22 Aprel 2014 11:12
1 452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dil səhvlərinin yaxşı və pis sonucları

Yabançı sözlərin yanlış tərcümələri mədəniyyətdə bəzən gülməli, bəzənsə faydalı hallar törədir. Yanlış tərcümə aranı qarışdırar da, aranı düzəldər də. Bütün dünyada “Ok” qədər yayılan söz yoxdur. Onun necə yaraması isə dumanlarda it-batdadır. Həta bəzən deyirlər ki, bu sözün soykökü haqqında versiyaların sayı işlənmə variantlarından çıxdır. Bu gün Azərilər ötən yüzillərdən fərqli olaraq yabançı sözləri yabançıların özü kimi söyləyz çilirlər. Ancaq işə bax ki, “o key”də “k”nı “kolxoz” sözündəki kimi yox, “kənd” sözündəki kimi deməklə milli aksenti sezdirirlər (rus aksenti ingiliscədəki “həv”in yerinə “xev”i söyləyən kimi). Ancaq demək istədiyim əsas nəsnə bu deyil. Odur ki, bir versiyaya görə “o key” hansısa yabançı mühacirin səhvindən yaranıb. Belədirsə, bu səhv geniş yayılmaqla Amerikanizmə “Ford” maşınlarından az qulluq etməyib.

Bertran Rasselin bir kitabında “aprikos” (ərik) sözünün yanlışlıqdan doğmuş etimolojisi ilə bağlı ilginc düşüncələr var. O yazmışdı ki, qabaqlar mən bu meyvəni elə-belə yeyirdim. Sonra isə oxudum ki, ərik Avropaya Çindən gəlib. Latınlar həmin meyvəni yaxşı bilmədikləri üçün onu tez yetişməyən anlamını verən “apirkos” (“prikos” tez yetişəndəir) sözü ilə adlandırıblar. Daha sonra Bertran Rassel davam edir: bu səhv etimolojini biləndən sonra həmin meyvəni indi mən alayı ləzzətlə yeyirəm. Rasselin demək istədiyi o idi ki, informasiya, bilgi bizim ləzzət duyğularımızı əyişdirə bilər, hətta dadsızı dadlı edə bilər.
Ancaq yanlış tərcümənin ən dəhşətli örnəyini Maks Veber verib. O yazıb ki, almanlar möminlik missiyası anlamında “çağırış” (“beruf”) sözünü ilk dəfə Bibliyadan, - “Sirahın oğlu İsus” kitabından biliblər.

Martin Lüter o kitabı almancaya çevirəndə orijinalda olmayan mənanı verən “beruf” (“çağırış”, yəni Allah səni nəyə çağırıb) söz variantını seçib. Bundan sonra bütün Protestant dünyasında çağırış başlıca dini ideyalardan birinə çevrilib.

Faydası olmayan yanlış tərcümə

İstərdim bir sözün yanlış tərcüməsinə görə suçumu boynuma alım. 70-ci illərdə Struktur dilçiliklə Azərbaycanda tanışlıq təzə-təzə başlayanda mən diplom işimdə onun bir qolu olan “Aktual üzvlənmə”dən yazmışdım. Elmin adını ruscanın “aktualnoye çlenenie” sözündən götürmüşdüm. Yanlış çevirimə
səbəb “çlen” sözünün gözümə üfürdüyü kül idi. Əslində, bu sözün adi anlamı bölüm, parça, hissədir.

Ancaq Sovet dönəmində “partiya üzvü”, “həmkarlar üzvü” kimi deyimlər “üzv” sözünün bu adi anlamlarını arxa plana çəkib siyasi çalarını qabartmışdı. Partiyanın üzvü, əslində, partiyanın bir parçası demək idi. Siyasi gerçəklik isə üzvlüyü nəsə adi parçadan yuxarı siyasi termin ranqına qaldırmışdı. Ona görə də, artıq, 60-cı illərdə “çlenenie” sözünü parçalanma, bölünmə kimi yox, üzvlənmə kimi çevirirdilər. Halbuki kökündən yanlış çevirim idi. Əgər tərcümədə “üzv” sözünü saxlamaq belə vacib idisə, o zaman gərək “üzvlərə bölünmək” deyiləydi. Bax, 70-ci illərin erkənində diplom işində “aktualnoye çlenenie” nəzəriyyəsini dilimizə çevirmək gərəkəndə mən yanlışa yol verib “aktual üzvlənmə” yazmışdım. Azərbaycanda həmin nəzəriyyə haqqında ilk dəfə bəndəniz yazmışdı. Sonralar gördüm ki, diplom səhvim Akademik elmdə dövriyyəyə düşüb və hətta indi də qalmaqdadır (belə düşünməyimə o əsas verir ki, Kamil Vəli Nərimanoğlu diplom rəhbərim idi və sonralar həmi nəzəriyyədən ilk istifadə edənlərdən idi).

Səhra komandirləri

Mən Çeçen savaşı başlayanda tez-tez “səhra komandirləri” deyiminə rast gəlirdim. Bu sözlə Basayevi, Salman Raduyevi, Arbi Barayevi bildirirdilər.

Beləcə, Çeçen savaşı dilimizi yeni sözü mənimsəməyə zorunlamışdı. Ancaq, axı, səhra rusca “pustınya”dır. “Pole” isə çöl, düzən və s.,- dir. Ona görə də “polevoy komandir”i “səhra komandir”i kimi çevirmək yanlışdır. Hələ onu deməirəm ki Çeçenistanda savaşanlar səhrada yox, çöldə, meşədə
vuruşurdular.

Rus dilində “polevoy komandir” deyimi etnoqrafik araşdırmalardakı “polevoye issledovanie” sözünün biçimində yaradılıb. “Polevoe issledovanie” səhrada aparılmır, elmin, araşdırmanın iç məkanı olan institutlardan, kabinetlərdən dişarıda aparılır. “Çol komandirləri” də elədir: onlar kazarmada, cəbhə xətiində yerləşən hərbi güclərdən çöldə, yəni düzənlərdə, meşələrdə, dağlarda döyüş aparırlar. Ona görə də bizim jurnalistlərə, araşdırıcılara bir məsləhət: “səhra komandiri” yox, “çöl komandiri”, “səhra tədqiqatları” yox, “çöl araşdırmaları” yazmaq düz olar.


Müəllif: Niyazi Mehdi