17 Aprel 09:16

Teleqraf.com Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevlə müsahibəni təqdim edir.

- Əli bəy, ABŞ, İngiltərə və Fransanın Suriyaya son hərbi zərbələrini necə qiymətləndirirsiniz?

- Məlum olduğu kimi, Suriyada hökumət qüvvələrinin Duma şəhərində kimyəvi silahdan istifadə etdiyi iddiaları səsləndirilmişdi. Hazırda orada kimyəvi silahın tətbiq edilib-edilməməsinə dair təhqiqat aparılır.

Sözsüz, bu prosesə təsir edən digər amil kimi Sergey Skripalın ailəsinə Böyük Britaniyada olan təcavüzü qeyd eləmək olar. İngiltərə baş naziri və xarici işlər naziri Skripalın ailəsinə qarşı tətbiq edilən kimyəvi qazın Rusiyada istehsal edildiyini bildirmişdi. Hətta London ABŞ-a müraciət etmişdi. Bir sözlə, Rusiyanın bu işdə iştirakı iddia olunurdu.

Dumada kimyəvi silahdan istifadə edilməsində də Rusiya üstüörtülü formada ittiham edilirdi. Beləcə, Rusiyanın əndazəyə sığmayan siyasi iddiaları dünyanı narahat etməyə başladı. Son hadisədən əvvəl Aralıq dənizindən İsrailin Suriyanı vurması göstərdi ki, dünya gücləri keyfiyyətcə yeni qarşıdurma mərhələsinə daxil olub. Ümumilikdə Duma şəhərində baş verən hadisə bəhanə də sayıla bilər.

Ötən il ABŞ təkbaşına Suriyaya 50-dən artıq raket atmışdı. Bu dəfə Bəşər Əsədə daha ciddi xəbərdarlıq olundu. Koalisiya qüvvələrinin Suriyaya haradasa 100-dən çox raket atdığı bildirilir. Məncə, bu, hərbi məqsəddən çox strateji mesaj yükü olan xəbərdarlıqdır.

- Suriyaya zərbədən əvvəl Moskva elan etdi ki, Bəşər Əsədə zərbə vurulsa, qarşılıq verəcək. Lakin zərbələrdən sonra Moskva susdu. Sizcə, niyə?

- Əvvəla, onu deyim ki, Suriyada 3 məntəqəyə endiriləcək raket zərbəsindən əvvəl Rusiyaya xəbərdarlıq edilib. Düzdür, Qərbdə bunu danırlar, amma Rusiya Tartus limanından gəmilərini əvvəldən çəkmişdi. İkincisi, rus mediası yazır ki, zərbələr Rusiya hərbçilərinin dislokasiya edilmədiyi ərazilərə endirilib. Ona görə də Rusiya bu məsələdə sərt mövqe göstərməsi üçün ciddi əsas tapmadı. Ancaq koalisiyanın özünün Suriya ilə bağlı niyyətləri var.

Orada İranın quru qoşunları İsraillə yaxın məsafədə yerləşib. Bunu İsrail özünə ciddi təhlükə hesab edir. Ümumiyyətlə, dünya gücləri Rusiya və İran, bəzi hallarda Türkiyənin birgə işbirliyindən narahatdır. Son hücum hadisələri göstərdi ki, Türkiyə İran və Rusiya ilə epizodik və funksional əməkdaşlıq edir. Ankara “üçlüy”ün Suriya zərbəsini dəstəklədi, Bəşər Əsədə qarşı mövqeyini bir daha təkrarladı. Bu göstərir ki, Türkiyə özünü ikili ittifaqla sona qədər bağlamaq niyyətində deyil. Əksinə, Ankaranın strateji maraqları var. Bu da ABŞ və Avropadan maliyyələşən kürd silahlı qruplarının neytrallaşdırması ilə bağlıdır.

- “Əl-Cəzirə” kanalı iddia edib ki, Rusiya “üçlüy”ün Suriyaya zərbələrindən öncə məlumatlı olub. Siz də düşünürsünüz ki, ruslar bu informasiyanı Əsədə və digər müttəfiqlərinə ötürüb?

- Bayaq qeyd etdiyim kimi, əvvəl Qərb bloku bildirdi ki, ruslara raket zərbələri ilə bağlı məlumat verilməyib. Mən bunu istisna edirəm. Nəzərə alın ki, Rusiya özünə hörmət edən dövlətdir, əgər Suriyada onun əsgərlərinə zərbə endirilsə və ya ona xəbərdarlıq etmədən hərəkət olunsaydı, buna hökmən qarşılıq verərdi. Bu haqda Rusiya prezidenti, müdafiə naziri və baş qərargah rəisi də açıq şəkildə bəyanat vermişdi. Mənə elə gəlir, Qərb bloku Rusiyaya diplomatik və hərbi kanallarla öncədən məlumat sızdırıb.

