28 May 2018 12:49
1 531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlərdə ABŞ rəsmiləri və diplomatları tez-tez Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirirlər. Lakin istər ATƏT-in Minsk qrupunun həmsdəri kimi, istərsə də özünün dövlət maraqları baxımından, ABŞ-ın bu fəallığının planlı şəkildə olduğu inandırıcı görünmür.

Bu sözləri Teleqraf.com-a politoloq Natiq Miri deyib.

Politoloq bildirib ki, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsini öz xarici siyasətində prioritetlərdən biri kimi qəbul etdiyini düşünmək çətindir:

“Bu məsələ daha çox ABŞ-dan gələn təbrik mətnlərində vurğulanır. Hesab edirəm ki, Vaşinqton Qarabağ probleminə bunun Azərbaycan üçün həyati məsələ olduğu üçün diqqət edir. ABŞ bu münaqişənin həll prosesində maraqlı dövlət kimi görünməyə çalışır.

Hesab edirəm ki, bu, diplomatik etikaya uyğun olaraq vurğulanır. Başqa sözlə, ABŞ-ın aktiv formada münaqişənin həll prosesinə girişdiyini demək mümkün deyil. ABŞ tərəfindən danışıqların yenidən aktiv fazaya keçirilməsi istiqamətində addımların atıldığını görmürük.

Düzdür, münaqişənin həll edilməsi ilə bağlı çağırışlar edilir. Bu, dövlət katibi Mayk Pompeonun Respublika günü ilə əlaqədar Azərbaycana ünvanladığı təbrik məktubunda da yer alıb. Lakin ortada konkret təşəbbüs yoxdur.

Hələlik ABŞ-dan münaqişənin həlli ilə bağlı təşəbbüsü Rusiyanın əlindən ala biləcək addımların atıldığını görmürük. Bununla bağlı Amerikanın konkret proqramının olduğuna da inanmıram”.


Müəllif: Mənsur Rəğbətoğlu