18 Aprel 2018 21:29
1 188
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə 2 ay sonra – iyunun 24-də erkən prezident və parlament seçkilərinə gedir. Seçkilərin tezləşdirilməsinin səbəbləri rəsmən açıqlanmasa da, ekspertlər mümkün variantları səsləndirməkdədirlər.

Türkiyədə seçkilər niyə vaxtından əvvələ salındı, sualı Azərbaycanda da bir çoxlarını düşündürür.

Siyasi şərhçi Şahin Cəfərlinin bununla bağlı fikirlərinin maraqlı olacağını nəzərə alaraq oxuculara təqdim edirik.

“Yanğından mal qaçırmaq” kimi görünən bu fövqəladə seçki qərarının bir çox səbəbinin olduğunu diqqətə çatdıran Ş.Cəfərli 3 əsas səbəb üzərində dayanır.

Birinci səbəb məhz “yanğın”la, yəni iqtisadi böhranla əlaqədardır.

"Türkiyədə İnflyasiya, işsizlik faizləri ikirəqəmli səviyyəyə yüksəlib, iş yerləri bağlanır. Bu ilin ilk 2 ayında 20 mindən çox əsnaf (kiçik və orta sahibkar) iflas edib, son 4 ildə iflas edən əsnaf sayı isə 430 min nəfərdən çoxdur. 2017-ci ilin yekunlarına əsasən 332 mindən çox ticarət obyekti (onların KOBİ dediyi kiçik və orta ölçülü işlətmələr) kredit borcunu ödəyə bilməyərək icralıq olub. Ümumilikdə məhkəmələrdə problemli kreditlərlə bağlı 26 milyon dosye var.

Türk lirəsi hər gün dəyər itirir və bu da öz növbəsində əhalinin gəlirlərinin əriməsi, alıcılıq qabiliyyətinin aşağı düşməsi deməkdir. Türkiyənin 460 milyard dollar civarında xarici borcu var və bunun 185 milyard dolları bu il ərzində ödənməlidir. Xarici ticarət kəsiri rekord həddə çatıb və bunun da maliyyələşdirilməsi üçün vəsait tələb olunur. Yeni borclanma olmadan köhnə borcları ödəmək və büdcə kəsirini yamamaq imkansız görünür. Türkiyənin toplam qızıl-valyuta ehtiyatı hazırda 108 milyard dollardır və azalmağa davam edir, bunun 83 milyardı valyutadır, həmin vəsaitin nəğd qismi isə təxminən 30 milyard dollardır. İndi hökumət dövlətin əlində qalmış müəssisələri özəlləşdirmək yolu ilə qaynaq yaratmağa çalışır, lakin bunun çözüm olmadığı hamıya aydındır. Açıq görünür ki, böhran dərinləşərək davam edəcək. İqtidarın müttəfiqi olan MHP başqanı Dövlət Bahçeli dünən açıq söylədi ki, Türkiyənin seçkilərin normal vaxtına – 2019-cu ilin noyabrına qədər davam gətirməsi mümkün deyil", deyə Ş. Cəfərli bildirib.

Ekspertə görə, ikinci səbəb prezident və parlament seçkilərinin 31 mart 2019-cu il bələdiyyə seçkilərindən sonra keçirilməsinin iqtidar üçün daşıdığı risklərlə bağlıdır: "Bələdiyyə seçkilərinə AKP ilə MHP ayrı-ayrılıqda gedəcək, yəni rəqib olacaqlar. Bu isə yerlərdə iki partiyanın namizədləri, fəalları arasında gərginlik yaradacaq. Prezident və parlament seçkiləriöncəsi ittifaqda çat, sosial bazada narazılıq, demotivasiya yarada biləcək belə bir rəqabət arzuolunan deyil. Digər tərəfdən, bələdiyyə seçkilərində hakim partiyanın Ankara və İstanbulu itirməsi ehtimalı var, indi bu 2 meqapolisdə (xüsusən paytaxtda) müxalifətin şansı kifayət qədər yüksək görünür. Prezident-parlament seçkiləriöncəsi paytaxtın və ən böyük şəhərinin itirilməsi mənəvi-psixoloji üstünlüyün müxalifətin əlinə keçməsi deməkdir".

Ş.Cəfərli hesab edir ki, üçüncü səbəb İyi Partiya amili ilə bağlıdır: "MHP əriməyə davam edir və aydındır ki, 2019-cu ilin noyabrına qədər bu partiya indikindən yaxşı durumda olmayacaq. AKP ilə ittifaqa girdiyi üçün 10 faizlik minimum həddin altında qalsa belə, MHP üçün parlamentə düşmək problemi yoxdur, lakin ittifaqda olan partiyaların adları bülletendə ayrı yazılacaq və əgər MHP 7%-dən az səs alarsa, dövlət yardımından məhrum olacaq. Partiyanın siyasi gələcəyi baxımından əsas problem isə budur ki, MHP-nin 5-6% səs alması bu partiyanın olan-qalan nüfuzuna da ciddi zərbə vuracaq, onu heç öz müttəfiqi də ciddi qəbul etməyəcək. İyi Partiyanın seçkiyə qatılmaqla bağlı probleminə gəldikdə isə, özlərinin dediyinə görə, ilk qurultay 10 dekabr 2017-ci ildə keçirildiyi üçün belə bir problem yoxdur. Qanunun tələb etdiyi 6 aylıq müddət iyunun 24-nə qədər tamamlanmış olur. Hətta partiya seçkiyə buraxılmasa belə, bu qadağanı aşmaq üçün imkanlar var. Başqa partiyanın tərkibində (məsələn, Səadət və ya Demokrat partiyaları) seçkiyə qatılmaq mümkündür. Digər imkan isə parlamentdə 20 millət vəkilindən ibarət qrup qurmaqdır. Qanuna görə, parlamentdə qrupu olan partiyalar seçkiyə qatılmaq haqqı əldə edir. Hazırda İyi Partiyanın 5 deputatı var, CHP ilə razılığa gəlsələr və CHP-dən 15 millət vəkili İyi Partiyə keçsə, problem həllini tapmış olur. Prezident seçkiləri ilə bağlı isə problem yoxdur. Meral Akşener 100 min seçici imzası ilə namizəd olacağını açıqlayıb".

Türkiyədə fövqəladə vəziyyət rejiminin daha 3 ay uzadıldığını diqqətə çatdıran Ş.Cəfərli seçkilərin fövqəladə vəziyyət rejimində keçiriləcəyini bildirib.


Müəllif: Teleqraf.com