikadan kənar ifadəyə görə kimsə cəzalanırsa, efirdə hansısa bayağı, milli dəyərlərə zidd (tutaq ki, evlənmə-boşanma tipli) veriliş bağlanırsa, gözlər Mehriban xanıma dikilir: O edib!

Milli kimliyimizi, tariximizi yaşadan sənətə – muğam, aşıq musiqisi – ikinci nəfəsin verilməsi də Mehriban xanımın adı ilə bağlıdır. Faktiki olaraq Mehriban xanım azərbaycançılığın, milliliyin, minillərlə yaşatdığımız dəyərlərimizin, əxlaq kompleksinin ən yüksək səviyyədə qorunması və inkişafını təmin edən şəxsdir.

“Söyüş texnologiyası”nı düşünənlər və bunun üçün bir neçə öz əxlaqlarına uyğun vasitəçi tapanlar məhz bu dəyərləri və bu himayəçini hədəf alıblar.

Məqsəd nədir?

Çox incə bir nüansa diqqət edin: adam çox ağır söyüşlərlə ölkə rəhbərliyində təmsil olunan şəxslərin bir neçəsinin adını çəkəndən sonra deyir: o mənim qohumlarım, o da siz, nə edirsiniz, edin, məni susdura bilməyəcəksiniz...

Qohumlarını, doğmalarını nişan verir adam. Sanki virtual əxlaqsızlığın real həyatda gerçəkləşməsinə çalışır; sanki “mənim sözlə etdiyimi əməldə edin” demək istəyir.

Əlbəttə, yaxşı bilir ki, bunun üçün adını çəkdiyi şəxslərin gen-bol imkanları var. Hollandiyada yaşayıb, holland xanımla ailə qurmaqla burdakı doğmaların da əxlaq anlayışının avropalaşdırılmadığını yəqin ki, anlayırlar. Bəs, nəyi nişan verirlər? Doğmalar niyə hədəfə çıxarılır? Bu “hədəflər” sonradan hansı siyasi avantüra üçün istifadə olunacaq? Bu söyüşlərin niyə əxlaq dəyərlərinə hücumla nəticələnməsi üçün çalışırlar?

Dövlətin dayaqlarının sarsıdılmasına göstərilən cəhddir bu. Milli dövlətlər öz dayaqları üstündə dayanır və bu dayaqlar ilk növbədə millətin minillərlə yaşatdığı mənəvi-əxlaqi dəyərlər sistemidir. Hazırda bu sistemə virtual terror həyata keçirilir və bunu edənlər birmənalı şəkildə öz doğmalarının əxlaqlarını siyasət meydanına çıxarıblar.

Hesablayırlar ki, azərbaycanlı kişisinin bu sözlərə təhəmmülü olmayacaq; özlərini əmin edirlər ki, ölkənin taleyini düşünən və həll edən kişilər bu virtual əxlaq terrorunun qarşısında siyasi dözümlərini bir gün itirəcəklər. Onda isə ssenarinin ikinci hissəsi, terrorun ikinci dalğası başlayacaq – xalqın bir üzvü olan rəhbərlərin xalqın dəyərlərinə hörmət etmədiyini demək fürsətləri və xalqın hissiyatına toxunmaq imkanları olacaq.

Digər, daha təhlükəli və qorxulu məqam yenə də azərbaycanlı kişisinin hissinə toxunmaqla, qisasçılıq duyğusunu alovlandırmaqdır. Mahiyyətləri “bolşevik pulu ilə 5 qəpik” etməyənlərin söyüş terrorunu durdurmaq üçün bir gün dözümünü itirən KİŞİ-nin Avropanın göbəyindəcə azərbaycanlı kişisinə xas addım atacağını dördgözlə gözləyirlər. Çünki bu ssenarini hazırlayanlar üçün adlarını çəkmədiyim o 3-5 nəfər sadəcə birdəfəlik istifadə üçün lazımdır. Necə ki, sağlam Skripal heç kəsin yadına da düşmürdü, heç bu polkovniki qorumaq da ağıla gəlmirdi, ancaq zəhərlənmiş və reanimasiyada yatan Skripal bütün dünyaya gərəkdir.

Məsələnin mahiyyəti aydındırmı? Hər iki halda udan bu ssenarini hazırlayanlar, uduzan isə ona alət olanlar, onların doğmaları və Azərbaycandır.

Bu iki ssenarinin həyata keçməməsi üçün əslində Prezidentin köməkçisi Əli Həsənov deyil, biz çağırış etməliyik: Azərbaycanın siyasi sabitliyi, stabil inkişafı və ölkəmizin getdikcə güclənən nüfuzu bir çoxlarının yuxusunu qaçırıb. Onlar ölkəmizin mənəvi dayaqlarını sarsıtmaq və dövlətimizə beynəlxalq təzyiq formalaşdırmaq üçün hər şeydən - əxlaqdan da, namusdan da keçirlər.

Sizlər xalqımız və dövlətimiz naminə onları eşitməzdən gəlin, bu millət üçün onları görməyin, onları öz ritorikaları ilə özlərini bu millətin gözündə necə miskin hala saldıqlarını göz önünə gətirin.

Sizlərin bütün bunları hesabladığına qəti şübhəmiz yoxdur. Sadəcə, bilin ki, sizlərin dövlətçiliyimiz üçün etdiyiniz bu fədakarlığınızı biz bilirik! Və onların cavabını da biz verməliyik və veririk!"


Müəllif: Cabbar