14 May 2018 15:25
6 574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com saytının “Brifinq” layihəsinin növbəti qonağı Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağıdır.

Akif bəy, 1993-cü ildən əvvəlki adı Qarabağ Azadlıq Hərəkatı olan QAT-ın idarə heyətinin üzvü, sonra həmsədri, 2000-ci ildən sədrisiniz. Ötən 25 il ərzində problemin həlli istiqamətində bir çox proseslər baş verib, yeni yanaşmalar ortaya qoyulub. Maraqlıdır ki, bütün bu proseslər Sizin münaqişənin həllinə dair baxışınızın dəyişməsinə hər hansı formada təsir etməyib. Nə vaxtsa bu radikal xəttdən geri çəkilməyiniz mümkündürmü?

Nə qədər itkimiz olsa da, müharibə yolunu seçməliyik

– Bizim hərb yolunu seçməyimiz kimlərdənsə fərqlənmək, yaxud şıltaqlıq deyildi. Biz əvvəldən hesab edirik ki, Qarabağ məsələsi ancaq hərbi yolla həllini tapa bilər. O vaxtdan əsaslandırdığımız mövqemizdə qalmaqdayıq. Hələ 1992-93-cü illərdə biz beynəlxalq təşkilatların münaqişənin həllinə yanaşmasının yanlış olduğunu görürdük. Biz deyirdik ki, beynəlxalq təşkilatlar bu yanaşma ilə ortaya çıxıblarsa, bu danışıqların heç bir nəticəsi olmayacaq. Ötən 25 il də onu göstərdi ki, heç bir nəticəsi olmadı. Artıq əsas yolun müharibə yolu olduğu fikri ictimai rəydə özünə yer tapıb.

Söhbət hərb və sülh yolundan getmir. Müxtəlif xalqlar – 1920-ci illərdə Atatürkün başçılığı ilə türklər, 1940-cı ildə Çörçilin başçılığı ilə ingilislər bu sualın qarşısında qalıblar. Hər iki lider ölüm-dirim savaşına qalxıb öz torpaqlarını işğaldan azad ediblər. Çörçilə Lordlar Palatasında sual veriblər ki, “Cənab yeni baş nazir, siz bizə nə təklif edirsiniz; məsələni sülh, yoxsa müharibə yolu ilə həll edəcəksiz?” Çörçill bir qədər düşündükdən sonra cavab verib ki, biz bu gün müharibə və sülh yolu seçimi qarşısında deyilik, biz bu gün şərəfsizlik və ya müharibə yolu qarşısındayıq. Biz müharibə yolunu seçirik. Bu gün Azərbaycan da həmin seçim qarşısındadır. Nə qədər itki, nə qədər ölüm-itim də olsa, Azərbaycan müharibə yolunu seçməlidir. Söhbət bundan gedir. Ermənistanın arxasında istər Rusiya, istərsə də başqa dövlət dayansın, əgər millətin iradəsi ortadadırsa, o iradənin qarşısında heç kim dayana bilməz. Bizim ayrı yolumuz yoxdur.

Rusiya Ermənistanda hərbi çevriliş də edə bilər

– Ermənistanda yeni hakimiyyət formalaşdı. Artıq təcavüzkar ölkədə sular müəyyən qədər durulmaq üzrədir. Yeni baş nazirin münaqişənin həllinə dair yanaşması da ortadadır. Sizin yeni baş nazirdən, onun hökumətindən gözləntiniz nədən ibarətdir?

– O, hakimiyyətə təzyiq yolu ilə gəldi, konstitusion yolla gəlmədi. Bundan əvvəlki hakimiyyət bir quldur dəstəsi idi, həmin quldur dəstəsinin yerinə gələn təzyiqlə, zorla gəlirsə, demək o da növbəti quldur dəstəsidir. Sadəcə, olaraq hansısa situasiya dəyişdi. Demək çətin məsələdir. Ermənistanda sular müvəqqəti olaraq durulub. Hesab edirəm ki, bu vəziyyət Ermənistanda çox ciddi sarsıntıların başlanğıcıdır. Çünki Rusiya orada maraqlarından geri çəkilmək məcburiyyətində qaldı. Rusiya Ermənistanı idarə etmək fikrindən heç vaxt vaz keçmir. Rusiya Türkiyə və İrana qarşı yaratdığı, istifadə etdiyi Ermənistandan Azərbaycana qarşı da istifadə edir. Ona görə də Rusiyanın ordan çıxacağı ehtimalı azdır və mövqelərini bərpa etmək üçün bütün qüvvələrindən istifadə edəcək. Rusiya cəmiyyətinin özündə də ciddi narazılıqlar, narahatlıqlar var. Rusiya orda öz mövqeyini bərpa etmək üçün müəyyən vasitələrdən istifadə edəcək. Nisbətən yumşaq vasitələr təsir göstərməsə, hərbi çevrilişə də gedilə bilər. Bu baxımdan Ermənistanda sabitlikdən danışmaq hələ çətin məsələdir.

