27 May 2018 18:24
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar Əskişəhirdə beynəlxalq konqres keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Əskişəhir valisi Özdəmir Çakacak, Diasporla İş üzrə Dövləti Komitəsi sədrinin müavini Valeh Hacıyev, Anadolu Universitetinin rektoru Naci Gündoğan, Azərbaycanın Türkiyədəki səfirinin müşaviri Nəcibə Nəsibova və xarici ölkələrin Türkiyədəki səfirliklərinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Özdəmir Çakacak cümhuriyyətin yaranmasının 100-cü ildönümü ilə bağlı silsilə tədbirlərin Türkiyə və Azərbaycan prezidentlərinin dəstəyilə keçirildiyini deyib.

“Dövlət başçılarının qərarıyla il ərzində həm Türkiyə, həm də Azərbaycanda silsilə tədbirlər keçiriləcək. Bu tədbirlərin iki qardaş ölkəni biri-birinə daha da yaxınlaşdıracağına inanırıq”.

Vali Türkiyə - Azərbaycan münasibətlərinin “bir millət, iki dövlət” prinsipi üzərində qurulduğunu diqqətə çatdırıb: “Azərbaycan tarixdə ikinci dəfə 1991-ci ildə müstəqil olduqdan sonra böyük uğurlara imza atdı. Bu uğurlarda 100 il əvvəl atılmış addımların da payı böyükdür”.

Nəcibə Nəsibova tədbirin təşkil edilməsi ilə məşğul olmuş hər kəsə təşəkkürünü bildirib, 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti haqqında iştirakçılara məlumat verib.


Müəllif: Mənsur Rəğbətoğlu