15 May 2018 20:15
1 323
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli ilə müsahibəni təqdim edir.

- Qulamhüseyn müəllim, rəhbərliyində təmsil olunduğunuz Azərbaycan Xalq Cəbhəsi (AXC) 1992-ci ilin 15 mayında prezident Ayaz Mütəllibovun hakimiyyətinə son qoyub. Bunun üzərindən 26 il keçdikdən sonra həmin hadisələrlə bağlı düşüncələrinizdə dəyişiklik varmı?
- 1992-ci ilin martında Prezident Mütəllibov AXC-nin keçirdiyi mitinqlər nəticəsində istefa vermişdi. Mayın 14-də isə tarixdə görünməyən hadisə baş verdi, Mütəllibov istefasını geri götürdüyünü bəyan etdi. Hesab etdi ki, istefa verəndə özündə olmadığına görə, nə etdiyini bilməyib. 14 mayda Ali Sovet onu yenidən prezidentliyə bərpa etdi, istefasını geri götürdüyünü təsdiq etdi. Əslində istefa bir dəfə verilir və geridönməz hadisə kimi qəbul olunur. İstefa qəbul olunduqdan iki ay sonra onu geri götürmək gülünc xarakter daşıyırdı. Hər halda Mütəllibov mayda yenidən hakimiyyətini bərpa etdi. AXC isə buna qarşı Ali Sovetə yürüş təşkil etdi, yüz minlərlə insan bu yürüşə qatıldı. Bunun nəticəsində Mütəllibov mayın 15-də qaçmağa məcbur oldu. Mayın 18-də isə Ali Sovetin iclası çağırıldı və onun səlahiyyətinin Milli Şuraya verilməsi rəsmiləşdi. Hesab edirəm ki, həmin dövrdə etiraz etmək xalqın və AXC-nin hüququ idi, bu hüquqdan da istifadə edildi. Əslində mayın 14-15-də Azərbaycanda dövlət çevrilişi baş vermişdi. İstefaya gedən prezidentin iki aydan sonra hakimiyyətə bərpa olunması dövlət çevrilişi demək idi.

- Siz hüquqşünassınız. AXC-nin 15 mayda atdığı addımlar dövlət çevrilişi deyildimi?
- Sadəcə olaraq, biz dövlət çevrilişi hesab etdiyimiz hadisəyə qarşı çıxmışdıq. Bu səbəbdən Mütəllibov və onun tərəfdarları xalqdan qorxaraq hakimiyyəti qoyub qaçdılar. Çünki xalq kütləvi şəkildə etiraz edirdi. Onlar xalqla hesablaşdılar və qanunsuz hərəkətlərini dayandırdılar.

- AXC-nin atdığı addım dövlət çevrilişi deyildi?
- Yox, mən bunu çevriliş kimi qiymətləndirmirəm. Əksinə, 15 mayda baş verənlər rəsmi dövlət strukturlarının bərpası naminə atılan addım idi.

- Mayın 14-də Mütəllibov dövlət çevrilişi edərək hakimiyyətə gəlmişdi. AXC də mayın 15-də çevriliş edərək onu yala salmadımı?
- Nəzərə alaq ki, çevrilişə qarşı çevriliş etmək mümkün deyil. Çevrilişə qarşı çıxmaq olar. Əgər çevrilişə qarşı çıxış edilirsə və çevriliş edən şəxs hakimiyyəti qoyub qaçırsa, bu o deməkdir ki, çevrilişin nəticələri tam rəsmiləşmədi. Başqa sözlə, bunu qanuni hakimiyyətin bərpası kimi qiymətləndirmək lazımdır. Nəinki çevrilişə qarşı çevriliş kimi. Məncə, bu düzgün ifadə də deyil.

- Mütəllibov son iki gündə mediaya müsahibəsində bəyan edir ki, AXC qanunları tapdalayaq qanunu prezidenti devirib...
- AXC dövlət çevrilişinə etiraz edib və xalq kütlələrini də buna dəvət edib. Milyona yaxın insan Ali Sovetin qarşısına toplaşaraq, etiraz edirdi. Xalqı bu etirazlara cəlb etmək hər bir təşkilatın hüququdur. Əgər, sən xalqdan qorxub qaçmısansa, bu çevriliş deyil. Sən xalqdan qorxub qaçmısan. Özün başa düşdün ki, səhvə yol vermisən, dövlət çevrilişi etmisən. Sonda da xalqın qəzəbindən qorxaraq qaçmısan.

Mütəllibov hakimiyyəti qoyub getmiş siyasətçidir. Uzun illər qərib ölkədə yaşayıb. Son illər Azərbaycana qayıdıb. Köhnə dövrləri xatırlayanda nostalji hisslər keçirərək belə bəyanatlar verir.

- 15 may hadisələri Azərbaycana nə verdi?
- Azərbaycanın faktiki olaraq Rusiyadan asılılığına son qoyuldu. AXC sədri bir il müddətinə ölkə prezidenti oldu. Azərbaycanda islahatların əsasları hazırlandı, rus qoşunları ölkədən çıxarıldı. Demirəm ki, bütün problemlər həll edildi, amma Azərbaycanın gələcək inkişafı, tam müstəqil dövlət olması üçün xeyli iqtisadi, siyasi və hüquqi əsaslar hazırlanmış oldu.

