22 May 2018 15:30
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Serbiya Prezidenti Aleksandr Vuçiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, spiker görüş zamanı səfərin münasibətlərimizin inkişafında əhəmiyyətli rol oynayacağına inamını bildirib. Qonağın Serbiya prezidenti kimi ölkəmizə ilk rəsmi səfəri çərçivəsində keçirilən görüşlərin və imzalanan sənədlərin əhəmiyyətindən danışan spiker münasibətlərin daha da dərinləşməsi üçün böyük imkanlar olduğunu vurğulayıb. Bildirib ki, dövlət başçılarının mütəmadi görüşləri, aparılan danışıqlar münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə qaldırıb:

“Siyasi dialoqun yüksək səviyyəsi gələcəkdə iqtisadi münasibətlərimizə də öz müsbət təsirini göstərəcəkdir. Bizim ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyadan və keçiriləcək biznes forumlardan gözləntilərimiz böyükdür.

Humanitar-mədəni sahələrdə əməkdaşlığımız təqdirəlayiqdir. Serbiyanın Novı Sad şəhərindəki “Müqəddəs Petka” kilsəsinin və Belqraddakı “Bayraqlı Cami” məscidinin Azərbaycan prezidentinin təşəbbüsü ilə təmir və bərpasını, Belqrad şəhərinin Taş Maydan parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəllərinin ucaldılmasını humanitar əməkdaşlığımızın nümunəsi kimi göstərmək olar”.

Serbiya Prezident Aleksandr Vuçiç ölkəmizə səfərindən, burada gördüklərindən məmnun qaldığını dedi:
“Hər dəfə Bakıya gələndə ölkə paytaxtının necə dəyişdiyinin şahidi oluram. Bütün bunlar ölkə başçısının apardığı siyasətin, görülən işlərin nəticəsidir. Biz Azərbaycanın ölkələrin ərazi bütövlüyü məsələsində tutduğu qəti mövqeyə görə Azərbaycan xalqına və dövlətinə minnətdarıq. Serbiya və Azərbaycan dost ölkələrdir. Ölkələrimiz arasında iqtisadi, ticari münasibətləri dərinləşdirmək günün tələbidir. Beynəlxalq forumlarda və nüfuzlu təşkilatlar çərçivəsində deputatlarımızın mütəmadi görüşlərini əhəmiyyətli hesab edirik. Zənn edirik ki, bu münasibətləri gələcəkdə də inkişaf etdirmək ümumi mənafelərə xidmət edir”.


Müəllif: Cavad