21 May 2018 11:47
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın Şərq və Avrasiya tarixi üzrə beynəlxalq müstəvidə ad qazanmış Prinston Universitetinin professoru Maykl Reynolds mayın 21-25-də “Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılması və sonunun geosiyasəti” mövzusunda Amerika Mərkəzi, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Xəzər Universiteti və Qərbi Kaspi Universitetində ictimai mühazirələrlə çıxış edəcək.

Bu barədə Teleqraf.com-a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata görə, M.Reynolds Azərbaycan Diplomatik Akademiyasında ADR-in 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşları ilə görüşlər keçirəcək və “Azərbaycan demokratiyasının qlobal çərçivədə yaradılmasına baxış” mövzusunda çıxışlar edəcək.

Bakı Dövlət Universiteti professor Reynoldsdan həmçinin universitetdə keçiriləcək “Azərbaycan-100: Şərqin ilk müsəlman parlament respublikası” beynəlxalq konfransda baş məruzəçi qismində iştirakı xahiş edib.

Konfrans mayın 21-23-də Bakı Dövlət Universitetində keçiriləcək. Konfransa beynəlxalq və yerli tarixçilər və dövlət rəsmiləri qatılacaq.

Qeyd edək ki, Prinston Universitetində Yaxın Şərq Tədqiqatları üzrə professor olan Maykl Reynolds Avrasiya tarixi və Amerikanın xarici siyasətinə dair kurslar aparır. O, “Parçalanmış imperiyalar: 1908-1918-ci illərdə Osmanlı və Rusiya imperiyalarının münaqişəsı və dağılması (2011)” kitabının müəllifi, Amerika Tarixi Assosiasiyasının Jorj Luis Beer mükafatının laureatı və “Qafqaz Toplumu: İmperiyalar, xalqlar və dinlər (2015)” kitabının redaktorudur.

Professor Reynolds tarixi tədqiqatla birlikdə müasir Türkiyə, Rusiya, Qafqaz və Amerika xarici siyasətini araşdırır və və bu mövzuda nəşrlər dərc edir. O, Xarici Siyasət Araşdırmalar İnstitutunun baş elmi işçisidir.


Müəllif: Səxavət