6 İyul 2016 11:58

“Təhsil sistemində korrupsiya və digər neqativ hallarla mübarizə çərçivəsində ötən il nazirliyin onlarla əməkdaşı cəzalandırılıb”.


Teleqraf.com xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin 2015-ci ildə görülmüş işlərə dair yekun hesabatında məlumat verilib.

Hesabatda bildirilib ki, bu iş iki istiqamətdə - birincisi, ayrı-ayrı faktlar barədə müvafiq araşdırmaların aparılması və ikincisi, neqativ halların baş verməsinə şərait yaradan amillərin aradan qaldırılması istiqamətində aparılır.

Ötən ildə 7 cinayət əlaməti olan fakt üzrə materiallar prokurorluq orqanlarına göndərilib, vətəndaşların şikayətlərində göstərilən hallar təsdiqləndiyi üçün 21 nəfər vəzifəli şəxs tutduğu vəzifədən azad edilib, 41 nəfər barəsində müxtəlif intizam tənbehi tədbirləri tətbiq edilib.

Korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılmasına sistemli yanaşma tətbiq edilərək müəllimlərin və məktəb direktorlarının mərkəzləşdirilmiş qaydada işə qəbulu, 1-ci sinfə uşaqların elektron qəbulu, ali təhsil müəssisələri diplomlarının elektron bazasının yaradılması sahəsində effektiv sistem yaradılıb.

Hesabatda o da qeyd edilib ki, cari ildə Təhsil Nazirliyi tərəfindən 9 ümumtəhsil məktəbi tikilib istifadəyə verilib, 1 ümumtəhsil, 1 internat, 2 orta ixtisas, 1 ali təhsili müəssisəsi əsaslı təmir edilib.

Hazırda 23 təhsil müəssisəsində əsaslı tikinti və təmir işləri davam etməkdədir. 72 təhsil müəssisəsində cari təmir işləri, 1 təhsil müəssisəsində abadlaşdırma işləri və 112 təhsil müəssisəsində kommunikasiya işləri başa çatdırılıb, 12 təhsil müəssisəsi qazlaşdırııb. Təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının təkmilləşdirilməsi istiqamətində 50 məktəbdə müasir laboratoriya yaradılmış və tam təchiz edilib.

İlhanə ƏBÜLFƏT


Müəllif:
Загрузка...