14 May 2018 20:58
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov Brüsselə səfəri çərçivəsində Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin inkişafına dair ətraflı fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini bir daha vurğuladı və enerji, nəqliyyat, ticarət, humanitar və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq məsələlərinə toxundu.

Tərəflər Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığa dair saziş üzrə danışıqların konstruktiv şəkildə davam etdiyini qeyd edərək bu sazişin əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qalxmasına və hərtərəfli inkişafına təkan verəcəyinə əminliklərini ifadə etdilər.

E.Məmmədyarov həmsöhbətə Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi barədə məlumat verərək 15 may tarixində Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcəyini deyib. O, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsinə dair Avropa İttifaqının mövqeyinin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.

Görüşdə regional və beynəlxalq gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com