25 Aprel 2018 21:58
4 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Milliyyətçi Hərəkat Partiyası, ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının isə yeni qurulmasına baxmayaraq, iqtidar olmağa real namizədlərdən hesab edilən İyi Partiya ilə ittifaqa girməsi nəinki Türkiyə daxilində, ölkə xaricində də maraqla qarşılanıb.

Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Rusif Məmmədov deyib.

O qeyd edib ki, məsələ bununla da bitmir:

“Belə ki, parlament və prezident seçkilərinin növbədənkənar keçirilməsi səbəbindən İyi Partiya seçkidə iştirak etməmək təhlükəsi yaşayırdı. Bu mənada İyi Partiyanın köməyinə Cümhuriyyət Xalq Partiyası yetişdi və 15 millət vəkilini İyi Partiyaya transfer etdi. Bu hadisə Türkiyə siyasi arenasında ilk dəfədir ki, müşahidə edilir. Türkiyə Böyük Millət Məclisində çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan CHP-nin bu addımını kəskin şəkildə tənqid etdi. Ancaq bu tənqid faktı dəyişmir. İstənilən halda bu seçkilərin AKP üçün olduqca çətin keçəcəyini gözləmək olar. Məsələ ondadır ki, seçkilərin növbədənkənar keçirilməsi Maral Akşənərə daha bir xal qazandırdı. Artıq elə bir təsəvvür formalaşıb ki, Ərdoğan seçkiləri məhz Akşənərdən ehtiyat etdiyi üçün tezləşdirib”.

R.Məmmədov əlavə edib ki, burda maraq doğuran bir neçə məqam var:

“AKP-MHP ittifaqından əvvəl də CHP-də bilirdilər ki, Kamal Kılıçdaroğlunun Ərdoğanla mübarizədə heç bir şansı yoxdur. Bu səbəbdən məqsəd daha güclünü, yəni, Maral Akşənəri namizəd göstərərək, parlamentdə təmsil olunmağı təmin etməkdən ibarətdir. Məsələnin ikinci tərəfinə gəldikdə isə müxalifətin hansı namizədi irəli sürəcəyini dəqiq demək mümkün deyil. Hətta Maral Akşənərin namizədliyinin irəli sürülməyəcəyi ilə bağlı ehtimal da var. Türkiyə mediasında müxtəlif adlar qeyd olunur ki, onlardan biri də Abdullah Güldür. Abdullah Gülün də CHP-nin addımlarını yüksək qiymətləndirdiyi deyilir. Yaxın günlərdə bu məsələ ilə bağlı da açıqlama veriləcəyi gözlənilir. Səadət Partiyasının rəsmisi Təməl Karamollaoğlu Abdullah Güllə danışıqların aparılmasında yaxından iştirak edir”.

Ekspert bu məsələdə A.Gülün adının hallanmasının təsadüfi olmadığını vurğulayıb:

“Türkiyənin seçki sisteminə görə prezident seçkisi iki turda keçirilir. Əgər Ərdoğan birinci turda 50 faizdən çox səs toplaya bilməsə, ikinci tur keçiriləcək. İkinci tur iqtidar üçün risklidir. Təbii ki, bu mənada Abdullah Gülə ümidlər böyükdür. Abdullah Gülün Ərdoğanın səslərini parçalayacağını gözləmək olar. Lakin Maral Akşənərin də mövqeyini gözləmək lazımdır. Hər halda mübarizə bu iki şəxsdən biri arasında gedəcək”.

R.Məmmədov əlavə edib ki, AKP məsələni birinci turda həll etmək üçün əlindən gələni edəcək:

“AKP-nin hansı addımlar atacağı maraqla gözlənilir. Hesab edirəm ki, ölkədə əsas problem olan iqtisadi vəziyyətin yaxşılaşması ilə bağlı müəyyən addımlar atıla bilər. Bura iqtisadi sahə üzrə qəbul edilə biləcək yeni qərarları və layihələri aid edə bilərik”.


Müəllif: Səxavət Həmid