24 Aprel 2018 20:59
1 974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şübhəsiz ki, Xocalı soyqrımında əli olan hərbi cinayətkarlar mütləq hərbi tribunal, ədalət məhkəməsi qarşısında dayanacaqlar. Bu bir hüqiqi prosedurdur ki, həyata keçirilməlidir.

Bu sözləri Teleqraf.com-a BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli Ermənistandakı son hadisərlə bağlı müsahibəsində deyib. Müsahibəni təqdim edirik:

- Elçin bəy, Ermənistandakı son hadisələri necə qiymətləndirirsiz?

- Ermənistandakı hadisələrin səbəbləri çoxdur. Bu, həm Ermənistan hakimiyyəti daxilindəki ziddiyyətlərlə, həm də uzun illərdi ki, hərbi cinayətkar xuntanın Ermənistanı nəzarətdə saxlaması və Dağlıq Qarabağ faktorundan süni şəkildə öz təbliğatı üçün istifadə edərək, insanları səfalət içində yaşamağa məcbur etməsi ilə bağlıdır. Hərbi cinayətkar xuntaya qarşı dəfələrlə etirazlar olmuşdu, ancaq o etirazların bu qədər kütləvi şəkildə yayıldığına şahid olmamışdıq. Serj Sərkisyanın mövqeləri kifayət qədər zəif idi. Amma o, himayə olunurdu deyə, öz hakimiyyətini qoruyub saxlaya bilirdi. Ermənistanda keçirilən son konstitutsiya islahatları zamanı Sərkisyan namizədliyini bir daha irəli sürməyəcəyini elan etmişdi. Buna baxmayaraq, Ermənistanda idarəetmə modeli dəyişdikdən sonra o, baş nazir postuna namizədliyini irəli sürdü. Son proseslər sübut etdi ki, hətta “Qarabağ klanı” adlanan qrupun içərisində də fikirlər yekdil deyil və ciddi ziddiyyətlər var. Eyni zamanda Ermənistanın indiki fəaliyyətdə olan prezidenti ilə Sərkisyanın və baş nazirin vəzifəsini müvəqqəti icra edən Karen Karapetyanın da mövqelərində kifayət qədər ziddiyyətlər var. Etirazlar ciddi şəkildə idarə olunurdu. Bu təhtəlşüur olaraq həyata keçirilən aksiyalar deyildi. Baxmayaraq ki, Rusiyanın Ermənistana ciddi təsiri var. Rusların hərbi bazası Ermənistanda yerləşir, ancaq uzun illərdir ki, Qərbin ayrı-ayrı institutları diaspor və QHT vasitəsilə Ermənistanda xüsusilə də gənclərlə işləyirdilər. Tələbələr, gənclər arasında proseslərə, aksiyalara rəhbərlik edə bilən ciddi insanlar formalaşdırılmışdı. Buna görə Ermənistana Qərb ölkələrindən, beynəlxalq fondlardan çox böyük məbləğdə qrant ayrılırdı. Təbii ki, aksiyaların keçirilməsinə bu amillər də təsir etdi. Hesab edirəm ki, aksiyaların qələbə ilə başa çatmasında, Sərkisyanın istefa verməsində Rusiyanın proseslərə müdaxilə etməsi və hadisələrin gedişatını dəyişə bilmədiyi üçün, Sərkisyanın istefasına razılıq verməsi də müəyyən qədər rol oynadı.

- Ermənistan Rusiyanın təsir dairəsindən çıxa biləcəkmi?

- İndiki şəraitdə bunu söyləmək çox çətindir. Bu, Ermənistandan asılı olan məsələ deyil. Daha çox Rusiyadan və Rusiyaya tətbiq olunan sanksiyaların nə qədər effektiv olmasından asılıdır. Nəzərə almaq lazımdır ki, Ermənistanın bütün enerji müəssisələri, qazpaylayıcı, elektrikpaylayıcı şəbəkəsi tamamilə Rusiya şirkətlərinin nəzarəti altındadır. Rusiya şirkətləri 100%-lik səhmlərə malikdir. Bundan başqa Ermənistanın dəmiryolunun səhmləri də Rusiyaya məxsusdur. Hətta nəqliyyat sisteminə də ruslar nəzarət edirlər. Bu məsələnin iqtisadi tərəfidir. Digər tərəfinə gəldikdə isə heç kəsə sirr deyil ki, Ermənistan ordusu deyildikdə faktiki olaraq, əslində Rusiya ordusu başa düşülür. Ermənistanın elə bir büdcəsi olmadığına görə, silah təchizatı Rusiyadan gəlir. Rusiyanın Ermənistanda hərbi bazası var, Ermənistan sərhədlərini də Rusiya sərhədçiləri qoruyur. Ermənistan və Rusiya arasında proseslər o qədər iç-içədir ki, parlament seçkiləri keçiriləcəksə, hakimiyyətə kim gələcəksə, bütün məsələləri Rusiya ilə razılaşdıracaq.

