19 May 2018 09:12
1 501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda inqilabın qələbə qazanması o demək deyil ki, bu ölkədə siyasi sabitlik bərqərar olacaq, baş nazir Nikol Paşinyan siyasi-iqtisadi isalahatlar həyata keçirib ölkəni inkişafına aparacaq.

Bunu Teleqraf.com-a politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq hesab edir ki, Ermənistan parlamentində çoxluqda olan Serj Sərkisyanın Respublika Partiyası Nikol Paşinyana mane olmağa çalışacaq:

“Qarabağ klanı Paşinyanın zəifləməsini gözləyir. Bir müddət də gözləmə mövqeyində dayanacaqlar. Bu baxımdan hesab edirəm ki, baş vermiş hakimiyyət dəyişikliyi Ermənistan siyasi sabitsizliyin əsasını qoyub. Nikol Paşinyanın korrupsiya içində boğulan Ermənistana rifah gətirə biləcəyini düşünmürəm. O, Mixail Saakaşvilinin ən pis formasıdır.

Digər yandan, Ermənistan Qərb üçün Gürcüstan qədər əhəmiyyətli ölkə deyil. İnqilab eyforiyasına qapılmış xalqın yenidən küçələrə çıxması göstərir ki, Paşinyan Serj Sərkisyanın çəkdiyi xətdən kənara çıxa bilməyəcək. Bu etirazlar Paşinyana olan inamsızlıqdan irəli gəlir.

Yeni hökumətin iqtisadi-siyasi konsepsiyasının olmaması, Rusiyanın bu ölkəyə iqtisadi dəstək verməməsi, həmçinin Qərbin dəstəyindən məhrum olmaq və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qeyri-müəyyənlik Paşinyanın istefasını yaxınlaşdıra bilər”.

Məhəmməd Əsədullazadə hesab edir ki, qarşıdakı 100 gün Nikol Paşinyan üçün sınaq müddəti olacaq: “Əgər verdiyi vədləri yerinə yetirməzsə, Serj Sərkisyan Paşinyana qarşı hücuma keçəcək. Sərkisyan hələlik prosesləri sakitliklə izləyir və Paşinyanın gəlib ondan məsləhət almasını gözləyir. Artıq baş nazirin özü də, Qarabağ məsələsini Sərkisyanla müzakirə edəcə biləcəyini istisna etmir”.


Müəllif: Mənsur Rəğbətoğlu