15 Aprel 2018 10:21
1 701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarixən ulduzları barışmayan Türkiyə və Yunanıstan arasındakı münasibətlər son günlər pisləşməkdə davam edir. Martda Türkiyə sərhədini keçdikləri üçün həbs olunan iki yunan əsgəri ilə bağlı yaranan gərginlik hələ də davam etməkdədir.

Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Turan Rzayev deyib.

O qeyd edib ki, hətta vəziyyət ölkə başçılarılarının işə müdaxilə edib sərt ifadələrdən istifadə etmələrinə qədər gəlib çatıb:

“Etiraf etmək lazımdır ki, biz artıq Türkiyə tərəfindən bu cür sərt ittihamlar eşitməyə öyrəşmişik. Amma Avropa İttifaqına 400 milyard avro borcu, iflasın astanasında olan Yunanıstanın güclü Türkiyə qarşısında bu cür iddialı çıxış etməsi olduqca maraq doğurur. Tədricən ortaya bəzi suallar çıxır. Yunanıstanı Türkiyə qarşısında cəsarətləndirən səbəb nədir? Yunanıstanın arxasında kim durur? Türkiyə Yunanıstan gərginliyinin pərdəarxası məqamları nələrdir?

Məsələnin analizinə keçməmişdən öncə qeyd edim ki, Yunanıstan və Türkiyə daim bir-birlərinə neqativ münasibət bəsləyiblər və bu, heç kimə sirr deyil. Təbii ki, tarixi proseslər də hər kəsə məlumdur. Lakin hazırki gərginliyin başlanğıcı 2016-cı il iyulun 15-də çevrilişə cəhddən sonra Yunanıstana sığınan türk zabitlərin Türkiyəyə geri qaytarılmaması oldu. Əlbəttə, bu qərarı yunan hökuməti təkbaşına verməyib. Bunun əksini iddia etmək xəyalpərəstlik olardı. Gəlin, qısaca bu gün Yunanıstanın Avropada və ümumən dünya siyasətində yerinə baxaq. Siyasi varlığını ABŞ-la dostluq sayəsində və NATO-da yer alaraq qoruyan Yunanıstanın güclü Türkiyənin qarşısında təkbaşına durması mümkün deyil. Çünki hərbi çevrilişlərdən başı çox bəlalar çəkmiş bir ölkə olaraq Yunanıstan öz içindəki xunta həvəskarlarını heç vaxt cəsarətləndirmək istəməz”.

T.Rzayev hesab edir ki, Yunanıstan-Türkiyə gərginliyinin arxasında ABŞ dayanır:

“ABŞ heç zaman Türkiyənin nə tam mənada güclənməsini, nə də zəifləməsini istəyib. ABŞ üçün Türkiyə həmişə orta gücdə bir dövlət olmalıdır. Hər on ildən bir Türkiyədəki hərbi çevrilişlər bunun bariz nümünəsidir. Türkiyə nə zaman bir az güclənməyə başlasa ABŞ ya Türkiyədə hərbi çevriliş edir, ya da Türkiyəni mənasız müharibələrlə yorurdu. Beləcə, 50 ilə yaxın bir müddət ərzində Türkiyəni təsirində saxlamağa nail oldu. Digər tərəfdən artıq hər kəsə məlumdur ki, ABŞ-la Türkiyənin strateji tərəfdaşlığı bərpası mümkün olmayan və ya çox çətin bir vəziyyətdədir. Bunun əksi olaraq güclü Türkiyə-Rusiya əlaqələri yaranmaqdadır. Bu da ABŞ-ın qəbul edə bilməyəcəyi bir təhdiddir”.

Ekspertin fikrincə, ABŞ Yunanıstanla Türkiyəni qarşı-qarşıya gətirərək, pravoslav Yunanıstana yenə pravoslav Rusiyanın sahib çıxmasını, beləliklə də Rusiya-Türkiyə blokunun çökməsini hədəfləyir:

“Qısası, ABŞ bir güllə ilə iki quş vurmağın planları üzərində çox ciddi səy göstərir. Oyun qurucusu həmişə olduğu kimi yenə də ABŞ-dır. Ancaq bu dəfə oyun qurarkən vəkaləti hər hansı terror təşkilatına yox, bir dövlətə verirlər. Bu dövlət məhz Yunanıstandır. Hadisələrin müşahidəsi bu nəticəyə gətirib çıxarır. Burada Rusiyanın sərgiləyəcəyi rəftar olduqca əhəmiyyətlidir. Türkiyənin isə bu prosesi çox yaxşı idarə etməsi, gücünün və zəifliklərinin fərqində olaraq dik duruş sərgiləməsi hər şeydən əvvəl daşındırıcı olacaq. Ümid edirəm ki, Afina ağıllı davranıb onsuz da zəif olan iqtisadiyyatını özü üçün mənasız bir macərada daha da zəiflətməyəcək. Əks halda Yunanıstan Türkiyəyə Lozannada əlindən alınan Qərbi Trakya və 12 adanı qaytarmağa fürsət vermiş olacaq”.


Müəllif: Səxavət Həmid