18 May 2018 20:53
1 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

Radikal müxalifət düşərgəsində qarşılıqlı ittihamlar son günlər daha da şiddətlənib. Belə ki, mayın 9-da Helsinki komissiyası tərəfindən ABŞ Konqresində Azərbaycanla bağlı dinləmələrdə çıxış edən Emin Millinin Əli Kərimli və onun timsalında radikal müxalifət haqqında tənqidi fikirlər işlətməsi, radikal müxalifətin və onun satellit QHT-lərinin “haqqını” və ayrılan qrantları təkbaşına mənimsəmək cəhdi digər “qrantyeyənlərin” ciddi qəzəbinə səbəb olub. Tərəflər arasında sosial şəbəkələrdə qrant uğrunda mübarizə özünü aşkar şəkildə biruzə verir, hətta təhqiramiz şəkil alıb.

Məsələ ilə bağlı Teleqraf.com-a açıqlama verən Strateji Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Ramiz Alıyev bildirib ki, bu gün müxalifət düşərgəsində baş verən qrant savaşı həm də “ana müxalifət” və “mühacir arayışları”nı kimin verməsinin davasıdır:

“Əslində biz hər zaman demişik ki, radikal müxalifət partiyaları, özünü Milli Şura adlandıran dərnəklər və xaricdə oturub lobbilərin və xarici xüsusi xidmət orqanlarının , eyni zamanda Azərbaycan dövlətinə və xalqına düşmən münasibəti bəsləyən “sapı özümüzdən olan baltalar”ın maliyyəsi ilə hərəkət edən “sosial şəbəkə terrorçuları” üçün dövlət, vətən, xalq anlayışı yoxdur. Onlar üçün ən əsas məsələ maliyyə əldə edib onun qarşılığında nə tələb olunsa, sorğu-sualsız onu da icra etməkdir. Bu cür insanlar həqiqətən bütün ölkələr, hətta onlara dəstək verən və maliyyələşdirən təşkilatlar və şəxslər üçün də təhlükəlidir. Bu tip insanlar qeyd edirlər ki, onlar üçün itiriləcək heç nə yoxdur”.

R.Alıyev əlavə edib ki, radikal müxalifət partiyaları bu günə kimi “sosial şəbəkə terrorçuları”ndan yararlanıb guya onları dəstəklədiklərini, eyni siyasi düşüncəyə malik olduqlarını bəyan edirdilər:

“Ancaq hər iki tərəfin son bəyanatlarından məlum oldu ki, burda əsas məsələ siyasi həmfikirlik yox, ayrılan qrantın bölünməsidir. Onlar qrantları da söyüşlər, təhqirlər etdiklərinə görə aldıqlarını artıq özləri bəyan etməkdədirlər. Bu cür “sosial şəbəkə terrorçuları”nı dəstəkləyən müxalifət partiyaları da, onların nümayəndələri də bu adamlarla eyni düşüncəyə malikdirlər və onlarla eyni qrantı bölüşdürüblər”.


Müəllif: Səxavət Həmid