16 May 2018 21:36
1 308
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda gərgin siyasi vəziyyətin stabilləşməməsi və İrəvanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təzadlı mövqeyi problem ətrafındakı vəziyyəti daha da gərginləşdirir.

Bunu Teleqraf.com-a “Qafqazda Təhlükəsizlik” İnstitutunun direktoru, politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, baş nazir Nikol Paşinyan da, keçmiş həmkarının siyasətinə uyğun olaraq, danışıqları Ermənistanın şərtlərinə uyğunlaşdırmağa cəhd edir:

“Hesab edirəm ki, Ermənistanın yeni hakimiyyəti də Qarabağla bağlı danışıqları sabotaj edir. Qənaətimə görə, Rusiya prezidenti Vladimir Putinlə Soçidəki görüşündə Paşinyan Qarabağla bağlı yeni planını onun diqqətinə çatdırıb. Digər yandan, Ermənistan ordusunun işğal edilmiş Azərbaycan ərazilərində hərbi təlimlərə başlaması da, İrəvanın danışıqlar prosesində geri addım atmaq istəməməsindən qaynaqlanır. Göründüyü kimi, danışıqların dayandırıldığı bir vaxtda Ermənistan Azərbaycana qarşı təxribatla məşğuldur. Münaqişə ətrafında elə bir vəziyyət yaranıb ki, Azərbaycan Ermənistanın təxribatçı addımlarına qarşı adekvat cavab verə bilər. Münaqişənin alovlanması isə ermənilərə baha başa gələcək”.

Məhəmməd Əsədullazadə hesab edir ki, Ermənistan ordusunun təxribatlarına qarşı cavab zərbələri endirilməli, işğalçıların arxadakı müdafiə və hərbi birləşmələri vurulmalıdır: “Necə ki, İsrail öz təhlükəsizliyini təmin etmək üçün İranın Suriyadakı hərbi obyektlərinə zərbələr endirir, Azərbaycan da eyni addımı işğalçıya qarşı ata bilər. Nə Rusiya, nə də Avropa İsrailə qarşı heç bir reaksiya vermədi. Azərbaycanla güc dilində danışmağa çalışan Ermənistanı da cəzalandırmağın vaxtı çatıb”.


Müəllif: Mənsur Rəğbətoğlu