17 May 13:16

Cənub qonşumuz İran son vaxtlar yenə gündəmdədir. Əslində, İran artıq 40 ilə yaxındır ki, beynəlxalq münasibətlərin mərkəzində dayanır. Lakin ABŞ Prezidenti Donald Trampın mayın 8-də İranla imzalanmış nüvə razılaşması sazişindən çıxmasından və ABŞ-ın İsraildəki səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsindən sonra İrana qarşı hansısa formada hərbi əməliyyatların başlanacağı ehtimalı güclənməkdədir.

İranı hədəfə çevirən bir amil də var. Bu da Tehranın Yaxın Şərqdə gedən proseslərdə aktiv rol oynaması ilə bağlıdır. Hesab olunur ki, İran Yaxın Şərqdə ABŞ və İsraillə müttəfiq olan ərəb ölkələrinin daxilində qarışıqlıq yaradır, həmin ölkələrdə öz nüfuzunu günü-gündən artırır. 2017-ci ilin iyun ayında baş verən Qətər böhranında İran ittiham olundu. Fələstin-İsrail münaqişəsinin indiyədək öz həllini tapmamasında həm də İrana bağlı olan “Hizbullah” günahkar sayılır. Bu günlərdə isə Livanda keçirilən parlament seçkisində “Hizbullah” qalib gəlib. Bundan başqa İraqda keçirilən parlament seçkisini də şiə əqidəsinə malik siyasi qüvvələr, dolayısıyla İrana bağlı qüvvələr qazanıb. Həmçinin, İranın Bəhreyn, İraq və Suriyada güclü dayaqlarının olduğu məlumdur. Yəməndə isə 7 ildən artıqdır ki, İranla Səudiyyə Ərəbistanı arasında vəkalət müharibəsi aparılır.

Beynəlxalq münasibətlər üzrə mütəxəssis Nəzakət Məmmədova Teleqraf.com-a açıqlamasında bu istiqamətdə səslənən fikirlərdə həqiqət payının böyük olduğunu bildirib. O qeyd edib ki, mayın 6-da Livanda keçirilən parlament seçkisində “Hizbullah” qalib gəldi:

““Hizbullah”ın qalib gəlməsi İranın Yaxın Şərqdə artıq xeyli dərəcədə möhkəmlənməsi, güclənməsi demək idi. Məhz bu hadisədən iki gün sonra – mayın 8-də Tramp ABŞ-ın İranla imzalanmış nüvə razılaşmasından çıxdığını bəyan etdi. Düzdür, ABŞ prezidenti razılaşmadan çıxacağını daha əvvəl bəyan etmişdi. Ancaq Livanda “Hizbullah”ın qalib gəlməsi Trampın bu addımı atmasını tezləşdirdi. Etiraf etmək lazımdır ki, İranın Yaxın Şərqdə hərbi, kəşfiyyat, diplomatik mövqeləri çox güclüdür. Yaxın Şərqdə ən azı 4-5 ölkə – İraq, Livan, Suriya, Yəmən İranın birbaşa nəzarəti altındadır. Həmçinin, Fələstində Tehranın mövqeləri çox güclüdür”.

N.Məmmədova qeyd edib ki, bu baxımdan İsrail İrana birbaşa hücum edərsə, həmin ölkələrdən də İsrailin özünə hücum edilər:

“İran sadəcə, öz ərazisində müdafiə olunmayacaq. İsrail də bunu yaxşı bilir. ABŞ İranı bombalasa, yaxud İsrail Tehrana, İranın digər şəhərlərinə zərbələr endirsə, İran və onun Yaxın Şərqdəki müttəfiqləri İsrailin özünü darmadağın edərlər. Çünki İsrail ərazi və əhalicə kiçik dövlətdir. Məhz buna görə də İsrail və ABŞ İranın Yaxın Şərqdəki mövqelərini zəiflətmək, onu ordan tam sıxışdırıb çıxarmaq, bundan sonra hərbi əməliyyatları İranın öz ərazisində keçirmək niyyətindədirlər”.


Müəllif: Səxavət Həmid
Загрузка...