14 May 2018 20:15
3 483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş verənlər Gürcüstan hakimiyyətinin zəifliyinin göstəricisidir. Hakim partiya dövləti idarə etməkdə aciz qalıb. Ölkə paytaxtında utancverici aksiyalar keçirilir. Gürcüstan elə günə salınıb ki, geylər, homoseksuallar, lezbiyanlar, narkomanlar paytaxtda mitinq keçirib tələb irəli sürürlər.

Bu fikirləri Teleqraf.com-a Gürcüstan parlamentinin deputatı, Milli Hərəkat Partiyasının funksioneri Azər Süleymanov deyib.

O bildirib ki, bir deputat kimi cərəyan edən hadisələrdən təəssüf hissi keçirir: “Narkotikin azad satışı haqqında qanun qəbulu gündəmdədir. Bu gün Gürcüstanda 19-35 yaşlı minlərlə insan aksiya keçirərək marixuananın leqal satışını tələb edir. Eləcə də həbs olunan narkomanların azadlığını istəyirlər. Buna paralel olaraq başqa bir etiraz aksiyası da keçirilib. Bu aksiyaya idmançılar, ziyalılar, sıravi insanlar, fərqli cəmiyyət nümayəndələri qatılıb. Hələ üçüncü aksiya da olub.

Böyük bir qarşıdurmanın qarşısını alınıb. Daxili işlər naziri üzr istəyib. Gürcüstanda anlaşılmaz hadisələr baş verir və bunun mahiyyətindən heç kimin başı çıxmır”.

Deputat deyib ki, ölkədə narkotikin leqal satış tələbi təmin edilsə, Gürcüstan böyük uçuruma doğru gedəcək: “Gənclər öz hüquqlarını tələb etməyəcək, marixuanadan çəkib gecə klublarında gün keçirəcəklər. Gürcüstan torpağının 20 faizi işğal altındadır. Müharibə başlasa, döyüşməyə 10 gənc tapılmaz. Amma bir narkotik satanın tutulmasına görə minlərlə gənc meydanlara çıxaraq, onun azadlığını tələb edir”.

Azər Süleymanov deyib ki, son aksiyada siyasi rəng olmasa da, bir neçə gün əvvəl Bidzina İvanişvili “Gürcü Arzusu” Partiyası rəhbərliyinə qayıdıb:

“Ən böyük siyasət budur ki, dövlət idarələrində siyasətçi qalmayıb. İvanişvilinin rəhbərlik etdiyi partiya hakimiyyətdə oturub və hamısı özünün biznesi ilə məşğuldur. Vətəndaşlar ikinci plandadır, insanlar lidersiz qalıb.

Polis gecə klubuna daxil olaraq 10-a yaxın narkotik satanı həbs edib. Qəribədir ki, Gürcüstanın özünə narkotik gətirən tacirlər həbs edilmir. Ən böyük narkotik tacirləri də öz ətraflarındadır. Özləri yaxşı bilir ki, narkotiki Gürcüstana gətirən kimdir... 3-4 narkotik satanı həbs etməklə problemi köklü həll etmək olmaz.

Saakaşvilinin dövründə insanlar narkotik haqqında düşünməyə belə qorxurdu. Çünki narkotiki sərhəddən keçirənlər azı 15 il həbsə atılırdı. İndi isə qatillər, pedofillər amnistiya ilə azadlığa çıxır”.

Xatirladaq ki, mayın 12-də Tiflisdə hökumətin narkotiklərlə mübarizə siyasətinə qarşı etirazlar keçirilib. Ayın 13-də nümayişlər hökumətlə razılaşmadan sonra bir həftəlik dayandırılıb.

Hökumət qarşıdakı bir həftə ərzində irəli sürülən tələbləri yerinə yetirməyə vədi verib.


Müəllif: Cavad