23 May 2018 17:27
1 837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə lirəsinin dollar qarşısında gözlənilməz çöküşü ABŞ-ın prezident Rəcəb Tayyib Ərdoğana qarşı növbəti həmləsidir.

Bunu Teleqraf.com-a politoloq Natiq Miri deyib.

Politoloq iddia edir ki, iyunda keçiriləcək prezident seçkilərinə qalan vaxt azaldıqca Türkiyə siyasətinə kənar müdaxilələrin sayı artacaq:

“Hesab edirəm ki, Türkiyənin maliyyə sektorunda baş verənlər siyasi xarakterlidir və bu, seçkilərdə qalib gəlmək şansı yüksək olan Ərdoğana qarşı yönəlib. Bu ideyanın alternativi yoxdur və seçkilərə hesablanmış müdaxilədir. Bu, birbaşa ABŞ-dan qaynaqlanır. Bu müdaxilə çərçivəsində bank faizlərinin də artırılması tələb olunur. Başqa sözlə, Türkiyə açıq formada təhdid olunur. Əlbəttə, Türkiyə də bu müdaxilə cəhdlərinə qarşı alternativləri dövriyyəyə buraxıb.

Hesab edirəm ki, Türkiyə hökuməti ABŞ, yaxud, Qərbin bu müdaxilələrinin qarşısını ala biləcək. Amma bu dəqiqdir ki, bu maliyyə və iqtisadi həmlələr siyasi xarakterlidir. Hədəfdə isə Rəcəb Tayyib Ərdoğan var. Bununla Ərdoğanı cəmiyyətə bacarıqsız prezident kimi təqdim etməyə çalışırlar. Düşünürəm ki, bu qısamüddətli müdaxilələr effekt verməyəcək. Çox yaxında görəcəyik ki, Türkiyə bu təxribatların qarşısını hansı formada alacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu