8 İyul 2016 17:43
1 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Daxili İşlər Nazirliyində 2016-cı ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, iclası açan Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib ki, dünyada və onun ayrı-ayrı regionlarında mövcud siyasi gərginliklərə, iqtisadi böhrana baxmayaraq, ölkəmizdə uğurla davam etdirilən hərtərəfli islahatlarda və quruculuq işlərində yaxından iştirak edən daxili işlər orqanları tərəfindən respublikada ictimai asayiş və təhlükəsizlik 2016-cı ilin 6 ayında da etibarlı qorunub: “Cinayətkarlığın dinamikasında və strukturunda müşahidə olunan müsbət təmayüllər davam edib, cinayətlərin qarşısının alınması, açılması, istintaqı, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində digər hüquq mühafizə strukturları ilə birgə həyata keçirilən kompleks tədbirlər müsbət nəticələr verib, kriminogen durum nəzarətdə saxlanılıb”.

Nazirin sözlərinə görə, daxili işlər orqanları və Daxili Qoşunlar digər hüquq mühafizə, xüsusi xidmət strukturları ilə qarşılıqlı əlaqədə respublikanın müxtəlif yerlərində keçirilmiş yüzlərlə kütləvi və beynəlxalq tədbirdə, o cümlədən “Formula - 1 Avropa Qran-Pri” yarışlarında asayişin və təhlükəsizliyin təmini sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetiriblər. Ramil Usubov qeyd edib ki, şəxsi heyətin gərgin əməyi dövlətimizin başçısı tərəfindən növbəti dəfə yüksək qiymətləndirilərək bir qrup əməkdaş dövlət mükafatları ilə təltif olunub, ali xüsusi rütbələrə layiq görülüb.

Məruzədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində daim təkmilləşən və inkişaf edən Daxili Qoşunlarda xidməti-döyüş hazırlığının və səfərbərliyin yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi, maddi-texniki təchizatın və şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlərin planlı şəkildə davam etdirildiyi nəzərə çatdırılıb.

Vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində ölkə Prezidentinin qarşıya qoyduğu proqram vəzifələrin və zəruri təşkilati-əməli tədbirlərin DİN rəhbərliyinin, xüsusən daxili işlər nazirinin şəxsi nəzarəti altında cari ilin birinci yarısında da yerinə yetirildiyi, hesabat dövründə 3 mindən çox, o cümlədən qabaqcadan təsdiqlənmiş cədvəl əsasında respublikanın ayrı-ayrı bölgələrində 2849 vətəndaşın qəbul edildiyi, qaldırılan məsələlərin əksəriyyətinin yerində həll olunduğu vurğulanıb.

Polis general-leytenantı Vilayət Eyvazov dövlət başçısının diqqət və qayğısı sayəsində şəxsi heyətin yüksək tələblərə cavab verən şəraitdə xidmətinin təşkili, peşə hazırlığının artırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, infrastrukturun təkmilləşdirilməsi ilə bağlı görülən işlər barədə də ətraflı məlumat verib.

Məruzə ətrafı çıxışlarda nazirliyin ayrı-ayrı strukturların, şəhər, rayon polis orqanlarının rəisləri görülmüş işlər, mövcud nöqsanların aradan qaldırılması üzrə qarşıda duran vəzifələr barədə məlumat veriblər.

İclasa yekun vuran nazir Ramil Usubov hesabat dövründə əməliyyat-xidməti fəaliyyətin bütövlükdə qənaətbəxş olduğunu, qanunla müəyyən edilmiş vəzifələrin layiqincə yerinə yetirildiyini, habelə cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşların və hərbi qulluqçuların yüksək peşəkarlığı ilə fərqləndiyini, eləcə də digər hüquq-mühafizə orqanları ilə birgə ölkədə daxili sabitliyin və asayişin qorunması işinin hazırda da uğurla davam etdirildiyini bildirib.

Cinayətkarlığa qarşı mübarizə və ictimai qaydanın qorunmasında şəxsi heyətin fəaliyyətini ümumilikdə qənaətbəxş hesab edən nazir bununla yanaşı, kollegiya iştirakçılarının diqqətini həlli vacib olan məsələlərə yönəldib, tapşırıq və tövsiyələrini verib.

Daxili işlər naziri deyib ki, daxili işlər orqanlarının əməliyyat-xidməti fəaliyyətində olan nöqsan və çatışmazlıqlar qısa müddətdə aradan qaldırılmalı, cinayətkarlığa qarşı mübarizədə əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi ciddi nəzarətdə saxlanılmalı, şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində tədbirlərin görülməsi davam etdirilməlidir.

Nazir əmin olduğunu bildirib ki, şəxsi heyət cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələri, eləcə də ölkədə hüquq qaydasının və qanunçuluğun möhkəmləndirilməsi, əməliyyat-xidməti fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əmr və göstərişlərini tam yerinə yetirəcək, sabitliyin, əmin-amanlığın, dövlətin, hüquqi və fiziki şəxslərin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında qüvvə və bacarığını əsirgəməyəcək.

Hacı Zeynalov


Müəllif: