17 May 2018 12:05
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan siyasətində edilən tənqidlərə dözməyən kifayət qədər adam var. Həmin adamlar heç vaxt kənardan edilən tənqidləri qəbul edə bilmirlər. Əli Kərimlinin özü də bu tip adamlardandır.

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev deyib.

Partiya sədri hesab edir ki, Əli Kərimlinin gündəmində tənqiddən başqa heç nə yoxdur:

“30 ilə yaxın bir müddət ərzində Əli Kərimlinin dilindən ancaq tənqid eştmişdim. Elə düşünür ki, onu tənqid etmək olmaz. Çünki dözümsüzdür. Amma özü kimlərisə tənqid edir. Buna görə də prezident seçkilərinə qatılanda heç bir tənqidə yol vermək istəmədim. Yalnız hazırladığım proqram üzərindən çıxış edirdim. Əli Kərimlini də AXCP adına iddia etdiyinə görə tənqid edirdim. Öz səhvini görməyən adamın başqasını tənqid etməsi isə doğru anlaşıla bilməz. Əgər sən siyasətdəsənsə, tənqidlərə açıq olmalısan. Bu baxımdan, Əli Kərimlinin bu düşüncəsini bolşevik təfəkkürü hesab edirəm. Çünki vaxtilə bolşeviklər özlərini tərifləyəndə bunu qəbul edirdilər, tənqid edənləri isə “vətən xaini” elan edib güllələyirdilər. Əgər kimsə XXI əsrin əvvəlində XX əsrin əvvəlinə aid təfəkkürlə yaşayırsa, bu, həmin siyasətçinin Azərbaycan siyasətində sonu deməkdir”.

Razi Nurullayev Əli Kərimlinin bolşeviklərdən də radikal düşüncəyə sahib olduğunu bildirib: “İndi də “Meydan TV”-nin üstünə düşüblər. Bu media qurumu yarandığı gündən indiyədək mənə maksimum iki dəfə yer ayırıb. Buna görə onları bir dəfə də tənqid etməmişəm. Amma indi hansı xarici kanalı açırsansa, orada Əli Kərimli var, orada Cəmil Həsənli var, orada Milli Şura var. Lakin hansısa media qurumu bir dəfə onlara yer verməyəndə, onları “vətən xaini” elan edirlər. Bu, doğru yanaşma deyil. Əgər sən kimisə tənqid edirsənsə, o zaman, sənə ünvalanacaq tənqidlərə də hazır olmalısan. Mən onların düşüncəsini bolşevik təfəkküründən də radikal hesab edirəm”.


Müəllif: Mənsur Rəğbətoğlu