O ki qaldı, Qarabağ məsələsində yeni baş nazirdən gözləntilərə… Paşinyan hələ 2007-2008-ci ildən Qarabağ məsələsi ilə bağlı ən radikal mövqe nümayiş etdirib. Hətta Dağlıq Qarabağın tanınması ilə bağlı Ermənistan parlamentdində qanun layihəsinin təşəbbüskarlarından biri olub. İndi də həmin mövqedə qalır. Deyir ki, o, danışıqlarda iştiraka hazırdır, amma Dağlıq Qarabağ danışıqlarda tərəf kimi iştirak etməlidir. İndiyədək Ermənistanda rəsmi şəkildə heç kimin dilinə gətirmədiyini Paşinyan təklif kimi irəli sürür. İlk səfərini Dağlıq Qarabağa etməsi, orda nümayişkəranə surətdə mətbuat konfransı keçirməsi, Xankəndidən Şuşaya getməsi onun Qarabağ tərəfinin rəğbətini qazanmasına xidmət edir. Digər tərəfdən, Qarabağla bağlı mövqeyinin dəyişməz olduğunu göstərmək istəyir. Ona görə də Paşinyanın yenidən situasiyanı öyrənəcəyini, ümidverici açıqlamalarla çıxış edəcəyini deməklə özümüzü aldatmış olarıq.

Ermənistanda vəziyyət gərginləşəcək

– Ermənistanda siyasi ehtirasların qızışdığı günlərdə Azərbaycanda müəyyən şəxslər işğal olunmuş ərazilərdə hərbi əməliyyatlara başlamağa çağırış edirdilər…

– Beynəlxalq təşkilatlar və böyük dövlətlər həmin günlərdə Azərbaycanın hansısa addım atacağından ehtiyat edirdilər. Ancaq orda hansı hadisənin baş verməməsinin məsələyə dəxli yoxdur. Azərbaycan hərbi əməliyyatlara başlamalıdır. Mən hesab edirəm ki, əlverişli şərtlər idi və o şəraitdə müharibəni başlamaq lazım idi. Ancaq mən də bu qənaətdəyəm ki, Ermənistanda vəziyyət uzağı bir neçə aydan sonra indikindən də gərgin olacaq. Çünki Rusiya və ruspərəst qüvvələr ordan geri çəkilmək fikrində deyil. Serj Sərkisyan parlamentdə birinci səsəvermə zamanı öz gücünü göstərdi. İkinci səsvermədə də Respublika Partiyasının 6 üzvü razılaşdırılmış şəkildə Paşinyanın lehinə səs verdi. Demək, onlar siyasi qüvvə kimi qalırlar. Əgər qalırlarsa, onlar öz məqsədlərinə çatmaq üçün müəyyən addımlar atacaqlar. Bu da çox çəkə bilməz. Ola bilər ki, situasiya orda çox pis şəkildə gərginləşsin. Azərbaycan tərəfi ola bilsin, həmin situasiyanı gözləyir. Ola bilər, onu gözləmədən – müəyyən müddətdən sonra hərbi əməliyyatlara başlasınlar. Müəyyən əlamətlər, fikirlər var ki, Azərbaycan yaxın bir neçə ay ərzində hərbi əməliyyatlara başlaya bilər. Paşinyan xalq dalğası ilə hakimiyyətə gəldi, amma ölkəni idarə etmək lazımdır. Bu gün onun sözünə inanıb küçələrə çıxanlar sabah iş yerləri, çörək istəyəcəklər. Ermənistanın isə onu verməyə imkanı yoxdur. Rusiya ordan əlini çəksə, Qərbdən maliyyə axınının gəlməyini gözləməyin. Çünki Qərb öz maraqlarını hər şeydən üstün tutan tərəfdir. O maliyyə gəlməyəndən sonra Paşinyanın verdiyi vədləri yerinə yetirə bilmədiyi tezliklə məlum olacaq. Ona görə də orda proseslər çox tezliklə başlaya bilər.

