18 Aprel 2018 17:28
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:32

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər və İdman Nazirləri Konfransının dördüncü sessiyasında iştirak edən gənclər və idman nazirləri ilə görüşüb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Bilal Ərdoğanı və Türkiyə Respublikasının gənclik və idman naziri Osman Aşkın Bakı qəbul edib.

Nazir Osman Aşkın Bak və Bilal Ərdoğan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Binəli Yıldırımın salamlarını dövlətimizin başçısına çatdırdılar. Qonaqlar Prezident İlham Əliyevi prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə bir daha təbrik etdilər və bu qələbənin Türkiyədə böyük qürur hissi ilə qarşılandığını bildirdilər.

Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, ölkələrimizin gənclər siyasəti və idman sahəsində əməkdaşlığının möhkəmləndirildiyi qeyd olundu, Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatı Gənclər və İdman Nazirləri Konfransının 4-cü sessiyasının İslam ölkələri arasında əməkdaşlığın və həmrəyliyin genişləndirilməsi işinə xidmət edəcəyi bildirildi.

Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Binəli Yıldırımın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukio Amanonu qəbul edib.

Dövlətimizin başçısını prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edən Yukio Amano Prezident İlham Əliyev ilə inauqurasiya mərasimi günündə görüşməsinin əlamətdar hadisə olduğunu dedi. Azərbaycanın Beynəlxalq Atom Enerjisi Agentliyi üçün çox mühüm tərəfdaş olduğunu qeyd edən Yukio Amano ölkəmizlə yüksək səviyyəli əməkdaşlıq həyata keçirildiyini, bir sıra mühüm layihələr üzrə birgə iş aparıldığını vurğuladı.

Təbrikə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Yukio Amanonun ölkəmizə səfərinin önəmini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycan ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında yaxşı tərəfdaşlıq əlaqələrinin mövcud olmasından və bir sıra birgə layihələr üzərində işlərin aparılmasından məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev ölkəmizlə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlığın gələcəkdə də inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi.


Müəllif: Teleqraf.com