- “Çevrilişlə hakimiyyətə gələnlər çevrilişlə hakimiyyətdən getməlidir” fikrində məntiq görürsünüzmü?
- Kimsə belə fikir deyə bilər. Amma deyilən fikirlə razı deyiləm. Dünya təcrübəsi göstərir ki, bəzən hakimiyyətə gələnlər uzun müddət iqtidarda olurlar və hakimiyyətdən də sakit şəkildə, çevriliş olmadan gedirlər. AXC sədrinin prezident seçilməsinə gəldikdə, deyim ki, 15 may hadisələrindən əvvəl ölkədə prezident seçkiləri elan olunmuşdu, AXC sədri Əbülfəz Elçibəy prezidentliyə namizəd idi və namizədlər arasında ən yüksək reytinqə malik idi. AXC isə yeganə təşkilat idi ki, bütün Azərbaycanı tam əhatə edirdi. Odur ki, çevrilişlə hakimiyyətə gəlmək ifadəsini qəbul etmirəm. AXC sədri Əbülfəz Elçibəy iyunda keçirilən ədalətli və şəffaf seçkilərin nəticəsində prezident seçildi. 15 maydan sonra 18 mayda Ali Sovetin sessiyası çağırıldı, sədrliyə alternativ namizədlər irəli sürüldü. Məsələn, Ali Sovet sədrliyinə rəhmətlik Heydər Əliyevin namizədliyi irəli sürülmüşdü, İsa Qəmbərin namizədliyi var idi. O dövrün tələblərinə görə, Ali Sovetin sədrliyinə namizədliyi irəli sürülən şəxs özünün rəsmi razılığını bildirməli idi. Həmin dövrdə Naxçıvanla telefon əlaqəsi yaradıldı, mərhum Heydər Əliyevi tapmaq və razılığını almaq mümkün olmadı.

- Heydər Əliyevin razılığı olsaydı, 18 mayda Ali Sovetin sədri seçilə bilərdi?
- 18 mayda mərhum Heydər Əliyevin Ali Sovetin sədrliyinə namizədliyi var idi. Onun namizədliyi bir neçə deputat tərəfindən irəli sürülmüşdü və deputatlar təkid edirdilər ki, Heydər Əliyevin adı bülletenə əlavə olunsun. Hətta Ali Sovetin sessiyasında fasilə elan olundu və Naxçıvanla telefon əlaqəsi yaradıldı. Mərhum Heydər Əliyevlə danışıb onun razılığını almaq mümkün olmadı.

- Siz hakimiyyətə gəldikdən sonra Mütəllibova münasibətiniz necə oldu?
- Səhv etmirəmsə, Respublika Prokurorluğunda Mütəllibov haqqında cinayət işi qaldırılmışdı. Mart ayında Mütəllibov istefa verəndə onun təminatı haqqında ayrıca qanun qəbul edildi. Həmin qanunda Mütəllibova toxunulmazlıq hüququ və digər təminatlar nəzərdə tutulmuşdu. 14 mayda Mütəllibov dövlət çevrilişi edib hakimiyyətə gəldikdən və 15 mayda hakimiyyəti qoyub qaçdıqdan sonra onunla bağlı qəbul edilən qanun ləğv olundu və barəsində cinayət işi qaldırıldı. Bu da faktiki AXC-nin Mütəllibova münasibəti idi.

- Doğurdanmı, siz 26 il əvvəlki kimi indi də hesab edirsiniz ki, Mütəllibov Rusiyanın adamı idi?
- Hesab edirəm ki, o zaman Mütəllibovun Kommunist Partiyasının sədri seçilməsi Moskvanın təsiri idi. Çünki o dövrdə hələ SSRİ mövcud idi. Digər tərəfdən, 15 mayda hakimiyyəti qoyub geri çəkildikdən sonra Moskvaya getdi. Təxminən 20 ilə qədər Moskvada yaşaması, Rusiyanın hakimiyyət orqanlarının himayəsindən istifadə etməsi, deməyə əsas verir ki, Mütəllibov Rusiyaya bağlı şəxs idi. Mən deyə bilmərəm ki, Mütəllibov hansı təşkilatın agentidir. Bunu demək düzgün olmazdı. Amma siyasi cəhətdən Rusiyaya bağlı adam idi.

- Sizcə, Rusiyaya bağlı adam həm də “Rusiyanın agenti” statusunu almış hesab olunur?
Yox, mən hesab edirəm ki, bunlar eyni şey deyil.

- Amma dediniz ki, Mütəllibovun Rusiyanın hansı strukturunun agenti olmasını deyə bilməzsiniz...
- Hansısa strukturlarla əlaqəsi ola bilərdi. Açığı, bu barədə mənim məlumatım yoxdur. Amma apardığı siyasət, qaçdığı yer və uzun müddət istifadə etdiyi himayə deməyə əsas verir ki, Mütəllibov Rusiyaya bağlı adamdır.

- Yeri gəlmişkən, AXC-nin 15 may addımı uğursuz olsaydı, nə baş verəcəkdi?
- Bu hadisənin üzərindən 26 il zaman keçib. İndiki dövrdən oturub onun uğursuz ola bilməsi haqda fərziyyə irəli sürmək doğru deyil. AXC-nin 15 may addımının uğursuz olması ehtimalı çox az idi. Baxmayaraq ki, Mütəllibov hakimiyyətə gəlmişdi, amma hakimiyyəti monolit deyildi. Məhz bu səbəbdən də Ali Sovet iki gün sonra onun hakimiyyətə qayıdışı haqda qərarını ləğv etdi. Üstəlik Mütəllibov hakimiyyətini bərpa etsə də, bütövlükdə hakimiyyəti tam nəzarətə götürə bilməmişdi. Eyni zamanda həmin zaman mitinqçilərə qarşı ordu və polisdən istifadə olunmadı. Bunu da demək lazımdır. Bu mənada 15 may hadisələrində AXC-nin uğursuz olacağı ehtimalı sıfır idi.


Müəllif: Cavad