- Sizcə, Sərkisyanın istefasından sonra baş nazir postuna ən real namizəd kimdir?

- Hazırki prezident Armen Sərkisyan parlament seçkilərinin yenidən keçirilməsinin tərəfdarıdır. Çünki onunla Nikol Paşinyanın tərəfdarları arasında razılıq əldə etmək mümkündür. Şübhəsiz ki, Qarabağ klanının təmsilçisi Karen Karapetyan parlament çoxluğunu təmsil edir. Parlament buraxıldıqdan sonra, yenidən növbədənkənar seçkilər keçirilsə, Ermənistanın indiki hakim partiyasının və Karen Karapetyanın partiyasının səs çoxluğu əldə etməsi mümkün deyil. Əgər Paşinyan və tərəfdarları Armen Sərkisyanla, Erməni Milli Konqresi ilə ortaq məxrəcə gələrsə, parlamentdə böyük üstünlük qazana bilərlər. Hal-hazırda Ermənistanda Paşinyan və tərəfdarlarının reytinqi ən üst səviyyədədir və bu reytinqlə onlar seçkilərə qatılarlarsa, heç şübhəsiz ki, qalib də gələcəklər. Bunu Paşinyan da çox yaxşı başa düşür və çox güman ki, bu prosesdə də israrlı mövqe nümayiş etdirəcək ki, növbədənkənar parlament seçkiləri keçirilsin. Əgər Ermənistan parlamenti və indiki baş naziri əvəz edən Karen Karapetyan parlament seçkilərinin keçirilməsinə etiraz edərlərsə, o zaman aksiyaların yenidən aktivləşməsi mümkündür.

- Qərbin bu proseslərə təsiri nə dərəcədə oldu?

- Bu prosesdə aktiv şəkildə disaspor rol oynadı. Diaspor ilə Sərkisyan arasında uçurum çoxdan yaranmışdı. Əslində Sərkisyanın hakimiyyətdə olması diasporun maraqlarını təmin etmirdi. Çünki diaspor əsasən Qərb universitetləri ilə işləyir. Diaspor təşkilatçıları Amerikada, Fransada, dünyanın bir çox ölkələrində həmin ölkənin siyasətçilərinə təsir etmək imkanına malikdilər. Amma Sərkisyanın və indiki rejimin imici bütövlükdə diasporun öz istəyinə, arzusuna çatmasına və Ermənistandakı proseslərdə iştirakına maneələr yaradırdı.

Qərb universitetləri, diaspor və erməni lobbisi birlikdə hərəkət edirlər. Heç kimə sirr deyil ki, bu gün dünyanın çox saylı hüquq müdafiə təşkilatlarında, beynəlxalq təşkilatlarında erməni lobbisinin təmsilçiləri var və onların hətta Azərbaycana qarşı da dəfələrlə qərəzli mövqelərinə şahid olmuşuq. Bu proseslərdə Qərb aktiv şəkildə iştirak edib. Amma yenə deyirəm, baş verən hadisələrə Rusiya da müdaxilə edib, sadəcə, bu, aksiyaların keçirildiyi müəyyən mərhələdən sonra baş verib. Hərbçilərin aksiyaya qoşulması artıq, Sərkisyanın gedişi barədə ortaq razılığın əldə olunması demək idi. Mən həmin aksiyalar başlayan zaman Sərkisyanın istefa verəcəyini dərhal demişdim. Çünki proseslər ona doğru gedirdi.

- Bu proses Qarabağ danışıqlarına hansı formada təsir edə bilər?

- Bununla bağlı müxtəlif fikirlər səsləndirilir. Azərbaycanda qeyd edirlər ki, Ermənistanda hakimiyyətin dəyişməsi, Qarabağ klanının hakimiyyətdən getməsi, nəticə etibarilə Dağlıq Qarabağ münaqişəsində Ermənistanın mövqelərinin yumşalmasına gətirə bilər. Burda bir faktı qeyd etmək lazımdır ki, Ermənistanın daxili siyasətində Dağlıq Qarabağ amilinin birləşdirici faktor kimi ortaya çıxması xarici düşmən faktoru üzərindən daxildəki problemlərdən diqqətin yayındırılması təbliğat vasitəsi kimi sıradan çıxdı. Bunun Azərbaycana nə kimi xeyri var, nə kimi xeyri yoxdur, kifayət qədər mübahisəli məsələdir. Amma şübhəsiz ki, Ermənistan Qərblə münasibətlərini yumşaltmağa çalışacaq, daha yaxşı səviyyəyə gətirəcək, daha çox tərəfdar toplamağa, iqtisadiyyatını müəyyən qədər də olsa, inkişaf etdirməyə cəhd göstərəcək. Artıq Ermənistanın Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan xilas olması versiyası var. Bu isə real situasiyanın, vəziyyətin dəyişməsi deməkdir.

