18 Aprel 2018 21:14
2 920
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistandakı etiraz aksiyalarının aparıcı qüvvəsi gənclərdir. Gənclərin bu etiraz dalğasının başında dayanan şəxs isə Nikol Paşinyandır.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, siyasi şərhçi Natiq Miri deyib.

O qeyd edib ki, Serj Sərkisyan N.Paşinyanı həbsə atdırmışdı və uzun müddət həbsdə qalmışdı:

“Paşinyan həbsdən çıxdıqdan sonra parlamentə müxalifət adına düşməyi bacardı. O, Ermənistanda birmənalı olaraq Serj Sərkisyan əleyhdarı kimi tanınır. Bu, etiraz dalğasının bazasının gənclər olması Serj Sərkisyan üçün müəyyən problemlər yaradır. Gənclər daha təşəbbüskar və dinamik olduqları üçün etiraz dalğasının gələcəkdə Ermənistanın bütün cəmiyyətini əhatə edə biləcəyini düşünürəm. Bu baxımdan Serj Sərkisyan indiyədək bəlkə də rastlaşmadığı etiraz dalğası ilə üz-üzədir”.

Ancaq N.Miri qeyd edib ki, bu etiraz dalğasının perspektivli olması üçün xaricdən mütləq mənada ciddi dəstəyə ehtiyac var:

“Söhbət Qərbin dəstəyindən gedir. Hələlik bu etiraz dalğasının Qərb institutları tərəfindən ciddi şəkildə dəstəklənməsi ilə bağlı hərəkətlilik, konkret informasiya və əlamətlər hiss olunmur. Ayrıca Nikol Paşinyanın rəhbərlik etdiyi bu etiraz dalğasının perspektivi olması üçün mütləq mənada ya Qərb institutlarının, ya da Rusiyanın dəstəyinə ehtiyac var. Əgər Rusiya bu prosesi dəstəkləyəcəksə, onda Serj Sərkisyan hakimiyyətinin sonu barədə danışmaq mümkündür. Əgər belə bir dəstək olsa, Ermənistanda çox yaxın zamanda hüquq-mühafizə orqanlarının tədricən xalqın tərəfinə keçməsi müşahidə olunacaq. Yox, əgər Rusiya bu prosesi dəstəkləməsə, o zaman hərbi gücün, yəni ordunun da müdaxiləsi ilə bu etiraz aksiyalarının yatırılması gözlənilir”.

Politoloq əlavə edib ki, etirazlara başçılıq edən N.Paşinyan bundan əlavə jurnalistlik fəaliyyəti ilə tanınan demokratik təfəkkürə malik bir şəxsdir:

“Bu baxımdan düşünürəm ki, Qərb institutları Nikol Paşinyanın başlatdığı bu dalğanı dəstəkləyə bilərlər. Ancaq biz hələlik biz bu dəstəyi müşahidə etmirik. Ola bilsin, Kremldə də bu prosesi dəstəkləyənlər tapıla bilər. Düşünürəm ki, çox yaxın zamanlarda proseslərin hansı istiqamətdə inkişaf etdiyini görəcəyik. Yalnız bundan sonra etiraz dalğasının perspektivindən danışmaq mümkün olacaq”.


Müəllif: Səxavət Həmid