13 Aprel 2018 19:51
3 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Ankarada yaşayan siyasi təhlilçi Toğrul İsmayılla müsahibəni təqdim edir.

- Toğrul bəy, Bəşər Əsədin Duma şəhərində kimyəvi silah tətbiq etməsi haqqında xəbərlər ABŞ-Rusiya qarşıdurmasını gücləndirib. Bəzi analitiklər hətta bu durumun III Dünya müharibəsinin başlamasında qığılcım rolunu oynaya biləcəyini deyir...

- Suriyada terror təhlükəsi demək olar ki, aradan qaldırılıb. Buna baxmayaraq, ABŞ və Rusiya artıq açıq şəkildə mübarizə aparır, bir-birinə sərt mesajlar yollayır. Ancaq mən ABŞ-ın Suriyada əsas hədəfinin Rusiya olduğunu düşünmürəm. Məncə, ABŞ-ın əsas məqsədi Rusiyanın geri çəkilməsi və İranın hədəf altına alınmasıdır. Rusiya sadəcə, arada göründüyü üçün sərt mesajlar ona ünvanlanır. Rusiyanın ortada olmasının səbəbi də bölgədə nüfuzunu artırmaq və xaotik ortam yaratmaq istəyi ilə bağlıdır. Əslində, Rusiya da, ABŞ da bölgədə xaosun olmasında maraqlıdır. İndi Vaşinqton-Moskva gərginliyi dünyada neftin qiymətinin qalxmasına da ciddi təsir edir. Artıq iki gündür ki, neftin qiymətində artım müşahidə olunur. Bu, Rusiya üçün sərfəlidir.

- Amma bununla paralel olaraq Rusiyada milli valyuta dəyərdən düşür...

- Bunun səbəbi başqadır. Rusiya uzun müddətdir ki, ABŞ-ın həyata keçirdiyi sanksiyaların altındadır. Rusiya hökuməti süni sürətdə rublun dəyərini qorumaq siyasəti aparırdı. İndi ABŞ-ın sanksiyası, habelə Vaşinqtonun Pekinə qarşı həyata keçirdiyi iqtisadi siyasət rus iqtisadiyyatını vurdu. Sadəcə, söhbət təkcə Rusiyadan getmir. Bu proses Rusiya ilə yanaşı Türkiyə və İranı da vurub.

- Siz, Suriyada ABŞ və Rusiya arasında hərbi qarşıdurma gözləmirsiniz?

- Yox. Bəşər Əsəd rejimi Rusiyanın müharibəyə başlaması üçün səbəb ola bilməz. Məntiq bunu deyir, amma istisnalar da ola bilər. Siyasətçilərin necə davranacağını biz deyə bilmərik. Fikirlərimizi məntiq üzərində qurmağa çalışırıq, amma siyasətçilərin daha çox məlumatları olduğu üçün fərqli qərarlar verə bilirlər. İndiki reallıqlar və məntiq deyir ki, Suriya Moskva üçün müharibəyə başlamaq səbəbi ola bilməz. Bu gün Rusiya əslində müharibəyə hazır da deyil. Daxil olacağı istənilən müharibənin nəticəsi ona baha başa gələr. Sonuncu dəfə Rusiya 2008-ci ildə Gürcüstana hücum çəkdi. Amma bunun nəticəsi ağır oldu, Rusiya xeyli maliyyə sərf etdi. O ki qala Rusiyanın ABŞ-la müharibəyə girməsinə, bu, Rusiya iqtisadiyyatını tamamilə çökdürər. ABŞ və Rusiya müqayisə edilməyəcək iqtisadi güclərə malikdir. Bu gün üçün ABŞ, İngiltərə və Fransa ittifaqı ortaya çıxıb. Bu ittifaqa qarşı Rusiyanın mübarizə aparması ağlabatan deyil. Üstəlik, əgər Rusiya Suriyada ABŞ-a qarşı hərəkətə keçərsə, NATO məsələyə müdaxilə etmək məcburiyyətində qalar. Sözsüz ki, Rusiya bütün bunları hesablayıb. Belə bir qığılcımın nələrə səbəb olacağını təsəvvür etmək isə çətindir. Bunun altından kimsə çıxa bilməz. Bu artıq müharibə deməkdir. Bu müharibənin bir tərəfində Rusiya, digər tərəfində isə bütün dünyanın dayanması deməkdir. ABŞ və Avropa iqtisadiyyatı dünya iqtisadiyyatının 70 faizini təşkil edir. Söhbət müqayisə edilməyəcək gücdən gedir.

