24 Aprel 2018 16:14
2 432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri, konfliktoloq Əvəz Həsənov cavablandırıb:

- Ermənistanda baş nazir Serj Sərkisyanın istefası ilə nəticələnən aksiyaları və bütövlükdə prosesin özünü necə qiymətləndirirsiniz?

- Sərkisyanın istefası gözlənilməyən hadisə idi. Hamı ümid edirdi ki, Sərkisyan müəyyən mərhələdə çıxış yolu tapıb vəziyyəti yenidən öz nəzarəti altına alacaq. Çünki faktiki olaraq hakim Respublikaçı Partiyası Ermənistanda öz mövqeyini saxlayıb və Sərkisyanın uduzması üçün gərək nümayişçilər hakim partiyanın mövqeyini zəiflədəydilər. Ancaq belə bir mövqe zəifliyi yox idi. Sərkisyanın emosionallığı və hadisələri düzgün dəyərəndirməməsi ona gətirib çıxardı ki, sonda hakim partiyanın nümayəndələri onu istefaya getməyə razı saldılar. Sərkisyan aprelin 23-də günorta saatlarında parlamentin iclasını çağırmalı, iclasda Paşinyan və həbs olunan digər iki deputatın toxunulmazlıq hüququnu əlindən almalı idi. Bunu edə bilmədi, parlament Sərkisyanın sözünə baxmadı. Eləcə də, Karen Karapetyan Nikol Paşinyanla danışıqlara getdi və aralarında müəyyən razılaşma oldu, bununla da Sərkisyan çıxılmaz vəziyyətdə qaldı. Ermənilər aprelin 24-nə - dırnaqarası genosidə qədər bütün məsələləri həlletməli idilər. Hücum Sərkisyana qarşı idi. O isə Paşinyanla birinci dialoq cəhdində 2-3 böyük səhvi ilə özünü zərbə altına qoydu.

- Sərkisyanın istefasını şərtləndirən bu səhvlər idi?

- Sərkisyan 2015-ci ildə Konstitusiya islahatlarına getdi və ölkəni parlamentli respublika elan elədi. Aydın məsələdir ki, bunu Sərkisyan özü üçün etmişdi. Hakim partiyanın rəhbəri və Qarabağ klanının təmsilçisi kimi hakimiyyətdə möhkəmlənsə də, şəxsi nüfuzu çox aşağı idi. Ermənistanda ən aşağı təbəqədə belə ona qarşı rəğbət yox idi. Onun istefasını şərtləndirən əsas səbəblərdən biri bu idi ki, artıq insanlar Sərkisyanı hakimiyyətdə görmək istəmirdilər. Prosesin özü zamanı da Sərkisyan Nikol Paşinyanı alçaltmaqla həm də nümayişçiləri alçaltdı. Dialoqa gələrək özünü etinasız apardı, Paşinyanı həbs eləməklə faktiki olaraq meydanı daha da qızışdırdı. Eyni zamanda Sərkisyanı Rusiya da dəstəkləmədi.

- Nə səbəbə?

- Avropa Birliyi ilə müqavilə imzaladıqdan sonra Rusiya Sərkisyanı aradan götürmək haqda fikirləşirdi. Rusiya üçün Karen Karapetyanın baş nazir olması maraqlı idi. Çünki Sərkisyan artıq Avropa Birliyi ilə münasibətləri normallaşdırmışdı, Rusiyadan kənardakı diasporla işi gücləndirmişdi. Bəlkə də Rusiyadakı diaspor təşkilatları ilə ciddi münasibətləri yox idi, daha çox dəstəyi Avropada, Fransada, ABŞ-da axtarırdı.

- Rusiya niyə gözləmə mövqeyi seçdi?