Məncə, Qərb bloku son hücumlarla “Suriyada biz də varıq” mesajını verir və göstərir ki, Suriyadan imtina etmək niyyətində deyil, Rusiya-İran cütlüyünün hegemonluğuna müsbət yanaşmır. Təbii ki, zərbə strateji mahiyyət daşımır. Xüsusilə, Suriya rejiminin kimyəvi silaha malik olmasına dair konkret məlumat əldə edilməyib. Odur ki, “üçlüy”ün son həmləsi “bizim gücümüz var” mesajı səciyyəsi daşıyır. Bu, anqlosaksların qətiyyət nümayişidir.

Əslində, mənə görə, bu prosesdə ən maraqlı hadisə zərbədən sonra Rusiyanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasında keçirilən iclasdır. Həmin iclasda Rusiyaya daimi 5 üzv dövlətdən ancaq Çin dəstək ifadə etdi. Qeyri-daimi üzvlərdən Qazaxıstan bitərəf qaldı. Rusların ən yaxın müttəfiqləri belə, qlobal məsələlərdə Moskvaya dəstək vermir.

Yeri gəlmişkən, Krım hadisələri zamanı Belarus və Azərbaycan da Rusiyaya dəstək vermədi. Görünən odur ki, Rusiya aqressiv siyasi xətlə özünü təkləyir. Artıq Rusiya daxilində də bu siyasətin yanlış olduğu haqda təəssüratlar formalaşmağa başlayıb.

- Konkret nəyi nəzərdə tutursunuz?

- Son hadisələri nəzərdə tuturam. Məsələn, Dmitri Deripaska Vladimir Putinə yaxın adamdır. Onu bəzən Putinin pul kisəsi də adlandırırlar. Təsəvvür edin, Deripaska Rusiyanın alüminium bazarına nəzarət edir, ABŞ isə alüminium bazarını çökdürən qərar verir.

Son sanksiyalar çərçivəsində Deripaskanın şirkəti də qara siyahıya salınıb. Bu şirkətin qara siyahıya salınmasından sonra Deripaskanın səhmləri 50 faizə qədər ucuzlaşdı. Bu sanksiya siyahısı göstərir ki, Rusiya üçün ciddi mənfi perspektivlər var. Ekspertlərin dediyinə görə, gələn ilin əvvəlindən ABŞ fərdləri yox, kompleks sistemi hədəfə alan sanksiyalar tətbiq edəcək. Bu da Rusiya üçün çətin perspektiv vəd edir. “Üçlük” Suriyaya zərbə endirməklə Rusiyaya yumşaq davranmaq təklifi verir.

- Bəşər Əsədə zərbə endirildi, ruslar buna loyal yanaşdı. Bundan sonra nə gözlənilir?

- Dünya çapında münasibətlər gərgindir. Amma bir neçə səbəbdən Suriya Rusiya üçün qırmızı xətdir. İlk növbədə Rusiya Qətər qazının Suriya üzərindən dünya bazarına çıxarılmasının qarşısını almaq üçün müharibəyə başladı. Qətərin böyük qaz və neft ehtiyatları var. Ankara 2011-ci ildə Bəşər Əsədlə razılığa gəlmişdi və məqsəd bu ehtiyatları dünya bazarına çıxarmaq idi. Amma Suriya prosesindən sonra Bəşər Əsəd Rusiyaya sığındı və Rusiyanın bu layihənin qarşısını almağa başladı. Hələ o dövrdə Rusiyada bu məsələyə qərar verən şəxslər mətbuata deyiblər ki, bunun qarşısını almasaydılar, “Qazprom” defolt olardı və Rusiya dövlət xəzinəsi boşalardı.

Bu mənada Rusiya imkan verməyəcək ki, kimsə zor gücünə Qətər qazını Suriya vasitəsilə dünya bazarına çıxara bilsin. Bu, iqtisadi baxımdan Rusiyanın ölüm-dirim məsələsidir.

İkincisi, Rusiya Yaxın Şərqdə mövqelərini gücləndirmək niyyətindədir. İndi həm Yəməndə, həm də Liviyada Rusiyanın özəl hərbi şirkətləri fəaliyyət göstərir. Rusiya ənənəvi olaraq SSRİ dövründə Yaxın Şərqdə güclü olub və indi də bu mövqeyinə qayıtmaq niyyətindədir. Suriya da bu məsələdə açar dövlətdir.

Xüsusilə Tartus dəniz limanı Rusiyanın Aralıq dənizi üçün bazasıdır, dünya okeanlarında hərəkət edən sualtı qayıq və gəmiləri bu limandan təchizat məqsədilə istifadə edirlər. Üstəlik burada təyyarə limanı da var və bu baza Rusiyaya imkan verir ki, Yaxın Şərqdə vəziyyətə nəzarət etsin. Rusiya bu imkanları sayəsində ərəb dünyasında mövqelərini gücləndirməyə çalışır.

Bu baxımdan Rusiyanın Suriyadan çıxması və ya uduzmasını təsəvvür etmirəm. Amma Qərb bloku sərt şəkildə Rusiyanın üzərinə gedərsə, bunun ciddi fəsadları ola bilər. Yəni Suriyada dünya müharibəsi başlaya bilər.


Müəllif: Cavad
Загрузка...