- Bu halda ortaya sual çıxır: Moskva və Vaşinqton yaranan qarşıdurmanı hansı yolla həll edəcək?

- Fikrimcə, diplomatik vasitələr işə düşəcək. ABŞ-da hesab edirlər ki, “Suriyanı vuracağıq” deməklə Rusiya bir qədər geri çəkilə və beləcə problemlər həll edilə bilər. Bundan sonra təzyiqlər diplomatik istiqamətdə başlaya bilər.

- Prezident Tramp açıq şəkildə “hazır ol Rusiya, raketlərimiz gəlir” kimi ifadə işlətdi...

- Bəli, ancaq Trampın ikinci açıqlaması daha yumşaq formada oldu.

- Tramp niyə qəfildən fikirlərini dəyişir?

- Sözsüz ki, qeyri-ciddi açıqlamaları olur. Onun fikirlərinin dəyişməsinə səbəb nəzərdə tutduğu təzyiqlərlə bağlı ola bilər.

- Sizcə, Rusiya bu basqıların qarşısında geri çəkiləcəkmi?

- Maksimum dərəcədə dirəniş göstərəcək, amma vəziyyət ciddiləşəcəyi təqdirdə geriyə addım atmaq imkanında da olacaq. Bu, təkcə Rusiyaya deyil, ABŞ-ın özünə də aiddir. Yəni ABŞ-ın da müəyyən anda geri addım atacağını düşünürəm.

- Bu halda Bəşər Əsədin taleyi necə olacaq?

- Məncə, Bəşər Əsədin getmək zamanı gəlib.

- Yəni Rusiya bu mərhələdən sonra Bəşər Əsədi qoruyub saxlamayacaq?

- Bəşər Əsəd onsuz da, rusların kumiri deyil. Sadəcə olaraq Əsədə alternativ tapa bilmədikləri üçün onu dəstəkləmək məcburiyyətindədir.

- Hazırda Suriyada vəziyyətə nəzarət edə biləcək və hamı tərəfindən qəbul olunacaq bir lider varmı?

- İndi bu haqda danışmaq çox tezdir. Bu gün Rusiya və ABŞ-ın mövqelərinin üst-üstə düşməsi haqda bir söz deyə bilmərik. Bunun üçün zaman lazımdır. Ancaq tərəflər məcburi şəkildə bölgədə bir araya gəlməlidir. Başqa çıxış yolu yoxdur. Hər biri Suriyada öz siyasətini aparacaqsa, deməli, xaos da davam edəcək.

Bir məqamı da qeyd etməyi vacib sayıram. Ötən il də Suriyada analoji problem yaranmışdı. Ancaq biz Rusiya ilə ABŞ arasında hər hansı bir müharibəni görmədik. Əlbəttə, o zaman ABŞ Əsədin bir hava bazasına zərbələr endirdi. İndi də ABŞ-ın Əsədin silahlı qüvvələrinə zərbə endirməsi ehtimalı var, amma bunun Rusiya-ABŞ müharibəsinə çevriləcəyini güman etmirəm.

İkincisi, ABŞ prezidentinin Tvitter açıqlamaları Suriyada Əsədə və ya Rusiyaya aid hərbi hissələrə zərbələr endirmək məqsədi güdmür. Əksinə, bu açıqlamalarla paralel olaraq ABŞ Suriyada yerləşmək və möhkəmlənməkdə davam edir.

Üçüncüsü, Trampın Tvitter açıqlamaları tragikomik xarakterlidir. Təsəvvür edin, Suriyada kimyəvi silah tətbiq edilib. Yaşlı insanlar, qadınlar, körpə uşaqlar bunun nəticəsində ölüb, dəhşətli faciələr yaşanır. Amma Tramp Tvitterdə yazır ki, mən söyləmədim nə vaxt vuracağıq, vurmaya da bilərik və s. Gerçəkdən bu dəhşətlidir.


Müəllif: Cavad