- Rusiya dəstək verdiyi və istinad etdiyi hakim partiyanın nümayəndəsinin biabırçı şəkildə hakimiyyəti əldən verməsi və nəzarəti əldən çıxarması ilə heç cür barışa bilmirdi. Meydandakı xalqın hakimiyyəti devirməsinə Rusiya razı ola bilməzdi. Məxməri inqilab variantı rəsmi Kreml üçün normal idi və yekunda Rusiyanın birbaşa nümayəndəsi olan Karen Karapetyan baş nazir vəzifəsini icra edir. Partamentdə də səs çoxluğu hakim partiyaya məxsusdur.

- Baş nazir postunda Karen Karapetyan qalacaq? Bəs Paşinyanın şansı nə qədərdir?

- Bunu demək çətindir, amma Karapetyan ən real namizəddir. Nikol Paşinyanın baş nazir olma ehtimalı yoxdur. O təklif edir ki, baş naziri xalq seçsin və növbədənkənar parlament seçkiləri keçirilsin. Ermənistanda buna razı ola bilən qüvvə yoxdur. Çünki hamı öz yerini alıb. Erməni xalqı parlamenti dağıtmaq fikrində deyil, onlar Sərkisyanla mübarizə aparırdılar, çünki Sərkisyanın nüfuzu yox idi. Hakim partiya öz mövqeyində qalıb, “Daşnaksütyun”la “Çiçəklənən Ermənistan” partiyaları lazımi qədər yer alıblar. Onlar parlamenti dağıtmaq və yenidən növbədənkənar seçkilərdə maraqlı deyillər.

- Ermənistandakı nümayişlərin arxasında hansısa qüvvə dayanırdı? Qərbin rolu vardımı?

- Nikol Paşinyan neçə aydır ki, Sərkisyanla davasını aparırdı. Sərkisyanın baş nazir olmaq iştahasından sonra Ermənistanda ziyalılar, xüsusən Qərblə təmasları olan insanlar arasında etiraz var idi. Etiraz da bu formada meydana çıxdı. Nümayişlərin arxasında hansısa qüvvənin dayandığını demək çətindir. Çünki Qərb özünü çox ehtiyatlı apardı, Ermənistanın işinə qarışmırdı, başa düşürdü ki, əgər vəziyyət gərginləşsə, Sərkisyan Rusiyadan kömək istəyəcək və bu dəstəyə tam arxalanmaq üçün təslim olacaq. Ona görə də Qərbdə ehtiyatla yanaşırdılar. Rusiya da ehtiyat edirdi ki, birdən hanısa gücdən istifadə edər və ya Sərkisyanı birbaşa dəstəkləyər, meydana çıxan insanların Rusiyaya qarşı nifrəti arta bilər. Hər iki güc ehtiyatlı oynadı. Erməni xalqı demokratik proseslərə açıqdır. Onlar nüfuzu olmayan adamın uzun müddət ölkəyə rəhbərlik etməsinin qarşısını aldılar. Daxili faktor daha çox rol oynayır.

- Hadisələr bundan sonra necə inkişaf edəcək?

- Mənə elə gəlir ki, parlamentdə müzakirələr bundan sonra da davam etdiriləcək, meydan yığışacaq, insanların meydana çıxmasına ehtiyac qalmayacaq. Çünki faktiki olaraq ermənilər birinci mərhələni uddular. Onlara Sərkisyanın hakimiyyətdən getməyi lazım idi. Əgər hakim partiya Karen Karapetyanın baş nazir kimi namizədliyini irəli sürsə, koalisyon hökumət yaradılacaq. Bu koalision hökumətə parlamentdə təmsil olunan partiyalar düşəcəksə, artıq onun tərkibi faktiki olaraq bəllidir, yəni “Respublikaçı”, “Daşnaksütyun” və “Çiçəklənən Ermənistan” partiyaları və Nikol Paşinyan səhnədə olacaq. Bundan yuxarı hansısa proseslərin gedəcəyinə inanmıram. Ermənistanda birinci mərhələdə qalib gəldikləri halda vəziyyəti gərginləşdirib ölkənin çalxalamaq istəyəcəklərinə inanmıram. Ona görə də koalisyon hökumət ən optimal variant olacaq. Təbii ki, Paşinyan və partiyasının təmsilçiləri müəyyən vəzifə tutacaqlar. Onun baş nazir olmaq iddiası və ya dediyi kimi, xalqın seçdiyi baş nazir fantaziyadır, bu, mümkün deyil. İnanmıram ki, xalq küçədə baş nazir seçsin. Bu, artıq Ermənistanda mövcud olan konstitusyon quruluşun dağılması deməkdir. Ermənilər indiki mərhələdə buna getməyəcək.

