26 May 2018 11:28
4 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş SSRİ müdafiə naziri, Bakıda 1990-cı ilin 20 Yanvar qırğınında əli olan Dmitri Yazovun ömürlük həbsi istənilir.

Teleqraf.com xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin 3 il öncə 90 yaşı münasibəti ilə “Şərəf” ordeni təqdim etdiyi general Yazovla bağlı Litvada məhkəmə davası açılıb.

SSRİ ordusunun Əfqanıstana daxil olmasında mühüm rol oynamış Dmitri Yazovun 1991-ci ilin yanvar hadisələrində Litvada baş verənlərə görə məsuliyyətini daşıdığı iddia edilir.

Hazırda Rusiyada yaşayan 93 yaşlı generalın ömürlük həbsi tələb olunur.

Litvanın bəzi siyasətçiləri bu cəzanın çox olduğu, Yazov haqqında 12 il müddətinə həbs qərarı çıxarılmasını vacib sayırlar. Açılan məhkəmə prosesində hadisələr zaman ölən və yaralananların 500-dən çox yaxını iştirak edir. Məhkəmə Dmitri Yazovla bağlı yaxın günlərdə qərar verəcək.

Yazovla bağlı hər hansı həbs hökmü çıxarılarsa, o, Litvaya gəldiyi anda həbs ediləcək. Əgər ömrünün sonuna qədər Rusiyada yaşasa onun həbsi təhlükəsi olmayacaq.

Xatırladaq ki, 1990-cı ilin 11 martında müstəqillik bəyannaməsi yayaraq SSRİ-dən ayrılan ilk ölkə Litva olub. Bunun qarşısını almaq məqsədilə 1991-ci ilin 13 yanvarında SSRİ ordusu Vilnüsə daxil olaraq 14 vətəndaşı qanına qəltan edib.

Həmin dövrdə SSRİ-nin müdafiə naziri general Dmitri Yazov olub.


Müəllif: Cavad