17 May 21:25

Ermənistan hakimiyyəti Prezident İlham Əliyevin Azərbaycanın tarixi torpaqları olan İrəvan, Zəngəzur və Göyçə ərazilərinə qayıdışla bağlı səsləndirdiyi fikirlərə siyasi rəy verməyə çalışdı. Amma bütün tarixi mənbələr sübut edir ki, İrəvan, Zəngəzur və Göyçə Azərbaycanın tarixi əraziləridir.

Bunu Teleqraf.com-a açıqlamasında millət vəkili Elman Nəsirli deyib.

Millət vəkilinin sözlərinə görə, Ermənistan hakimiyyəti beynəlxalq ictimaiyyəti belə bir rəyə kökləməyə cəhd edir ki, guya Azərbaycan Ermənistan torpaqlarına göz dikib:

“Halbuki tarixi faktlar, arqumentlər və xəritələr də sübut edir ki, indiki Ermənistanın bütün ərazisi tarixən Azərbaycana məxsus olub. Bütün tarixi mənbələr sübut edir ki, İrəvan, Zəngəzur və Göyçə Azərbaycanın tarixi əraziləridir. İrəvan Cümhuriyyət dönəmində, Zəngəzur və Göyçə isə 1920-ci illərdə Ermənistana verilib. İrəvanın verilməsi çox ciddi, qəliz və mürəkkəb vəziyyətin diktəsi altında, Zəngəzur və Göyçə isə anti-Azərbaycan siyasətinin nəticəsində Ermənistana birləşdirilib. Buna görə də bizim bu məsələlərdə bəlli mövqeyimiz var. Orada yaşamış azərbaycanlıların öz doğma torpaqlarına qayıtmaq hüququ var. Bu, beynəlxalq hüquq normalarına əsaslanır. Bu insanlar orada doğulublar. Azərbaycan Ermənistana qarşı ərazi iddiası irəli sürmür. Ermənistan isə bu məsələləri Azərbaycana qarşı istifadə etməyə cəhd edir”.

Elman Nəsirli qeyd edib ki, Ermənistan Azərbaycanı işğalçı dövlət kimi tanıtmağa çalışır: “Halbuki işğalçı olan Ermənistandır. Dağlıq Qarabağ və digər ərazilərimizi də Ermənistan zəbt edib. Lakin buna baxmayaraq, Ermənistan hakimiyyəti bu məsələlərin həlli ilə bağlı beynəlxalq qətnamələri icra etmir. Bizi narahat edən məsələ budur ki, beynəlxalq ictimaiyyət təcavüzkara təzyiq etmir. Bu da Ermənistanda bir illüziya yaradır ki, onlar Azərbaycanın digər ərazilərini də işğal edə, qətnamələri icra etməyə bilərlər”.


Müəllif: Mənsur Rəğbətoğlu
Загрузка...