18 Aprel 2018 09:15
1 473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın Şərqdəki gərgin situasiya səngimək bilmir. Hazırda böyük güclərin maraqlarının toqquşduğu bölgə məhz Yaxın Şərq, xüsusilə də Suriyadır.

Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Rusif Məmmədov bildirib.

O qeyd edib ki, Suriyadakı vəziyyət gərgin olduğu qədər də qarışıqdır:

“Yəni, dövlətlərin maraqlarını müəyyənləşdirmək o qədər də asan deyil. Bildiyiniz kimi, ABŞ, Fransa və İngiltərə aprelin 14-də Suriyanın Dəməşq şəhərini raket zərbələri ilə atəşə tutdu. Bundan sonra Rusiya tərəfi bu addımı sərt tənqid etdi. ABŞ bu addımı Bəşər Əsədin dinc əhaliyə kimyəvi silahdan istifadə etdiyi üçün atdığını bildirdi. Rusiya bunun öz təsdiqini tapması üçün araşdırmanın labüdlüyünü bəyan etsə də, ABŞ Prezidenti Donald Tramp bunun sadəcə vaxt itkisi olduğunu açıqladı.

Trampın bu çıxışının səbəbləri müəyyən mənada bəllidir. Kimyəvi silahın tətbiqi ABŞ-ın Suriyada var olmasına, eyni zamanda masada yer almasına zəmin yaradacaq faktor idi. Bu mənada ABŞ-ın kimyəvi silahdan əvvəlcədən xəbərdar olduğunu düşünürəm”.

Rusif Məmmədov qeyd edib ki, Suriyada baş verən olaylara bir teatr səhnəsi kimi baxmaq lazımdır:

“Burada qurban hər bir halda Suriya xalqıdır. ABŞ yenidən öz ənənəvi üsulundan istifadə edir. ABŞ-ın Suriyadakı fəaliyyəti 2003-cü il İraq əməliyyatlarına çox bənzəyir. Həmin ərəfədə ABŞ nüvə silahının olması bəhanəsilə İraqa daxil olaraq ölkəni viran qoydu. O zaman Rusiya bu məsələdə fəallıq göstərməmişdi. İndiki halda bir qədər fərqli səhnə görə bilərik.

Tramp çıxışınıda qeyd edir ki, “ABŞ əsgərləri Suriyadan çıxmalıdır. Biz Yaxın Şərqdə 7 trilyon dollardan çox pul itirmişik”. Bir regionda 7 trilyonundan keçən ABŞ-ın regionu tərk etməsini düşünmək sadəlövhlük olar. ABŞ Yaxın Şərq neftindən ən çox yararlanan ölkədir. İraq da buna bariz nümunədir”.

Ekspert ABŞ-ın planına heç nəyin təsir edəcəyini düşünmür:

“Birləşmiş Ştatlar elə qüdrətli dövlətdir ki, onun planlarına heç nə təsir edə bilməz. Rusiya, İran və Türkiyə liderlərinin Ankarada baş tutmuş zirvə görüşündən sonra ABŞ fəallığını daha artırdı. Belə ki, ABŞ-ın müdafiə naziri Ceyms Mettisin də qeyd etdiyi kimi, bu üçtərəfli görüşlərdə yalnız ABŞ çatışmır. ABŞ bu hücumlarla Rusiya, Türkiyə və İrana da mesaj verdi. ABŞ demək istəyir ki, mən olmadan regiona nəzarət edə bilməzsiniz.

Məsələnin digər tərəfi isə güc nümayişi idi. ABŞ Rusiyanın hava hücumundan müdafiə qurğularının etibarsız olduğunu sübut etmək istəyirdi. Lakin Rusiya tərəfi 103 raket zərbəsinin 71-nin qarşısının alındığını qeyd edir. Öz növbəsində Pentaqon da bunu təkzib edir və raket zərbələrinin heç birinin qarşısının alınmadığını vurğulayır”.

Rusif Məmmədov Fransanın fəallığından da bəhs edib:

“Dünyanı demokratiyaya dəvət edən Fransanın Yaxın Şərq və Şimaili Afrikada nələr törətdiyini hər kəs yaxşı bilir. Bu baxımdan Parisin bu gedişatını gözləmək olardı. Lakin məsələnin digər tərəfi də var. Bu da ondan ibarətdir ki, Fransa Prezidenti Emmanuel Makron bununla ölkədaxili vəziyyəti sabitləşdirmək məqsədi güdür”.


Müəllif: Səxavət Həmid