Ağdam Xankəndidə meydan sulayırdı

– İstədim, bir qədər doğulduğunuz Ağdam haqqında danışaq. O Ağdamdan ki, yazıçı-publisist Aqil Abbas “Dolu” romanında oranın bazarını atom bombasından başqa hər şeyin satıldığı bazar kimi təsvir edib. Və o Ağdamdan ki, bu gün yer üzündən silinib, “ruhlar şəhəri”nə çevrilib. “Dünyanın dinc vaxtı” Ağdamın ölkədə mövcud olan imici barədə nələri söyləmək mümkündür?

– Ağdamın özəlliyi ilə bağlı Azərbaycanda yaranmış imic şəhərin özü ilə bağlıdır. Mən kənd uşağı olmuşam. Ağdamın mərkəzi ilə 20 kilometr arası olan Papravənd kəndində yaşamışam. Şəhərə ya bazara, ya da nəsə sənəd işi ilə bağlı getmişik. Kənddə oxumuşam, orta məktəbi bitirdikdən sonra – 1974-cü ildə Bakıya gəlmişəm. Universitetə imtahan vermişəm, qəbul oluna bilməmişəm. Qalıb Bakıda 1 saylı evtikmə kombinatında fəhlə işləmişəm. İki il orda işlədikdən sonra əsgərliyə getmişəm. Qayıtdıqdan sonra da universitetinə girmişəm. Mənim həyat yolum bu cür olub. Ona görə də bu haqda danışmaq mənə bir qədər çətindir. Amma bilirəm ki, Azərbaycanda bir neçə şəhərlə bağlı özünəməxsus təsəvvür var. Məsələn, Şəki, Gəncə kimi şəhərlərlə bağlı bu cür ümumiləşdirilmiş təsəvvür mövcuddur. Ağdam maraqlı yanaşılan obyektdir. Ağdam bazarı bütün regionun bazarı idi. Bazar da feodalizm dövründən tutmuş müasir günümüzədək həyatın qaynadığı bir yerdir. Harda bazar söndüsə demək, orda həyat da sönür. Tarixi Şabran şəhərinin inkişafı və süqutu da elə bazarla-ticarətlə bağlı olub.

Ağdam bütün dövrlərdə erməni davasının olduğu bir yerin mərkəzi idi. Xankəndi, Ağdərə (o dövrdə Mardakert - S.Həmid) bizim kəndə daha yaxın idi. Biz Xankəndiyə, Ağdərəyə gedəndə orda Azərbaycan dilində nə bir şüar, nə də bir idarədə danışıq görürdük. Yazılar ya ermənicə, ya da rusca idi. Biz o vaxtlar belə şeylərə fikir vermirdik, amma erməni öz siyasətini yeridirdi. Hətta, bilirsiniz ki, 1965-66-cı illərdə ermənilərin Xankəndidə çox böyük hərəkatı oldu. Özləri erməni uşağını öldürüb azərbaycanlı briqadirin sahəsinə atdılar. Böyük bir haray-həşir qaldırdılar. Məhkəmə oldu, məhkəmə baxdı ki, sübut yoxdu. İşi istintaqa qaytardı. Ermənilər yolda konvoy maşınını aşırdılar. İki azərbaycanlını öldürdülər və maşını yandırdılar. Sonra məlum oldu ki, uşağı Benik adlı öz dayısı öldürüb. Ancaq onlara bu hərəkatı qaldırmaq lazım idi. Həmin hərəkat çox çətinliklə yatırıldı. Məlum oldu ki, ermənilərin gizli təşkilatları varmış və hamısına göstərişi vilayət partiya komitəsi rəhbərliyi verirmiş. Bütün bu kimi təxribatların qarşısında dayanan Ağdam idi. Ağdam Xankəndidə meydan sulayırdı. Uşaq vaxtı Şuşada 20 gündən artıq pioner düşərgəsində olmuşam. Şuşanın yuxarısında az sayda erməni yaşayırdı. Orda azərbaycanlılarla ermənilər arasında tutaq ki, məhəllələr arası adi futbol oyunu sanki qan düşmənçiliyi idi. Şuşada da ermənilərin qarşısını alan əksəriyyəti ağdamlılar idi. Ağdam, Şuşa, Laçın bir-birinə qarışımışdı. Xankəndidə situasiyanı nəzarətdə saxlayan ağdamlılar idi. Bəlkə də hökumət özü bilərəkdən buna şərait yaratmışdı. Yəni, ağdamlılara bu imkan yaradılmışdı. Ağdamlılar ora gedirdilər, kimsə başını qaldıra bilmirdi. Oranın yiyəsi ağdamlılar idi. Bax, Ağdam şəhərinin proseslərdə bir rolu da bundan ibarət idi.

