26 Aprel 2018 19:27
5 432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ermənistandakı proseslərə müdaxiləsi çox aydın şəkildə özünü büruzə verməyə başlayıb.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, Kreml rəhbəri Ermənistan prezidentinə zəng edib və sanki əmr edirmiş kimi tez bir zamanda Ermənistanda əmin-amanlıq və sabitlik yaradılmasının vacibliyini bildirib:

“Üstəlik, Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyan Moskvaya çağrılır. Baş nazir əvəzi Karen Karapetyanla, belə demək mümkünsə, inqilabçıların lideri Nikol Paşinyan arasındakı görüş ləğv edilir. Hətta iş o yerə çatıb ki, devrilmiş, yaxud istefa vermiş Serj Sərkisyan da partiyadaşları vasitəsilə xalqa müraciət edərək, özünün yenidən siyasətə qayıtmaq və proseslərə qoşulmaq niyyətində olduğunu iddia edib. Bir sözlə, belə görünür ki, əksinqilabçılar səfərbər olunublar. Sanki hamısına komanda eyni mərkəzdən verilib. Çox təhlükəli tendensiyalar özünü göstərməkdədir”.

Q.Hüseynli əlavə edib ki, Rusiya qəti şəkildə Ermənistandakı proseslərin qarşısını almaq niyyətindədir:

“Rusiya artıq proseslərə nəzarəti ələ almış sayıla bilər. Proseslərə şəxsən Vladimir Putin rəhbərlik edir. Ermənistanda həm devrilmiş, həm də hakimiyyətdə qalan rəhbərliyi səfərbər etməklə guya sabitlik yaratmaq adı altında nələrisə düşünüb həyata keçirmək istəyirlər. Bu nələrsə isə sözsüz ki, cəza tədbirlərindən, inqilabçılara zor tətbiq edilməsindən ibarət olacaq. Onlar İrəvanı yenə də qan içində boğmaq niyyətindədirlər. Rusiyanın bu addımı atacağına mənim şübhəm yoxdur. 10 il bundan əvvəl – Serj Sərkisyanın hakimiyyətə gəlişi ərəfəsində baş verənlər də bunu deməyə əsas verir. İndi də buna bənzər ssenarilər hazırlanır. Ssenarinin baş qəhrəmanları da Rusiyadakı xüsusi qruplar, xüsusilə Federal Təhlükəsizlik Xidmətinin rəhbərliyidir. Onlar artıq İrəvana desant qüvvələrindən tutmuş xüsusi əməliyyatçılaradək göndərməyə başlayıblar. Yəni, belə məlumatlar var və onlar prosesi çox da uzatmaq istəmirlər. Çünki proses uzandıqca həm etirazçıların sıraları böyüyür, həm də onların irəli sürdüyü şərtlər çoxalır. Bu baxımdan zənnimcə, Rusiya çox yaxında, ola bilsin bu gecə, ola bilsin, sabah etirazçılara qarşı geniş cəza tədbirlərinə başlaya bilər”.

Bununla belə, Q.Hüseynli hesab edir ki, bunun nəticələri Rusiya üçün xoş olmayacaq:

“Çünki onsuz da dünya Rusiyanın əlindən çox şey çəkib. Əgər Rusiya Ermənistandakı proseslərə də müdaxilə etsə və burada cəza tədbirlərinə əl atsa, məncə, Moskva əleyhinə yeni sərt tədbirlərin görülməsi gündəmə gələcək”.


Müəllif: Səxavət Həmid