- Ermənistanda hakimiyyət dəyişikliyinin Dağlıq Qarabağ münaqişəsinə təsiri necə olacaq?

- Yeni komanda gələcəksə, onlar danışıqlar prosesində vəziyyəti dərindən öyrənmək və yaxud özlərinə gəlib prosesə qoşulmaq üçün vaxt istəyəcəklər. Ermənilər danışıqlardan heç vaxt geri çəkilməyəcəklər. Çünki bu, Ermənistanın özünə və Rusiyaya sərf eləmir. Ona görə də danışıqlar prosesində qalacaqlar. Ola bilsin ki, Sərkisyandan fərqli olaraq danışıqlara daha professional adam qoşulacaq. Məsələn, Karapetyan baş nazir qalacaqsa, daha predmetli danışıqlarda maraqlı olacaq. Sərkisyan Qarabağ hərəkatının liderlərindən olduğu üçün hansısa danışıqlar aparmağı özünə rəva bilmirdi. O, özünü prosesi tam udmuş adam kimi aparırdı. Müharibədə uğur əldə eləmişdi, Qarabağ konfliktinin həllində hər hansı yumşaq mövqe əvvəlki lider imicini dağıdırdı. Karapetyanda belə imic yoxdur və o, predmetlə danışıqlar apara bilər. Xırda məsələlərin həllini önə çəkə və digər qlobal siyasi məsələləri sonraya da saxlaya bilər. Bir sözlə, müəyyən yumşaq danışıqlar gedəcək.

- Bu müddətdə erməni QHT nümayndələri ilə təmaslarınız olubmu? Onların baş verənlərə reaksiyası necədir?

- Onlarla hər hansı fikir mübadiləsi aparmamışam, amma fəaliyyətlərini izləyirdim, o adamların çoxu meydandaydı və Ermənistanda Sərkisyanın hakimiyyətdən getməsini dəstəkləyirdilər. Yenilik tərəfdarlarıdırlar.

- Erməni lobbisi bu prosesdə hansı mövqedə dayanmışdı?

- Onlar 10 gün gözlədilər. Sərkisyanın geriyə yolunun olmadığını anlayanda diasporun ən böyük nümayəndəsi Şarl Aznavur meydandakıları dəstəklədi. Faktiki olaraq kilsənin və ziyalıların çoxu nümayişçilərin tərəfinə keçəndən sonra diaspor öz dəstəyini göstərməyə başladı. O vaxta qədər ciddi dəstək yox idi. Paşinyan tələbələr, müxalifətin müxtəlif kəsimlərini və QHT nümayəndələrinin gücündən istifadə edib meydanı saxlayırdı. Moskvada kilsənin nümayəndələri kilsə ətrafında toplaşanları polis vasitəsilə qovdurmuşdu, Ermənistanda isə katalikosların hamısı olmasa da, kilsənin müəyyən nümayəndələri nümayişçilərə dəstək vermişdi. Həkimlər, universitetlər, hərbi dəstələr meydana çıxandan sonra Şarl Aznavur da , Ermənistan diasporunun aparıcı nümayəndələri də başa düşdülər ki, Sərkisyan geri çəkilmək mərhələsindədir, etirazçıları dəstəkləməyə başladılar.


Müəllif: Nərgiz Ehlamqızı