25 Aprel 2018 17:41
1 471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən axşam erməni müxalifətinin lideri Paşinyan və baş nazir vəzifəsini icra edən Karen Karapetyan arasında görüş olub. Bu görüş zamanı Paşinyan erməni xalqı adından hökumətin rəhbərinə şərtlər irəli sürüb. Karapetyan isə bu şərtlərlə razılaşmayıb.

Bunu Teleqraf.com-a bu gün İrəvanda müxalifətin başlatdığı yeni etiraz aksiyalarını şərh edən ermənişünas alim İsmayıl Tanrıverdi bildirib.

Mütəxəssis qeyd edib ki, Moskva bu prosesdə maraqlıdır:

“Müşahidələr göstərir ki, məqsəd Sərkisyanı qurban vermək bahasına hakimiyyəti Respublikaçılar Partiyasının əlində saxlamaqdır. Bu, Rusiya üçün məqbul variantdır. Bu niyyəti müxalifətin etiraz aksiyalarının lideri Paşinyan bildi və məyus oldu, dərhal tərəfdarlarını aksiyaya dəvət etdi.

İkincisi, bu gün hakimiyyətin tərəfdarları da küçələrə çıxıb. Karapetyan Respublikaçılar Partiyasının üzvlərini, hakimiyyəti müdafiə edən erməniləri küçələrə dəvət edib. Yəni müxalifətlə yanaşı, hakimiyyət də onu dəstəkləyənləri küçələrə dəvət edib. Tərəflər bir-birinə güc nümayiş etdirməyə çalışacaq. Vəziyyət kritik olsa, qarşıdurma baş verəcək. Rusiya Sərkisyanı qurban verməklə indiki erməni hakimiyyətini qorumaq istəyir”.

İ. Tanrıverdi qeyd edib ki, dünən axşama qədər müxalifət düşünürmüş ki, Sərkisyanın istefası ilə proses başa çatıb və inqilab qələbə qazanıb:

“Qarşı tərəf də deyir ki, məqsəd Sərkisyanın getməsi idi, o da istefa verdi. İndi hakimiyyət bizdə qalır və belə davam edəcək. Bu məsələ dünən saxta erməni soyqrımı abidəsini ziyarət edən və Sərkisyanın əlaltısı olan rəsmilərin jurnalistlərə açıqlaması zamanı ortaya çıxdı. Hamısı açıq dedi ki, istəyirdiniz Sərkisyan getsin, o da istefa verdi. Bundan sonra vəziyyətə biz nəzarət edəcəyik. Görüş zamanı Karapetyan dedi ki, hakimiyyətdən getmək niyyətləri yoxdur. İndi hər iki qüvvə öz tərəfdarlarını meydanlara dəvət edib. Ancaq iş ondadır ki, erməni müxalifəti birləşir və vahid mövqedən çıxış edir. Respublikaçılar Partiyanın tərəfdarları sayca az olacaq və güman etmirəm ki, bu yolla müxalifətin qarşısını ala bilsinlər. Müxalifət yeni hakimiyyət, yeniliklər həyata keçirmək, siyasi məhbusları azad etmək istəyir. Qarşı tərəf də ehtiyat edir ki, siyasi məhbuslar azad edildikdən sonra Sərkisyan və digərlərindən qisas almağa çalışa bilərlər. Odur ki, rahatlıq üçün hakimiyyətdə qalmaq xəttini seçirlər. Amma müxalifətin buna imkan verəcəyi ağlabatan görünmür”.

Ermənişünas alim bildirib ki, iqtidarın çağırışına gələnlərin çoxu müxalifətin mitinqinə qoşulub:

“Erməni mediasının xəbərinə görə, baş nazir vəzifəsini icra edən Karen Karapetyanla Müdafiə naziri Sərkisyan arasında mübahisə olub. Karapetyan müdafiə nazirinə aksiyaya qoşulan əsgər və zabitləri cəzalandırması barədə göstəriş verib. Müdafiə naziri əvvəl bəyan edib ki, aksiyaya qoşulan hərbçilər cəzalandırılacaq, ancaq baş nazirin istefasından sonra fikrindən dönüb və hərbçiləri cəzalandırmayıb.

Bundan başqa, dünən axşam Karen Karapetyan da Respublikaçılar Partiyasından istefa verib və özünün partiyasını yaradacığını deyib. Görünür, bu da Rusiyanın göstərişidir”.

Cavad


Müəllif: Cavad