Ermənistanda baş verən proseslərlə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məsələsini əlaqələndirməyi yanlış hesab edirəm. Ola bilsin ki, hərbi cinayətkar xuntanın getməsindən sonra əsasən, İrəvan ermənilərindən formalaşması ehtimal olunan hakim komanda fərqli mövqe nümayiş etdirə bilər. Ancaq bu fərqli mövqe onların işğaldan tamamilə əl çəkəcəyi və bir günün içində Azərbaycan torpaqlarını tərk edəcəyi anlamına gəlməməlidir. Bu məsələdə faktorlar çoxdur. Nəzərə almaq lazımdır ki, Ermənistan xuntadan xilas olub, Rusiyadan yox. Qərblə münasibətlər amili var, erməni diasporu faktoru var, regionda baş verən bu və ya digər hadisələrlə bağlı məsələlər var. Azərbaycan vətəndaşının diqqətini ona yönəltmək lazım deyil ki, Ermənistanda baş verən hadisələr nəticə etibarilə Dağlıq Qarabağ münqaişəsinin həllinə gətirib çıxaracaq. Bu, kökündən yanlış və zərərli yanaşmadır. Biz ilk növbədə öz dövlətimizin gücünə, xalqımızın iradəsinə arxalanmalıyıq. Azərbaycan bu məsələlərdə yalnız öz potensialından istifadə etməlidir, Ermənistanda baş verən hadisələrdən yox.

- İndiki rejmin siyasəti Ermənistanı böyük regional layihələrdən məhrum etmişdi. Yeni hakimiyyətin bu yöndə də ciddi addım atacağı gözlənilirmi?

- Ermənistanın regional layihələrdən uzaq qalmasının səbəbi Ermənistan hakimiyyəti yox, Azərbaycan torpaqlarının işğal altında olması faktıdır. Əgər yeni hökümət işğala son qoyacaqsa, danışıqlar prosesində konstruktiv mövqe nümayiş etdirəcəksə, Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistanın regional proseslərdə iştirakına şərait yarada bilər. Həm nəqliyyat, həm enerji, həm də digər infrastuktur layihələrində. Yəni bu məsələdə Azərbaycanın fikri məlumdur, ilk növbədə Ermənistan özü mövqe bildirməlidir.

- Xocalı soyqrımında əli olanlar cinayət məsuliyyətinə cəlb edilə bilərmi?

- Şübhəsiz ki, Xocalı soyqrımında əli olan hərbi cinayətkarlar mütləq hərbi tribunal, ədalət məhkəməsi qarşısında dayanacaqlar. Bu bir hüqiqi prosedurdur ki, həyata keçirilməlidir. Amma buna qədər görüləcək xeyli işlər var. Mən indi bu qısa zaman ərzində beynəlxalq konvensiyalarla bağlı bütün sənədləri səsləndirə bilmərəm. Amma belə yanlış təsəvvürə düşmək də lazım deyil ki, əgər, Ermənistanda dəyişiklik baş verdisə, hərbi cinayətkar xunta getdisə, deməli, onlar Xocalı soyqrımında əli olan insanları dərhal Azərbaycan tərəfinə verəcəklər ki, ədalət məhkəməsi qarşısına çıxardaq. Bu, olmayacaq. Olması mümkün də deyil. Amma proseslərin gedişi, torpaqların işğaldan azad edilməsi nəticə etibarilə hərbi cinayətkarların da beynəlxalq məhkəmə qarşısında dayanmasına şərait yarada bilər. Bunun da yükü yenə daha çox Azərbaycanın üzərinə düşür. Bir məqamı da nəzərə almaq lazımdır ki, Sərkisyanın, ona qədər Köçəryanın rəhbərlik etdiyi hərbi cinayətkar xuntanın, yəni Qarabağ klanının əli təkcə Azərbaycan xalqının qanına bulaşmayıb, eyni zaman da erməni xalqının da qanına bulaşıb. Onlar Ermənistanda da çoxsaylı cinayətlər həyata keçiriblər. Çox güman ki, Ermənistandakı hakimiyyət dəyişikliyi hüquqi müstəvidə davam edərsə, onların öz ölkəsində də cinayət məsuliyyətinə cəlb olunması mümkündür. Amma mən bunu çox az ehtimal edirəm.


Müəllif: Xəzər Süleymanlı