Ermənilər Ağdamı qisas eşqi ilə dağıtdılar

– İşğaldan sonra Ağdam şəhərinin yer üzündən silinməsi də bəlkə buna görə olub...

– İntiqam. İntiqam hissi idi o. Yenə deyirəm, bütün Dağlıq Qarabağı nəzarətdə saxlayan Ağdam idi. Ermənilər Ağdamdan həddən artıq qorxurdular. Yenə deyirəm, bilərəkdən və ya bilməyərəkdən, gizli və ya açıq Ağdama o imkan yaradılmışdı ki, Xankəndini və Dağlıq Qarabağı nəzarətdə saxlasın. Bütün Dağlıq Qarabağ, xüsusilə Xankəndi ağdamlılardan necə deyərlər, it kimi qorxurdu.

– Camaatdan, hə?

– Bəli, camaatın özündən qorxurdular. Bilirsiniz ki, Ağdam müharibədə 6 min şəhid verib. Ağdamdan olan döyüş batalyonları heç bir rayonda olmayıb. Respublika səviyyəli 5 batalyon fəaliyyət göstərirdi. Üstəlik, hər kəndin özünün batalyonu var idi. Ona görə də ermənilərdə Ağdamdan qisas almaq hissi var idi. Qorxağın əlinə imkan düşəndə dəhşətli qisas aldığı kimi ermənilər də Ağdama qarşı o hisslə yaşayırdılar. Onların təbirincə desək, Ağdam onlara belə zülm edib, həmişə ermənilərin başından vurub. Onun intiqamını almaq üçün Ağdamı o günə saldılar. Başqa heç bir rayonu onlar bu dərəcədə xarabazara çevirməyiblər. Ermənilər, Ağdamın hətta ölüsündən də qorxurdular. Üç gün şəhərə girmədilər. İnanmadılar ki, şəhəri tutublar. Rus kəşfiyyatçıları göndərdilər ki, görsünlər azərbaycanlılar bəlkə tələ qurublar, hardasa gizləniblər, hucuma hazırlaşırlar-filan. Onlar Ağdamdan intiqamlarını aldılar.

Ermənilər əsaslı dönüşü Ağdamın işğalı ilə əldə etdi

Bütün rayonlarımız bizim üçün əzizdir. Ancaq ermənilər müharibədə əsaslı dönüşə Ağdamı tutmaqla nail oldular. Bax, Ağdamın işğalı ilə Qarabağın işğalının taleyini həll etdilər. Düzdür, ondan sonra bir sıra digər rayonlar da işğal olundu. Amma Qarabağda işğal prosesi ermənilərin xeyrinə Ağdamla həll olundu. Qarabağın azadlığı da Ağdamla başlayacaq. Ağdam azad edildikdən sonra bütün Qarabağın azadlığı çox qısa vaxtda əldə ediləcək.

Ağdamda heç kim “Ağdam” içmirdi

– Sovet dövründə Ağdamı ümumittifaq səviyyəsində məşhurlaşdıran bir brendi olub. Söhbət Ağdam şərabından gedir. Mən Sizin mömin insan olduğunuzu bilirəm. Bəlkə də Sizinlə bu barədə danışmaq düz çıxmaz. Ancaq hər halda Ağdamın brendindən danışmağınız maraqlı olardı...

– Mən indi möminəm. O vaxtlar içirdim. Ancaq biz içəndə “Ağdam” içmirdik. Ümumiyyətlə, Ağdamda heç kim “Ağdam” içmirdi.

– Niyə?

– Almaniya kanslerlərindən birinin belə bir sözü var: biz “Mersedes”i xaricilər, “BMV”ni özümüz üçün istehsal edirik. Ağdam “Ağdam”ı kənarda içmək üçün istehsal edirdi. "Ağdam" portveyn (şirin şərab növü - S.Həmid) idi. Portveyn də əyyaşların içkisidir və o səviyyəyə düşən insanları tez tutur. Rusa da yarım stəkanla keflənmək lazım idi. Ona görə "Ağdam" elə şöhrət qazanmışdı. "Ağdam" SSRİ-nin müxtəlif yerlərinə həm butulkalar, həm də çənlərlə gedirdi. İndiki dövrdə hansısa içki növü o brendi qazanmaq üçün bəlkə də milyonlarla pul xərcləyər.

Deyirlər, qaçqın ağdamlı Bakıda özünə imarət ucaltdı

– “Ağdam”ın elə şöhrət qazanmasının səbəbi nə idi?

– Birinci səbəb ucuzluğu, ikincisi səbəb içki içənlərin tələblərini tez ödəməsi idi. Çoxlu sayda istehsal edildiyi üçün SSRİ-nin hər yerini, xüsusilə xristian ölkələrini əhatə edirdi. Digər tərəfdən, azərbaycanlılar ümumiyyətlə, ticarətdə bacarıqlıdırlar, ağdamlılar da bu işin önündə gedirlər. Bəzən deyirlər, filan qaçqın ağdamlı Bakıda özünə imarət ucaldıb. Deyirəm, qardaş 25 ildir bu adam qaçqındır. Oturmalı, yatmalı idi? Bacarığı var, daşdan da pul çıxarır bu adam. Ağdamdan sisternlər Tümenə, Surquta gedib çıxırdı. Qışın soyuğunda, yayın istisində onu aparıb ora çatdırmaq, orda satmaq asan iş deyildi. Xüsusən, “Ağdam” çaxırını. Yolda eşidəndə ki, sisternlə “Ağdam” gedir, ruslar az qalırdı relslərin üstünə çıxsınlar, onu özlərinə tərəf döndərsinlər. Bax, ağdamlıların bu tacirlik damarı da var.

Baltik dənizi kəhrəbanın vətənidir

– Akif bəy, hərbi xidmətiniz 1976-78-ci illərdə Baltik donanmasında keçib. O illərdən hansı maraqlı hadisə yaddaşınızda qalıb?

– Baltik donanmasında xidmətim sahildə olub. Dünyanın ən soyuq dənizlərindən olan Baltik dənizinin sahilində, meşənin içərisində qulluq etmişəm. Orda yayda necə çimdiklərini başa düşə bilmirdim. Biz cənub yerinin adamlarıyıq, risk edib girmirdik. Ancaq, dəhşətli dərəcədə gözəl, sap-sarı qumu vardı. Həm də Baltik dənizi kəhrəbanın vətənidir.

Orda da konfliktin içindəydik. Biz iki il, matroslar 3 il xidmət edirdi. Bir kazarmada qalırdıq. Onlar bizə “sapoq” geyindiyimiz üçün “sapoq”, biz də onlara çəkmələrini şnurla bağladıqları üçün “şnurok”deyirdik. Biz 2 il xidmət etdiyimiz üçün onlar həmişə bizə qarşı düşmən mövqedə idilər.

Demək, biz iki azərbaycanlı – mən və Füzuli rayonundan olan Səxavət İbişov ora gəldik. Bizdən əvvəl orda bir azərbaycanlı xidmət edirdi. Xaçmaz rayonundan olan Arif Azayev matroslu-əsgərli hamını nəzarətdə saxlayırdı. Biz ora gələndə çığırıb dedi ki, bir nəfər mənim “zemlyaklarım”a barmaq uzatsa, barmağını kəsərəm. Onun sayəsində əsgərliyin ən çətin 6 ayını sağ-salamat keçirdik.

Bu gün də Berlində qatar...

– SSRİ-nin bu bölgəsinin – Kalininqradın digər bölgələri ilə hansı fərqləri var idi? Bunu müşahidə etmək imkanınız olurdumu?

– Əhali bir az fərqli idi. Biz həm əhali ilə təmasda olurduq, həm də mülki şəxslərdən hərbi hissədə xidmət edənlər var idi. Kalininqrad şəhər Hərbi Qarnizonu rəisinin azərbaycanlı – Qasımbəyov olması mənə xüsusi ləzzət edirdi. Düzdür, biz onu görmədik, amma onun ad-sanı bütün vilayətə yayılmışdı.

Kalininqrad həm də böyük alman filosofu İmmanuel Kantın vətənidir. Ümumiyyətlə, Kalininqrad – Köniqsberq tarixi alman yaşayış məskənidir. Hətta, mən o gün belə bir məlumat oxudum ki, Moskva-Kalininqrad reysini yerinə yetirən təyyarənin stüardessasının bu reysi “Moskva-Köniqsberq” reysi adlandırması onun işini itirməsi ilə nəticələnib. Hətta, Putin məsələyə qarışıb. Almanlar bu saat Köniqsberqi geri qaytarmaq uğrunda çox ciddi fikirləşirlər. Vaxtilə Berlindən Köniqsberqə qatar gedirdi. Bu gün də həmin qatarın vaxtilə yola düşdüyü saatda Berlin vağzalında qatarın texniki səbəblərdən yola düşməyəcəyi elan olunur. Həmin ənənə 1945-ci ildən indiyədək davam etməkdədir.


Müəllif: Səxavət Həmid